Şrift:
Prezident: Biz heç kimin diktəsi ilə oturub durmayacağıq
17.12.2014 [12:39] - Gündəm, Siyasət
Dekabrın 16-da Sabirabaddakı Heydər Əliyev Mərkəzində ASAN könüllülərinin I ümumrespublika forumu keçirilib. Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak edib, nitq söyləyib. “Media forum” saytı AzərTAc-a istinadla dövlət başçısının çıxışını ixtisarla təqdim edir:

- Şadam ki, artıq “ASAN xidmət”in böyük könüllülər dəstəsi var. “ASAN xidmət” cəmi iki ilə yaxındır fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü “ASAN xidmət”də işləyib, təcrübə toplayıb və ümumi işimizə öz töhfəsini verib. Hazırda 500 könüllü bizim mərkəzlərdə çalışır və beləliklə, gözəl bir gənc nəsil yetişir. Gənclərimiz bizim gələcəyimizdir. Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır, təqdirəlayiq hadisədir. Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır.

“ASAN xidmət” iki ilə yaxındır yaradılıb. İki il ərzində böyük və uğurlu yol keçib. Bu müddət ərzində 3 milyon 500 min müraciət olub, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər verilib. Yəni bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olub və deyə bilərəm ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərib və biz intellektual məhsulun yaradılmasına nail ola bilmişik. Bu müddət ərzində artıq 7 “ASAN xidmət” mərkəzi tikilib, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlayıb.

Eyni zamanda vətəndaşlara səyyar xidmət də göstərilir və bu məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus gətirilib və ən müasir avadanlıqla təchiz edilib. Artıq bu bizə imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz xidmət göstərək. Hazırda digər bölgələrdə mərkəzlər tikilir - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda, Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə veriləcək.

Düşünülmüş siyasət, hər bir istiqamət üzrə düzgün strategiyanın seçilməsi və hər bir istiqamət üzrə düzgün addımların planlaşdırılması nəticəsində bu gün Azərbaycan dünya miqyasında uğurlu model kimi artıq tanınır. Siz də yaxşı bilirsiniz ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanda olarkən “ASAN xidmət”in fəaliyyəti ilə tanış olurlar və ondan sonra mənə deyirlər ki, onlar gözləmirdilər Azərbaycanda bu səviyyədə xidmət göstərilə bilər. Eyni zamanda onu da vurğulayırlar ki, yaxşı olar, bütün başqa ölkələrdə bu cür xidmətlər yaradılsın. Biz isə öz növbəmizdə bu layihənin başqa ölkələrdə həyata keçirilməsi üçün yardımımızı göstərməyə hazırıq. Mən bunu bir neçə dəfə demişəm, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir və biz hazırda nəinki neft-qaz resurslarımızı, artıq intellektual məhsulumuzu ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac var.

Beynəlxalq təşkilatlar bu xidməti yüksək qiymətləndirirlər. Bu bizi sevindirir. Ancaq mənim üçün əsas məsələ Azərbaycan xalqının bu xidmətə olan münasibətidir. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu xidməti bəyənir, dəstəkləyir, təqdirlə yanaşır və mənə ünvanlanan çoxsaylı məktublarda öz fikirlərini ifadə edir və statistik göstəricilərimiz də belədir ki, müraciət edənlərin mütləq əksəriyyətinin istəkləri, tələbləri yerinə yetirilir.

Azərbaycan bu gün inamla irəliləyir. Azərbaycan müasir dövlətdir. Müasir dövlətə xas olan bütün atributlar Azərbaycanda var. Biz nəinki başqa inkişaf etmiş ölkələrin təcrübəsini öyrənirik və əgər bizə yararlıdırsa tətbiq edirik, eyni zamanda özümüz təşəbbüs göstərərək dünyada gedən proseslərə təsirimizi göstəririk. Ona görə Azərbaycan xalqının bu xidmətə olan münasibəti həm mənim üçün, həm də sizin üçün ən böyük mükafatdır.

“ASAN xidmət”i yaradanda biz qarşımıza bir neçə məqsəd qoymuşduq. Onların hamısı bizim üçün vacibdir. Onların reallaşması ölkəmizi daha da sürətlə inkişaf etdirməyə imkan verəcək. İlk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə “ASAN xidmət” vasitəsilə müsbət həllini tapmaqdadır. Biz bu təcrübəni bütün başqa sahələrdə də tətbiq etməliyik ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılsın. Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək üçün böyük səylər göstərir. Ancaq biz görürdük ki, bəzi hallarda cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda sistem xarakterli, institusional tədbirlərin görülməsinə də böyük ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq və “ASAN xidmət” burada nadir bir vasitədir. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq yoxdur və bu onu deməyə əsas verir ki, hər bir sahədə belə bir sistem yarana bilər.

“ASAN xidmət”in təcrübəsi indi başqa sahələrə köçürülür, orada da tətbiq ediləcək. Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz. Eyni zamanda hər bir ölkənin uğurlu inkişafı üçün gərək cəmiyyət də aparılan siyasətə dəstək, xalqla iqtidar arasında birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün, əlbəttə ki, insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni zamanda cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu məqsədə çatmaq üçün bundan sonra da öz səylərimizi göstərəcəyik.

Gənc, müstəqil dövlət olduğumuza baxmayaraq, biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu il Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmişik. Azərbaycanın çox böyük beynəlxalq nüfuzu var. Etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın güclü iqtisadi dayaqları, güclü ordusu var. Ordumuz bu gün dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, iqtisadi və siyasi vəziyyət sabitdir. Amma bizim ətrafımızda hər tərəf, demək olar ki, qaynayır, alovlanır, qanlı toqquşmalar, müharibələr, böhranlar hökm sürür.

İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır.

Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır. Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir.

Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin.
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed