Şrift:
Azərbaycan ziyalılarının Rusiya Türklərinin birləşməsində oynadığı rol (I hissə)
18.12.2014 [11:28] - Türk dünyası-Turan, DAVAMın yazıları
Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işgal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq… Yüz il ərzində biz hökumətin şiddətli hücumlarına məruz qalmışıq… Ölkəmiz istila edilən kimi dərhal milli varlıgımıza təcavüz edildi… Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərə keçirildiklərini görmüşük, biz hamilə qadınların qarnına saplanan xəncərlərin açdıgı yaralardan uşaq əllərinin bayıra sallandıgının şahidi olmuşuq. Qoy… dəlik-deşik edilən cəsədlərdən, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar”.
1905-ci il iyunun 12-də Rusiya Dövlət Dumasında Azərbaycan millət vəkili İsmayıl xan Ziyadxanovun çıxışından.

Giriş

XIX əsrin sonu - XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər dövrüdür. Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid burjuaziya cəmiyyətinin formalaşması, siyasi partiyaların yaranması, proletariatın - fəhlələrin adından çıxış edən ictimai qüvvə və qruplar tərəfındən siyasi partiya təşkilatların yaranması - bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir.

XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. İslahatla bağlı inkişafın yaratdığı bütün ziddiyyətlər (siyasi, sosial, iqtisadi) ən yüksək səviyyəyə çatdı. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi. Böhran müvəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axınını dayandırdı.

1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan etdi. Çar hökuməti müharibənin siyasi mövqeyini möhkəmləndirməkdə və inqilabın qarşısını almaqda ona kömək edəcəyini düşünürdü. Müharibədəki məğlubiyyətdən sonra cəmiyyətdəki böhran daha da dərinləşdi.

1905-ci il sentyabrın 19-da (2 oktyabr) Moskvada başlayaraq 1.700.000 nəfərin iştirakı ilə bütün Rusiyanı bürüyən tətil hərəkatı artıq 1907–ci ilə qədər inqilaba çevrildi. Rusiyanı bürüyən bu inqilabi hərəkatdan təşvişə düşən çar II Nikolay və saray əyanları vəziyyətin ciddi olduğunu artıq başa düşürdülər. Vəziyyətin gündən-günə pisləşdiyini görən çar II Nikolay nazirlərindən qraf Vittenin tövsiyəsilə “Azadlıq manifesti” elan etmək məcburiyyətində qaldı. Manifestdə çar şəxsiyyət toxunulmazlığı, fikir, söz, toplantı və cəmiyyətlər yaratmaq azadlığı kimi həqiqi prinsiplərə əsaslanaraq vətəndaşlıq azadlığının ayrılmaz hissələrini xalqa bağışlamağı; indiyə qədər seçki hüququ olmayan xalqa, qanunun təyin etdiyi çərçivədə, ümumi seçki hüququ verilərək təyin edilən müddət ərzində, ən qısa zamanda “1905-ci il 6 avqust qanunu” ilə Dövlət Duması və Dövlət Şurası seçkilərinin aparılmasını; heç bir qanunun Dövlət Dumasının razılığı olmadan qüvvəyə minməməsi üsulunun pozulmaz bir əsas olaraq qəbul edilməsi və çar tərəfindən təyin olunan hökumətlərin fəaliyyətinə nəzarət edilməsinə seçki yolu ilə xalqın da iştirak etməsinin mümkün olması... kimi hüquqların verilməsini bəyan etdi. ( 1) Manifest məhkum xalqlara (130 milyonluq əhaliyə) o cümlədən, türklərə, ukraynalılara, beloruslara, gürcülərə, yəhudilərə və başqa xalqlara heç bir yenilik vəd etmirdi. 1899-cu il qanununa əsasən türklərin dövlət idarələrində çalışmasının qadağan edilməsi, manifestdə yenə də olduğu kimi qalırdı. 1899-cu il qanununa əsasən başqa millətlərin (Sibirdə yaşayan bir neçə xalq; Arxangelsk vilayətindəki eskimoslar; Stavropol vilayətindəki köçərilər; kalmıklar; qırğızlar; Kazan və Türkistan xalqları; Azərbaycan türkləri və Qafqazda yaşayan müsəlmanlar; yəhudilər) dövlət idarələrində çalışması və əsgəri xidmətə çagrılması qadağan olunmuşdu. 1905-ci ilə qədər rus çarının məhkum türk xalqlarına qarşı apardığı siyasət bu qanunla tənzimlənirdi. (2)

17 oktyabr manifesti Rusiyada siyasi partiyaların yaranmasının və bir sıra azadlıqların alınmasının rəsmi şəkildə təsbiti oldugu üçün Rusiya müsəlmanları bu manifestin imkan verdiyi bütün siyasi hüquqlardan yararlanmaq fürsəti əldə etdilər. Bununla bərabər çar II Nikolay 1905-ci ilin dekabr ayının 11-də Dövlət Dumasının çağrılması haqqında fərman elan etdi. Bu fərmanla Qafqaz müsəlmanları da Dumada iştirak etmək haqqı qazandı. Bundan istifadə edən Rusiya türkləri milli haqlarını müdafiə etmək, müstəmləkəçiliyin gətirdiyi əsarətin, köləliyin vurduğu zərbələrin qarşısını almaq məqsədilə təşkilatlanmaga başladılar. Bu zaman Azərbaycan mətbuatında xalqı oyanışa, birləşməyə çağıran yazılar dərc olunur, bu inqilabdan haqq və hüquq mübarizəsində mümkün qədər çox şey əldə etmək lazım olduğu fikri irəli sürülürdü. Əli bəy Hüseynzadənin nəşr etdiyi “Həyat” qəzeti yazırdı: “Əgər biz irəliləmək və həyati varlığa sahib bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim mütərəqqi idealımız, həyatımızın yaxşılaşması istiqamətində olan arzumuz İslam qanunlarına bağlı olaraq əldə edilə bilər”. (3) “Kaspi” qəzetində isə Əhməd bəy Ağayev yazırdı: “Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar”. (4)

Rusiya müsəlmanlarının hüquqlarının müdafiəsi, təşkilatlanması iki istiqamətdə - Rusiya Dövlət Dumasının Müsəlman Fraksiyasının fəaliyyəti əsasında və Rusiya müsəlmanları İttifaqının rəhbərliyi altında getmişdir. 1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal hərəkatının sülhpərvər, leqal üsullarından - kollektiv müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə görüşlərdən istifadə edirdilər. Martın 15-də H.Z.Tağıyevin sarayında burjuaziya və ziyalıların nümayəndələrinin müşavirəsi keçirildi. Müşavirədə Qafqazda islahatların keçirilməsinin vacibliyi məsələsi müzakirə edildi. Müsəlmanlara qoyulan qadağaların göstərildiyi kollektiv müraciət tərtib edildi. Bu müraciət çar hökumətinə Azərbaycan tərəfındən verilən ilk proqram sənəd idi.

Bu müraciət sadəcə tələblərdən ibarət olmayıb “Ümumi milli haqq istəyi” şəklində əsaslandırılmış memorandum mahiyyətində yazılmışdır. Layihənin hazırlanmasında Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevin çox böyük rolu olmuşdur. Müraciətdə əksini tapmış tələblər: Müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, müsəlmanlar üçün qanunla və fərmanlarla təsdiq olunan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Rusiyada seçkilər əsasında təsis olunacaq qanunverici məclislərin, idarə müəssisələrinin hamısında azad şəkildə seçilmiş müsəlman nümayəndələri ruslarla eyni hüquqa malik olmalıdırlar; müsəlmanlara öz problemlərini həll etmək ixtiyarı verilməlidir; dövlət və ya ictimai idarələrdə öz istəklərinə uyğun olaraq çalışmaq və ölkənin müxtəlif yerlərində istədikləri sənətlərə yiyələnmək hüququ əldə etməlidirlər. Onlara ölkənin hər yerində azad yaşamaq hüququ verilməli; mülkə hər yerdə malik ola bilmək; hər yerdə ticarətin bütün növü ilə məşğul olmaq; nigah və miras kimi ailə məsələlərində İslam şəriətinin qanunlarına hər zaman əməl etmək hüququ müsəlmanların ixtiyarına verilməlidir. Azad din hüququ ilə bərabər, hər yerdə, hər zaman bütün dini vergiləri azad ala bilmək hüququ; bütün ruhanilərin, müftilərin, şeyxülislamların, məhəllə ruhanilərinin xalq tərəfindən təyin edilməsi, seçilməsi hüququ müsəlmanlara verilməlidir; ruhani idarələrinə daxili işlər nazirliyi deyil, xalq özü nəzarət etməlidir; xarici ölkələrdə ilahiyyat təhsili almış şəxslərə də ruhani idarələrində işləmək hüququ verilməlidir; ruhaniçilik üçün rus dilini bilmək məcburiyyəti aradan qaldırılmalıdır; Qafqazın bütün vilayətlərində, nahiyələrində dini məclislər təşkil edilməli və bu məclislər Tiflis ruhani idarəsinə tabe olmalıdır. Məscidlərin və müqəddəs yerlərin qəsb edilmiş vəqfləri (keçmişdə məscidlərə və dini idarələrə bağışlanan, verilən yer və ya əmlak) geri qaytarılmalı, onların idarəsi, bütün təsərrüfatı müsəlmanlardan seçilmiş müdirlərin ixtiyarına verilməlidir. İbtidai tərbiyə ümumi, məcburi, pulsuz olmalıdır. Qafqaz müsəlmanlarına bütün məktəblərdə, mədrəsələrdə xalqın təlim-tərbiyəsinə nəzarət etmək hüququ verilməlidir; məktəblərdə, mədrəsələrdə ilahiyyat, ana dili, milli ədəbiyyat, milli tarix dərsinin tədris edilməsinə icazə verilməlidir; bütün dərsləri milli dildə olmaq şərti ilə hər növ məktəbi təsis etmək işində müsəlmanlar tam azadlığa yanaşı böyük hüquqlar əldə etməlidirlər; mədrəsələr, dini və ya ali məktəblər təsis edib öz istəklərinə əsasən müəllimlərini dəvət edə bilmə hüququ, mətbuat azadlığı əsasında bütün dillərdə kitab, qəzet, jurnal nəşr etmək, bunların hər biri ilə ticarət etmək hüququ, kitabxanalar açmaq, xalq auditoriyaları təsis etmək hüququ, ümumiyyətlə, həm xeyriyyəçilik, həm maarif müəssisələri təsis etmək hüququ hər yerdə, hər zaman müsəlmanlara həvalə olunmalıdır. Təhkimçilik rejiminin bugünkü qalıqlarını ləğv edib, torpaqların kəndlilərə satılması hökumətin qərarları ilə həyata keçirilməlidir, kənd təsərrüfatı bankları təsis edilməli, istifadəsiz qalan dövlət torpaqları torpaqsız və ya az torpaqlı əkinçilərə verilməli, Qafqaza rus kəndlilərinin köçürülməsinin qarşısı tamamilə alınmalı, Qafqaz müsəlmanlarının qışlaq, yaylaq yerləri, meşə və su kimi ehtiyacları təmin edilməlidir. Dağıstan və Şimali Qafqaz dağlı xalqları üçün 1900-cü il iyulun 12-də çıxarılan və bu xalqların bütün torpaqlarının xəzinə malı sayılmasına dair qanun ləğv olunmalıdır. Bugünkü ağır vergiləri mümkün qədər yüngülləşdirmək; hər növ vergiləri yerin xüsusiyyətlərinə, xalqın imkanına görə almaq; vergilərin miqdarını, məsrəflərini təyin edərkən müsəlman vəkilləri də hər zaman dəvət olunmalıdır. Fabriklərdə, zavodlarda, emalatxanalarda işləyən işçilərin güzəranlarını, həyat şəraitlərini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər və bütün qanunlar müsəlman işçilərinə də şamil edilməlidir. Bütün işçilərin hüquqlarını himayə edə biləcək qanunları yerinə yetirmək, həyatlarını qorumaq üçün dövlət sığortası təşkilatı yaradılmalıdır. Qafqazda andlı hakimlər məhkəməsi, seçilmiş sülh hakimləri təsis edilib, sülh məhkəmələrinin prosesini xalqın dili ilə (türkcə) icra etmək ixtiyarı verilməlidir. Dövlətin daxili vilayətlərində “zemstva” (məhəlli idarə) idarələri hansı üsulda təsis ediləcəksə, Qafqaz müsəlmanlarına da o üsulda tam səlahiyyətli “zemstva” idarələri təsis edilməlidir. Şəhər idarələrində islahat aparılaraq bu idarələr dövlət inzibati idarəsinin müdaxiləsindən azad edilməlidir. Din, söz, mətbuat, yığıncaq, şirkət azadlığı, ərazi, şəxsiyyət toxunulmazlığını himayə məqsədilə həyata keçirilmiş və ya keçiriləcək bütün tədbirlər və qanunlar müsəlmanlara da şamil edilməlidir. Qafqaz müsəlmanlarının ərazi ehtiyaclarına dair həyata keçiriləcək bütün qanunlar və bütün tədbirlər Tiflisdə müsəlman vəkillərinin iştirakı ilə müzakirə edilib, həll olunmalıdır. Bu il 18 fevral fərmanı ilə keçiriləcək müzakirə məclisinə Qafqaz müsəlmanlarından da vəkillər dəvət edilməlidir. (5) Beləliklə Layihədə göstərilirdi ki, müsəlmanların həyatı cəmiyyətdə olduğu kimi iqtisadiyyatda da sıxışdırılmışdır. Şəhər məclisinə nümayəndələr seçkisinə məhdudiyyətlər qoyulmuşdur. Mülki və hərbi idarələrdə yüksək vəzifələrdə çaşılmalarına, orta və ya ali təhsilli müsəlmanların arzu etdikləri sənəti seçmələrinə, pedaqoji sahədə çalışmalarına, müsəlman olan tələbələrin dövlət təqaüdündən istifadə edə bilmələrinə icazə verilmir. Rus tacirlərinə verilən hüquqlar türk tacirlərinə verilməmişdir. Uşaqların ana dilində təhsil almalarına izn verilmir. Ana dilində qəzet, jurnal, kitab nəşr etdirmək hüququndan məhrum olmaq və başqa bu kimi istəklər öz əksini tapmışdır. Müraciətdə 1864-cü ildə Qafqaz üçün hazırlanan məhkəmə quruluşu nizamnaməsinin artıq zamanın tələblərinə cavab vermədiyi göstərilirdi. Qeyd olunurdu ki, müsəlmanların adət və ənənələrini yaxşı bilən hakimlər, o cümlədən mülki işlər üzrə hakimlər yerli adamlardan seçki yolu ilə seçilsin. Müraciətdə Qafqazda yerli idarələrin yaradılması və bu idarələrin tam mənasında inzibati idarənin müdaxiləsi olmadan müstəqil olması, müsəlman xalqı üçün yerli idarədə heç bir məhdudiyyət qoyulmaması, Qafqaz müsəlmanlarına şəxsiyyət və ərazi toxunulmazlığı, fikir, söz, mətbuat azadlığı verilməsi və bunlara qarşı duran bütün qanunların ləğv edilməsi tələb olunurdu. Layihədə kəndli məsələsinə də toxunulurdu. Torpaqsız və az torpaqları kəndlilərə torpaq verilməsi və vergilərin yerli şəraitə görə ədalətli olaraq təyin edilməsini istəyən azərbaycan ziyalılar hansı torpaqların paylanması və nə miqdarda verilməsini də göstərirdilər. Kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və yüksəldilməsi məsələsi üzərində israrla dururdular.

Müraciətdə Qafqazda zemstvoların (tərkibində çox hissəsi zadəganlardan ibarət olan seçkili yerli idarə) tətbiqinin, andlı iclasçılar məhkəməsinin yaradılmasının, müsəlmanların hüquqlarının rus zadəgan və tacirləri ilə eyniləşdirilməsinin, aztorpaqlı və torpaqsız kəndlilərə torpaq verilməsinin vacibliyi və s. məsələlər mühüm yer tuturdu. Müraciətdə çarizmin müstəmləkə siyasətinə qarşı qəti etiraz ifadə olunurdu. Azərbaycan ziyalılarının Qafqaz müsəlmanları adı ilə tərtib etdikləri bu tələblər tezliklə Rusiya müsəlmanlarının Rusiya müstəmləkəçilik hərəkatına qarşı mübarizəsinin ideyalarına və Rusiya Müsəlmanları İttifaqının əsas proqram müddəalarına çevrilmişdir. Bu məqsədlə Rusiya imperiyasında yaşayan müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və onların siyasi cəhətdən təşkilatlanması ideyası da Bakı müşavirəsində müzakirə olunmuş, həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və tatar ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim Əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı "İttifaqi-Müslimin" (Ümumrusiya Müsəlmanlar İttifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər. Cəmi 4 aydan sonra, 1905-ci il 15 avqustda Nijni-Novqorod şəhərində yarmarka vaxtı, hökumətin rəsmi razılığı olmadan, 150 nəfər nümayəndənin iştirakı ilə Ümumrusiya Müsəlmanlarının I Qurultayı keçirildi. Qurultayda Rusiyanın müsəlman əhalisinin müxtəlif zümrələri (əsasən burjuaziya və ziyalılar) təmsil olunmuşdu. Çıxışlarda, əsasən, «Rusiyanın bütün müsəlmanlarını birləşməyə», müsəlman burjuaziyasının hüquqlarının rus buıjuaziyasının hüququları ilə eyniləşdirilməyə, müsəlmanlara münasibətdə sıxışdırmaları və hüquq bərabərsizliyini aradan qaldırmağa səsləyən, «müsəlmanların doğma dillərində məktəblərin açılmasını, kitab və qəzetlərin buraxılmasını tələb edən» çağırışlar səslənirdi. Qurultayda türk xalqlarının türkçülük və müsəlmançılıq əsasında birləşdirilməsinin vacibliyi qeyd olundu. Bununla yanaşı “Müsəlman İttifaqı” adlanan qurumun yaradılması qərara alındı.

Bir sıra müəlliflər qurultay təşəbbüsünün İ.B.Qaspralı və Q.İbrahimova məxsus oldugunu yazır. (6) Əlimərdan bəy isə öz tərcümeyi-halında Rusiya müsəlmanları qurultayının keçirilməsi ideyasının ona məxsus oldugunu, 1905-ci ilin aprel–may aylarında keçirilmiş Peterburq görüşündə razılıq əldə edildikdən sonra bu qurultayın keçirilməsi məqsədilə müsəlman xadimlərinə məktublar göndərdiyini yazır. (7) Avqustun 10-dan başlayaraq Rusiya müsəlmanlarının birinci qurultayına dəvət almış Qafqaz, Krım, Kazan,Volqaboyu,Türküstan və İdil-Uralın türk aydınları, varlı şəxsləri və dini xadimləri Nijni-Novqoroda gəlirdilər. Qurultayın bütün hazırlıq işlərinə Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı, Yusif Akçura, Rəşid Əfəndi İbrahimov, Musa Biqiyev rəhbərlik edirdi. (8) Tədbirin keçirilməsi ilə baglı təşkilati işlərdə Fatih Kərimi, Səid-Girey Alkın, Abdulla Apanay fəal iştirak edirdilər. Qurultayın keçirilməsi ilə baglı Nijni-Novqorod valiliyinə Ufa tatarı Absuqud Axtyamovun iki dəfə - avqustun 8-də və 14-də etdiyi müraciətə rədd cavabı verilmişdi. Rusiya hökuməti müsəlmanlarının birləşməsindən qorxaraq Nijni-Novqorodda qurultay keçirilməsinin qarşısının alınması haqqında qubernatora təlimat göndərmişdi. Avqustun 15-də Rusiya müsəlmanlarının ilk qurultayı Oka çayı üzərində “Gustav Struve” gəmisində işə başladı. Rusiya müsəlmanlarının birinci qurultayı Vladiqafqaz imamı Şakir Sadıq Əfəndi Rəhimqulun oxudugu Qurani–Kərim sədaları altında açıldı. Çünki Qurani-Kərim qurultaya toplanmış bütün nümayəndələri birləşdirən başlıca istinad nöqtəsi idi. Bu qurultayın əhəmiyyətindən biri də o idi ki, ilk dəfə məzhəb ayrılıqlarına baxmayaraq sünni və şiə müsəlman türklər bir arada problemlərini müzakirə edirdilər. Qurultay iştirakçılarını ilk giriş sözü ilə “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspralı salamladı və onun təklifi əsasında Əlimərdan bəy Topçubaşov və Yusif Akçura qurultayın sədarətinə, Ufa quberniyasından olan Səlim-Girey Canturin isə katibliyə seçildilər. Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya müsəlmanlarının siyasi, iqtisadi, mədəni, milli və dini problemlərinə həsr olunmuş məruzə ilə çıxış etdi. Məruzədə deyilirdi: “...Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məgribdən məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz daglarında, Krım baglarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzkirə etməyə ixtiyarımız qalmadı...” Qurultayda İsmayıl Qaspıralı, Abussud Axtyamov, Səid-Girey Alkın, Qabdulla Apanayev, Əhməd bəy Agayev, Qaliəsgər Sırtlanov, Qabdrəşid İbrahimov, Musa Cərullah Biqiyev, Qayaz İshakov, Fatih Kərimov, Mühəmməd-Zakir Ramiyev, Kutluq-Mühəmməd Tevkelev, Fuad Tuktarov, Molla Əli Yauşev və digərləri Topçubaşovun məruzəsində təklif etdiyi Rusiya müsəlmanlarını birləşdirəcək bir firqənin qurulması fikrini dəstəklədilər. Qurultayda Topçubaşovun məruzəsi əsasında beş maddədən ibarət qərar qəbul edildi. Qərarda göstərilirdi ki, Rusiyanın bütün vilayətlərindəki müsəlmanlar ictimai-mədəni və siyasi tələblərə uygun olaraq birləşməli, ölkədə xalq nümayəndələrinin azad seçilməsi zəminidə yaradılan qanunvericilik və dövlət idarə orqanları formalaşdırılmalı, hüquqi qaydalar bərqərar olmalı, müsəlmn əhalinin hüquqları rus əhalinin bütün siyasi, vətəndaş və dini hüquqları ilə bərabərləşdirilməli, müsəlman vilayətlərində məktəblər, mətbuat orqanları, xalq kursları, qiraət evləri, maarifçilik müəssisələri açılmalı, bu məqsədlərə nail olmaq üçün mütəmadi toplanacaq müsəlman qurultaylarının rəhbərliyi altında yerli məclislər yaradılmalıdır. (9) Rusiya müsəlmanlarının birinci qurultayı milli kimliyin əsasını təşkil edən dini və milli ideyalar əsasında imperiyanın ruslaşma siyasətinə qarşı, Rusiya türklərinin təşkilatlanmasına və mübarizəsinə nail oldu. Qurultayın qərarında, xüsusilə ikinci bənddə yer alan bəzi siyasi məsələlərin qoyuluşu 17 oktyabr manifesti ərəfəsində türk liderlərinin ölkədə cərəyan edən proseslərdən düzgün nəticələr çıxarmalarının aydın təzahürü idi. 17 oktyabr manifestindən əvvəl müsəlman liderlərinin siyasi partiya yaratmağa qərar verməsi onların siyasi yetkinliyindən xəbər verirdi. (10) Qurultayın qərarına əsasən Rusiyanın müsəlmanlar yaşayan vilayətləri 16 dairəyə bölündü və Bakı şəhəri Rusiya müsəlmanlarının müvəqqəti mərkəzi müəyyən edildi. Qurultayın qərarı ilə avqust ayının 15-i bütün Rusiya müsəlmanları üçün bayram günü elan edildi. Nijni-Novqorod toplantısında Rusiya müsəlmanlarının ikinci qurultayının çagırılması Ə.Topçubaşova tapşırıldı. Qurultay Rusiya türklərinin bir araya gələrək təşkilatlanmasında və müstəqil vahid siyasi qüvvə kimi formalaşmasında həlledici addım oldu. (11)

1906-cı ilin yanvar ayının ortalarında İttifaqın ikinci qurultayını keçirmək və onun təşkilati baxımdan formalaşdırılmasını başa çatdırmaq məqsədilə Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Agayev 1905-ci ilin dekabrında Peterburqa yola düşdülər. Peterburqda Rusiya Türklərinin siyasi həyatında aktiv iştirak edən Qabdrəşid İbrahimovla birlikdə Rusiya Müsəlmanları İttifaqının nizamnamə və proqram layihələrini, təşkilatın quruluşu və fəaliyyəti ilə baglı məsələləri müzakirə etdilər. 1906-cı il yanvar ayının 10-dan başlayaraq Peterburqa gələn qurultay işrirakçılarına qurultayın təşkilatçılrı Yusif Akçura və Musa Cərullahi Biqiyev ziyafət verdilər. Ziyafətdə Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Agayev, Q.Qarabəyov, A.Axundov da iştirak edirdilər. Qurultaydan əvvəl Rusiya Müsəlmanları İttifaqının rəhbərləri Ə.Topçubaşov, Y.Akçura və S.Alkin 17 oktyabr manifestindən sonra yaranmış Konstitusiyalı Demokrat Partiyasının 1906-cı ildə yanvarın 5-11-də Peterburqda keçirilən qurultayında iştirak edərək, bu partiya nümayəndələri ilə birgə seçki bloku yaradılması haqqında müzakirələr etdilər. Qazaxıstandan gəlmiş Sultan Hacı Qubaydulla Çingizxan və Ə.Topçubaşovun Rusiya müsəlmanlarının II qurultayının keçirilməsi ilə baglı müraciətinə Rusiya daxili işlər naziri Pyotr Durnov tərəfindən rədd cavabı verdikdən sonra 100 nəfərə yaxın qurultay iştirakçıları II qurultayı Peterburqun müsəlman zənginlərindən biri olan Həsən Həbibullahın evində keçirməyi qərara aldılar.

1906-cı il yanvar ayında Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı keçirildi. İlk iclasa İsmayıl bey Qaspıralı və Q.İbrahimov, sonrakı iclaslara isə Əlimərdan bəy Topçubaşov sədrlik etdilər. Qurultayda Ə.Agayevin, Q.İbrahimovun yaxından iştirakı ilə Ə.Topçubaşovun hazırladıgı “Müsəlman İttifaqı”nın nizamnaməsi və proqramı müzakirə edildi və Ə.Topçubaşovun hazırladıgı 23 maddədən ibarət “Müsəlman İttifaqı”nın nizamnaməsi qəbul edildi. Rusiya Müsəlmanları İttifaqının Proqramının qəbulu III qurultaya saxlanıldı. Qəbul edilmiş yeni nizamnaməyə görə İttifaqın Mərkəzi komitəsinin Bakıda yerləşməsi nəzərdə tutulmuşdu və həmin dövrdə Bakı Rusiya müsəlmanlarının siyasi mərkəzi kimi tanınırdı. Qurultayın sənədlərindən aydın olurdu ki... Bakının siyasi mərkəz kimi seçilməsi Rusiya müsəlmanlarının rəgbətlə yanaşdıgı “Kaspi” qəzetinin nüfuzlu redaktoru Əlimərdan bəyə və onun şəxsində müsəlman dünyasının ən zəngin neft milyonçusu olan Hacı Zeynalabdin Tağıyevə olan hörmətlərindən irəli gəlmişdi. (12) Nizamnaməyə əsasən Rusiyanın müsəlmanlar yaşayan quberniya mərkəzləri 16 rayona bölünmüşdü. Bütün bu məntəqələrdə yerli məclislərin yaradılması və bu məclislərin Ümumrusiya müsəlman qurultaylarına, qurultaylararası dövrdə isə İttifaqın Ali məclisinə tabe olması nəzərdə tutulurdu.

Qurultayda Duma seçkilərində Rusiyanın Konstitusiyalı Demokratlar Partiyası (Kadet) ilə əməkdaşlıq edilməsi, bu partiya ilə bir blokda seçkilərə gedilməsi qərara alındı. Kadet partiyası ilə əməkdaşlığa qərar verilməsi bu partiyanın proqramında Rusiya imperiyasında yaşayan xalqların, “milli ucqarların” problemlərinin qismən də olsa nəzərə alınması ilə bağlı idi. 5-11 yanvar 1906-cı ildə keçirilən II qurultaylarında kadetçilər imperiya daxilində xalqlara bəzi hüquqların – ana dilindən istifadə, ana dilində məktəb, təhsil, mətbuat və s. verilməsinə tərəfdar olduqlarını nümayiş etdirimişdilər. Kadetçilər rus olmayan millətlərin assimilyasiya edilməsinin əleyhdarı kimi çıxış edirdilər. Kadet liderləri İ.V.Qessen, L.İ.Petrajitski və digərləri Duma seçkiləri ərəfəsində Müsəlman İttifaqı ilə əməkdaşlıga böyük əhəmiyyət verirdilər. Eyni zamanda Kadet mətbuatı və partiya liderləri müsəlmanların tələbləri ilə konstitusiyaçıların proqramının oxşarlığını tez-tez vurğulayırdılar. Bu oxşarlığın əsasını liberal ideyalar təşkil edirdi. Kadet Partiyasının Polşa və Finlandiya əhalisinin milli hüquqlarını tanıması müsəlman ziyalılarının “xalq azadlıgı” ideyalarına ümidlərini artırmışdı. Ə.Topçubaşovun konstitusiyaçılarla əməkdaşlığa üstünlük verməsi də məhz bununla bağlıdır. Bolşeviklər Rusiya Müsəlmanları İttifaqının konstitusiyalı demokratlara münasibətini obrazlı şəkildə “başı çalmalı və əmmaməli tatar kadetizmi” adlandırmışdılr. (13) Rusiya Müsəlmanları İttifaqının II qurultayı imperiyanın Türk və müsəlman xalqlarının təşkilatlanması, Ə.Topçubaşovun Ümumrusiya siyasi səhnəsinə çıxması baxımından əhəmiyyətli hadisə oldu. İttifaqın II qurultayının yekunları Topçubaşovun Rusiya müsəlmanları arasında artan nüfuzunu, ölkənin siyasi həyatında gündən-günə genişlənən fəal rolunu təsdiq etdi.

Azərbaycanlıların təbəələri olduqları Rusiya imperiyasının ali nümayəndəli qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. Çar II Nikolayın 1905-ci il 17 oktyabr tarixli manifesti əsasında təsis edilən I Dövlət Dumasının 1906-cı il aprelin 27-də işə başlaması ilə imperiyanın, o cümlədən Cənubi Qafqazın müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən bu seçkilərdə Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdilər. Azərbaycanlı deputatlar 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament fraksiyasına daxil idilər və maraqlıdır ki, tatarların üstünlük təşkil etdikləri bu fraksiyaya o dövrdə artıq peşəkar hüquqşünas və nüfuzlu ictimai xadim kimi tanınan Ə.Topçubaşov rəhbərlik edirdi. Azərbaycanlı deputatlar I Dumanın işində kifayət qədər fəal iştirak etmiş və müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərkən təmsil etdikləri xalqın hüquqlarının müdafiəsini əsas tutmuşlar.

1905-ci il dekabr ayının 11-də Nazirlər Kabinetinin sədri Vitte tərəfindən hazırlanmış seçki qanunu haqda çar fərmanı elan edildikdən sonra uzun müddət milli və siyasi hüquqlardan məhrum edilmiş Rusiya türklərinə də Dumada təmsil olunmaq haqqı verilmişdi. Türk-müsəlman ərazilərinin Rusiya tərəfindən işğalından sonra bu, ilk hadisə idi ki, müsəlman xalqları Rusiyanın ümumdövlət fəaliyyətinə qoşula bilərdilər.

1906-cı il may ayının 31-də keçirilmiş seçkilərdə Rusiya I Dövlət Dumasına Bakı seçki dairəsindən seçilmiş Əlimərdan bəy Topçubaşov Bakı sakinləri qarşısındakı çıxışında “Bakı əhalisi Rusiya azadlıq hərəkatında fəal iştiraka qədəm qoyur. Mən Qafqazın mümkün dərəcədə geniş və tam özünüidarəsinə tərəfdaram. “Yerli işlər yerli adamlara verilməlidir” devizi Qafqazın bütün xalqlarına eyni dərəcədə tətbiq edilməlidir” (14) deyə bildirdi. Kaspi qəzetinin redaksiysında Kaspi və Həyat qəzeti əməkdaşları ilə görüşdə “mən konstitusiyalı idarəçiliyin tərəfdarıyam və hesab edirəm ki,... bizim ölkəmizdə həyatın vətəndş və siyasi azadlıqlar zəminində qurulmasının qarşısını alan bütün maneələri aradan qaldırmaq lazımdır” şüarları ilə özünün liberal –islahatçı fəaliyyət proqramını və məqsədini elan etdi. (15)

Bakı quberniyasından I Dövlət Dumasına Əlimərdan bəy Topçubaşov, Məmməd Tağı Əliyev və Əsədulla bəy Muradxanov millət vəkili seçilmişdilər. Rusiya imperiyasında Bakı müsəlmanların yaşadığı yeganə şəhər, yeganə quberniya idi ki, I Dövlət Dumasına seçkilərdə bu quberniya üçün ayrılmış hər üç millət vəkili yerinə türk-müsəlman namizədlər seçilmişdi. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Kazan, Ufa və Orenburq kimi şəhərlərdən Dövlət Dumasına seçkilərdə yalnız ruslar qazanmışdı. (16)

Bu qələbə XIX əsrin sonu –XX əsrin əvvəllərində Bakıda getdikcə dərinləşən milli hərəkatın uğurlu bir yekunu idi. Bu böyük uğurdan sonra Əli bəy Hüseynzadə “Həyat” qəzetində yazırdı: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvəridir... Bu məmləkətdə heç bir qüvvət hürriyyət arzusunu məhv edə bilməz... Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azəbaycan türklərinə aiddir”. (17)

I Dövlət Dumasına Azərbaycandan Ə.Topçubaşov, İ.Ziyadxanov, Ə.Muradxanov, Ə.Haqverdiyev, M.Əliyev və Ağa xan İrəvanski vəkil seçildilər. 1906-cı ilin iyun ayının 21-də Peterburqda müsəlman əyalətlərindən seçilmiş vəkillərin ilk iclası keçirildi. 22 nümayəndənin iştirak etdiyi bu iclasda Ə.Topçubaşov I Dövlət Dumasının Müsəlman fraksiyasının lideri seçildi. Fraksiya Rusiya müsəlmanlarının problemlərini müzakirə etməklə yanaşı Rusiya müəlmanlarının III qurultayına da hazırlıq işləri görürdü. Topçubaşov Müsəlman fraksiyasına rəhbərlik etməklə yanaşı, I Dövlət Dumasında Polşadan olan deputat Aleksandr Ledniçiskinin təşəbbüsü ilə yaradılmış “Muxtariyyətçilər birliyi”nin də həmsədri seçilmişdi. (18)

Fraksiya Dumaya seçki qanununun dəyişdirilməsi, deputat yerlərinin sayının əhalinin sayına uyğun bərabər bölünməsi haqda təkliflərlə çıxış edir, Duma qarşısında Müsəlman vilayətlərində yeridilən aqrar siyasətin dəyişdirilməsi, aqrar islahatların aparılması ilə bağlı məsələlər qaldırmağa çalışırdı. Topçubaşov vəqf torpaqlarının müsəlman cəmiyyətlərinə qaytarılmasını tələb edirdi. Əlimərdan bəy fraksiya lideri kimi Rusiyada yaşayan bütün türklərin və müsəlmanların problemlərini həll etməyə çalışırdı. Şimali Qafqazda çeçen və inquşlara qarşı yeridilən ayrıseçkiliyə, yerli əhali ilə gəlmə ruslar arasında hökumət nümayəndələrinin nifaq salmaq siyasətinə fraksiya adından kəskin etiraz etmişdi. Terek vilayətindən seçilmiş Taştemir Eldarxanovla birlikdə o, bu məsələ ilə bağlı Dumaya sorğu vermişdi. Qırğız vilayətindəki torpaq komissiyasının qeyri-qanuni fəaliyyəti, Gəncə qəza rəisi Avelianinin zorakılığı, Türküstan türklərinin haqlarının tapdalanması Rusiya müsəlmanlarının lideri olaraq onun etirazlarını doğurmuşdu. Topçubaşov Rusiya müsəlmanlarına qarşı yeridilən şovinizm siyasəti barədə yazırdı. “İyirmi milyonluq Rusiya müsəlmanlarının cəmi 36 deputatla təmsil olunmasının ölkədəki xalq təmsilçiliyi ideyasının özünə məhvedici zərbə vurduğunu söyləməyə ehtiyac varmı? Əyalətlər üzrə deputat yerlərinin müəyyənləşdirilməsi zamanı müsəlmanlara münasibətdə açıq–aşkar ədalətsizliyə yol verilmişdir. Bir sıra yerlərdə isə bu ədalətsizlik dəhşətli miqyas almışdır”. (19)

“Türküstan diyarının beş milyon yerli əhalisi Dumada altı vəkillə təmsil olunurdusa, 300 minlik yadelli rus əhalisi 5 vəkillə təmsil olunurdu. Yəni 834 min müsəlman əhalisindən bir deputat seçildiyi halda,60 min rus əhalisindən bir deputat seçilmişdi”. (20)

Krım türkləri öz tələblərini Dumada səsləndirməyi Əlimərdan bəyə həvalə etmişdi. Müsəlman fraksiyası Türkiyə Parlamenti və İran Məclisi ilə də əlaqə yaratmagı planlaşdırırdı. Lakin iyulun 8-də P.Stolıpin hökümətinin qərarı ilə I Dövlət Duması qovulduğundan bu ideyalar həyata keçmədi.

Qeyd edilməlidir ki, I Dövlət Dumasının ömrü çox qısa olmuş, demokratiya qanunlarına alışmamış çar hakimiyyəti Dumadaxili və ondan kənarda ziddiyyətlərin kəskinləşməsindən narahat olaraq 1906-cı il 9 iyul manifesti ilə Dumanın buraxıldığını elan etmişdir. Burada bəzi azərbaycanlı deputatların cəmi bir sessiya fəaliyyət göstərmiş Dövlət Dumasının işində nə qədər cəsarətli və prinsipial mövqe tutduqlarını nümayiş etdirən bir məqama diqqət yetirmək maraqlı olardı. I Dumanın buraxılması ilə razılaşmayan bir qrup deputat (kadetlər, trudoviklər və sosial-demokratlar) öz iclaslarını Peterburq yaxınlığında - Viborqda keçirməyi qərara alır. 9-10 iyulda 200 deputatın iştirakı ilə keçirilən bu iclaslarda hökumətə passiv müqaviməti nəzərdə tutan Vıborq Müraciətnaməsi qəbul olunur. Həmin müraciətnaməni imzalayanlar arasında Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov da var idi. Çar hökuməti bu sənədi imzalayanları ən ciddi şəkildə cəzalandırır, onlar, o cümlədən Ə.Topçubaşov və İ.Ziyadxanov üç aylıq həbsə məhkum edilməklə növbəti seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər. Azərbaycanın və Rusiyanın bu dövlət və ictimai xadimlərinin, xüsusilə artıq o dövr Rusiya müsəlmanlarının ən nüfuzlu lideri sayılan Əlimərdan bəyin Dumanın sonrakı heyətlərində iştirak etməməsinin səbəbi bu qadağa ilə bağlıdır.

Duma buraxıldıqdan sonra müsəlman duma üzvləri paytaxt müsəlman cəmiyyəti ilə birlikdə toplantı keçirdi və Rusiya müsəlmanlarının III qurultayının Nijni-Novqorodda keçirilməsi haqqında qərar qəbul edildi. Qurultay 1906-cı ilin avqust ayının 16-da Nijni- Novqorod şəhərinin mərkəzi klubunda, yerli molla Xəlil Əfəndinin oxuduğu Quran ayəsi ilə işə başladı. Qurultayda Qafqaz, Krım, Volqaboyu, Sibir, Türküstan və Qırğızıstandan 1000 nəfərə qədər adam iştirak edirdi. Rusiya Müssəlmanlarının III qurultayının mərkəzi siması Ə.Topçubaşov idi. Birinci rus inqilabı dövründə baş verən siysi proseslərdə fəal iştirakı onun yetkin liderə çevrilməsinə səbəb olmuşdu. Məhz buna görə də qurultayın sədri Topçubaşov seçildi. Qurultayın 15 nəfərdən ibarət Rəyasət Heyətinə Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspralı, Qabdrəşid İbrahimov, Mustafa Şirvanski, Səid-Girey Alkın, Yusif Akçura, Musa Biqiyev, Şahaydar Sırtlanov, Səlim-Girey Çanturin və başqaları daxil idilər. Qurultayın avqustun 16-da keçirilən birinci iclasında Qabdrəşid İbrahimovun məruzəsi əsasında bütün müsəlmanların birləşməsi və birlikdə hərəkət etmələrinin zəruriliyi müzakirə edilərək İttihadi-İslam fikri müdafiə edilmişdir. Q.İbrahimov məruzəsində qurultay iştirakçılarına “mən ittihadi-islamın xidmətindəyəm” deyə müraciət etmişdir. Avqustun 17-də davam edən ikinci iclasda Rusiya Müsəlmanlarının 17 oktyabr manifestindən yararlanaraq açıq siyasi fəaliyyət göstərməsinin vacibliyi, bu məqsədlə millətçilik və dini əsaslara söykənən proqrama malik müsəlman partiyasının yaradılmasının zəruriliyi haqqında Y.Akçura geniş məruzə ilə çıxış etdi və Topçubaşovun hazırladığı proqram layihəsini qəbul etməyi təklif etdi. İ.Qaspralı, Ə.Saydaşov, Ş.Sırtlanov və Q.İbrahimov bu təklifi dəstəklədilər. Əlimərdan bəy çıxışında Rusiyada İslam dininə münasibətin kökündə siyasi və dini məqsədlərin dayandığını vurğulayaraq qeyd etdi ki, “Rusiyada İslama mane olan nədir? Missionerlərə ianə verib onları Peterburqdan bizlərə yollayan düşmənlərimizdir. Onlara qarşı dayanmaq gərəkdir... bizim üçün ən lazım olan şey hürriyyəti-dindir... hər zaman hürriyyəti–din məqsədimizdir... dinsiz həyatımız yoxdur, bunu anlasınlar”. Rusiyanın İslam dinini parçalaması və xristianlaşdırma, ruslaşdırma siyasətinin qarşısının alınması üçün “hər şeydən əvvəl Rusiya müsəlmanları arasında ittifaq lazımdır” deyə Əlimərdan bəy qurultaya müraciət etdi. Bu ittifaqın əsasını qoymaq üçün ikinci iclasda İttihadi-İslam partiyasının proqram layihəsinin təkmilləşdirilməsi ilə baglı komissiya yarandı. Avqustun 18-də Əlimərdan bəyin sədrliyi ilə keçən üçüncü iclasda təhsil məsələsi müzakirə edildi və A.Apanayın sədrliyində məktəb və təhsil komissiyası yaradıldı. A.Apanayın başçılıq etdiyi komissiya Rusiya müsəlmanlarına qarşı yeridilən ruslaşma siyasətini tənqid edib məktəb və mədrəsələr haqqında 33 madddədən ibarət sənəd qəbul etdi. Xristian missionerlərin tövsiyəsi əsasında mədrəsələrdə rus əlifbasının tətbiqinə, rus dilinin tədrisinə nail olmağı məqsəd güdən Rusiya Maarif Nazirinin təhsil siyasəti kəskin tənqid edilərək qeyd edildi ki, məktəblərdə dərslərin bir proqram əsasında, türk dilində, ərəb əlifbası ilə keçirilməsi, Rusiya müsəlmanları üçün vahid dərsliklərin hazırlanması, Kazan, Bakı, Baxçasarayda yerli müsəlmanlardan müəllimlərin tədrisə cəlb olunması və müəllimlər seminariyalarının açılması, müsəlmanların oxuduğu rus məktəblərində İslam dini və türk dili dərslərinin keçilməsi, türk ədəbi dilinin tədrisinə diqqətin artırılması qeyd edildi. Yusif Akçura sədrliyində tatar dilində aparılan dördüncü iclasda Q.Qaliyev rəhbərliyində yaradılmış dini islahat komissiyasının 13 maddədən ibarət hazırladıgı qərar layihəsi müzakirə edildi. Müzakirə zamanı Əlimərdan bəyin “Müxtəlif məzhəblər arasındakı fərqlərin heç bir əhəmiyyəti yoxdur. Bu Rusiya müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin vücuduna dini nöqteyi nəzərdən bir maneə təşkil edə bilməz” təklifi əsasında Rusiya müsəlmanlarının vahid dini idarələrinin yaradılması qərara alındı. Bu qərar türk-islam tarixində İslam ümmətçiliyindən türk millətçiliyinə tarixi keçidin zəminini hazırladı. Dini məsələrlə bağlı qərarda Rusiya müsəlmanları arasında hökumət tərəfindən himayə edilən misyonerlik fəaliyyəti də kəskin tənqid edilmiş, 17 oktyabr manifestinə uyğun olaraq ölkədə vicdan azadlığının bərqərar edilməsi tələb edilmişdir. Topçubaşovun imzası ilə bu qərar teleqramla baş nazir P.Stolıpinə göndərilmişdir. Rusiya müsəlmanlarının III qurultayında Rusiya Müsəlmanları İttifaqının Ə.Topçubaşov tərəfindən hazırlanmış Rusiya müsəlmanlarının siyasi, iqtisadi, ictimai, dini problemlerini həll etmək məqsədi güdən 11 bölmədən 75 paraqrafdan ibarət proqramı qəbul edildi. Proqram Rusiya türklərinin milli və dini haqlarını, vətəndaş hüquqlarını təsbit etməklə yanaşı, liberal ideyaları özündə əks etdirirdi. Proqram Rusiya Müsəlmanları İttifaqına ümummilli xarakter verir, onu siniflərarası mübarizənin fövqündə duran bir təşkilat kimi təqdim edir, Rusiyanın siyasi quruluşunun konstitusiyalı monarxiya olmasını müdafiə edir, xüsusi mülkiyyətin toxunulmazlığı ideyasını dəstəkləyir, Rusiya müsəlmanlarının milli-mədəni muxtariyyət hüquqlarını müdafiə edirdi. Qurultayda Əlimərdan bəy Topçubaşov Rusiya Müsəlmanları İttifaqının sədri seçildi. Dövlət Dumasının Müsəlman fraksiyasına sədrlik etmiş Topçubaşov Rusiya Müsəlmanları İttifaqına rəhbərlik etməklə Rusiya türklərinin lideri olmaq missiyasını rəsmən təsdiq etdi. Qurultayın iştirakçısı olmuş Musa Carullahi Biqiyev özünün “İslahat əsasları” əsərində yazır. “Əlimərdan bəy hüququ gözəl bilən, özünəməxsus siyasi biliyə və təmkinə malik bir ziyalı idi”. (21)

Bununla belə, 1907-ci il 20 fevral-2 iyun tarixdə çağırılmış II Dövlət Dumasında azərbaycanlı deputatların artıq yeni dəstəsi qanunvericilik fəaliyyətinə başlayır. Seçkilərdə iştirak edənlərin dairəsi seçki qanununa "Senat izahı" adlı sənədlə məhdudlaşdırılsa da, bu dəfə artıq 6 azərbaycanlı deputat mandatı almağa müvəffəq olur: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şahtaxtlı, Mustafa Mahmudov, Zeynal Zeynalov və İsmayıl Tağıyev. Sonuncu şəxs Dumanın işində iştirak etməsə də, Müsəlman fraksiyasına daxil olan azərbaycanlı deputatlar, xüsusilə F.Xoyski və X.Xasməmmədov dəfələrlə müzakirələrdə yalnız öz adlarından deyil, fraksiya adından da çıxışlar etmişlər. Bu dəfə də Dumaya seçkilərin nəticələrindən narazı qalan və onun qovulması üçün bəhanə axtaran çar hökuməti cəmi 103 günlük fəaliyyətdən sonra II Dumanın da işinə son qoyur.

I və II Dumaların mahiyyət etibarilə hökumətə müxalif mövqedə durması çar rejimini Dumaya seçki prosesini daha ciddi tənzimləmək qənaətinə gətirir. III Dövlət Dumasına seçkilər artıq 1907-ci il 3 iyun tarixində qəbul edilmiş, vəziyyəti mülkədar və burjua nümayəndələrinin xeyrinə dəyişmiş yeni seçki qanunu əsasında aparılır. Nəticədə milli ucqarlardan olan nümayəndəliklərə verilən yerlər xeyli azaldılır. 1907-ci il noyabrın 1-də çağırılan III Dumanın cəmi 8 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edir. Əvvəlki dumalardan fərqli olaraq, bu Dumaya nəzarəti ələ almış çar hakimiyyəti onun səlahiyyət müddətinə müdaxilə etmir və Duma 1912-ci ilə qədər beş çağırış sessiyasını tam işləyir. Artıq ikinci dəfə Dumaya deputat seçilən X.Xasməmmədov müsəlman fraksiyasının ən fəal üzvü olur, müsəlmanların hüquq və azadlıqları, ana dilində təhsil almaları və digər məsələlərə dair çıxışlar edir, 1905-1907-ci illər Cənubi Qafqazda milli zəmində baş verən münaqişələrin müzakirələri zamanı onların bir səbəbi kimi çarizmin köçürmə siyasətini açıb göstərir.

1912-ci il noyabrın 15-də fəaliyyətə başlayan IV Dövlət Dumasına seçkilər də milli ucqarlardan nümayəndəliklərinin sayının məhdudlaşdırılması prinsipi üzrə aparılır və bu səbəbdən Dumanın artıq 7 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yenə də yalnız bir deputat - bu dəfə Məmməd Yusif Cəfərov təmsil edir. Əvvəlki dumalarla müqayisədə nüfuzu xeyli aşağı düşmüş bu qanunvericilik orqanının hakimiyyətə münasibətdə bir qədər gözləmə mövqeyi I Dünya müharibəsi başlayandan sonra tədricən əks xarakter alır. Birinci cahan müharibəsi ərəfəsində Rusiyada sosial-siyasi ziddiyyətlərin son dərəcə kəskinləşməsi nəticəsində 1917-ci il fevral çevrilişi bu ölkədə mütləqiyyət hakimiyyətini devirdi, ölkədə ikihakimiyyətlilik yaratdı, demokratik qüvvələrin və təşkilatların canlanmasına böyük təkan verdi.

İmperator II Nikolaya qarşı müxalifət mərkəzlərindən birinə çevrilən Dövlət Duması Rusiya imperiyasının əsaslarını dağıdan 1917-ci il fevral inqilabında mühüm rol oynayır və İmperatorun Dumanın fəaliyyətinin aprel ayına qədər dayandırılması haqqında 25 fevral tarixli əmrinə tabe olmur. Artıq inqilabın ilk günü - fevralın 27-də Dövlət Dumasının Müvəqqəti Komitəsi yaradılır və faktiki olaraq ölkədə ali hakimiyyət funksiyasını yerinə yetirən bu orqan Rusiyanın Müvəqqəti Hökumətini təşkil edir. Monarxiya devrildikdən sonra Duma bir daha tam tərkibdə toplaşa bilməsə də, onun Müvəqqəti Komitəsi müntəzəm olaraq öz iclaslarını keçirir. Müvəqqəti hökumət "Müəssislər Məclisi"nə seçkilərin başlanması ilə əlaqədar olaraq 1917-ci il oktyabrın 6-da Dövlət Dumasının buraxılması haqqında qərar qəbul edir. Lakin bu məsələyə son nöqtəni 1917-ci il 25 oktyabr (yeni təqvimlə 7 noyabr) çevrilişi qoyur. RSFSR Xalq Komissarları Sovetinin 1917-ci il 18 (31) dekabr tarixli dekreti ilə Dövlət Duması və Müvəqqəti Komitənin dəftərxanası ləğv olunur.

Daha çox rus şovinist millət vəkilləri Dumada iştirak etdiyi üçün öz istəklərini həyata keçirə bilirdilər. Başqa millətlərin nümayəndələrinə olduqca sərt davranırdılar. Bir türk millət vəkili kürsüyə çıxıb öz hüquqlarını tələb etdiyi zaman onu yerdən təhqir edir, “rədd olun, gedin Türkiyəyə” deyə qışqırırdılar. Türk millət vəkilləri məhsuldar torpaqların ruslar tərəfindən kəndlilərin əllərindən alınaraq başqa yerlərə köçürülməsi siyasətinə qarşı çıxır, onların bu əməllərini pisləyirdilər. Amma türk millət vəkillərinin bu istəkləri rus şovinist millət vəkilləri tərəfindən rədd edilirdi . Çox vaxt da müsəlman millət vəkillərinə danışmaq üçün söz verilmirdi. Göründüyü kimi rus şovinistləri başqa millətlərə yuxarıdan-aşağıya baxır, hətta onları bir millət kimi tanımaq belə istəmirdilər. Əsarətdə yaşayan türklərin I Dumada 46 millət vəkili vardı, II Dumada bu sayı mühafizə etmişdilər. III Dumada seçki qanununun türklər və sol partiyalar əleyhinə azaldılması üzündən türklərin millət vəkilinin sayı 10, IV Dumada isə 7 nəfər olmuşdu.

Cəmi 11 illik tarixi olan Rusiya Dövlət Duması Azərbaycanda parlamentarizmin inkişafında əhəmiyyətli rol oynayır. İmperiyanın müsəlman əhalisinin ölkənin bu ali nümayəndəli hakimiyyət orqanında az sayda təmsil edilmələrinə baxmayaraq, müsəlman, o cümlədən azərbaycanlı deputatlar üçün bu təmsilçilik yalnız dövlət idarəçiliyi sistemi ilə içəridən tanışlıq, qanunvericilik prosesində bilavasitə iştirak və Dumanın fəaliyyətini istiqamətləndirən müxtəlif təmayüllü partiya fraksiyaları ilə ünsiyyət nəticəsində sırf siyasi, parlamentçilik təcrübəsi əldə edilməsi ilə məhdudlaşmır. Etnik, dini və mədəni baxımdan rəngarəng Rusiya imperiyasının özünəməxsus "xalqlar nümayəndəliyi" funksiyasını yerinə yetirən bu ali hakimiyyət orqanında dini eyniyyətinə görə "müsəlman" adlanan fraksiyada birləşən, Dumanın digər üzvləri tərəfindən isə daha çox "milli qrup" kimi qəbul edilən müsəlman deputatların birgə fəaliyyət təcrübəsi artıq həmin dövrdə Rusiya müsəlmanlarının, (azərbaycanlı deputatların ən fəal iştirakı ilə) ümummilli siyasi mərkəzlərinin yaradılması cəhdlərinə gətirib çıxarır.

Fevral çevrilişindən sonra Azərbaycanda da inqilabi, azadlıq və milli demokratik hərəkat yeni vüsət aldı. Fevral inqilabının ilk aylarında Azərbaycan siyasi qüvvələrinin gördüyü işlər sırasında iki mühüm tədbir xüsusi qeyd olunmalıdır. Bunlar 1917-ci ilin aprel və may aylarında keçirilən Qafqaz müsəlmanlarının Bakı və Rusiya müsəlmanlarının Moskva qurultaylarıdır. Azərbaycan milli qüvvələri Rusiyanın bütün müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlayırlar.

Ərazi muxtariyyəti formasında milli dövlətçiliyin yaranması tələbini özündə ehtiva edən Azərbaycan milli hərəkatının ilk siyasi proqramı Fevral inqilabından az sonra, 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş I Ümumqafqaz müsəlmanlar qurultayında qəbul olundu. Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayına sədrliyi Ə.Topçubaşov edir. Rusiya və Azərbaycan müsəlman xalqlarının lideri olan Topçubaşov Qafqazın bütün xalqlarını ümumi vətənin rifahı naminə həmrəyliyə çağırır. Qafqaz müsəlmanlarının siyasi və milli-mədəni amallarını açıq ifadə etmək məqsədilə çağırılan bu ali məclisdə müzakirəyə qoyulan və geniş fikir ayrılığı doğuran əsas məsələlərdən biri Rusiyanın gələcək quruluşu və əsarətdə olan xalqların hüquqları olur. Bu məsələ üzrə məruzəni Məmməd Əmin Rəsulzadə edir Hələ qurultayın açılışı ərəfəsində M.Rəsulzadə onun məqsəd və vəzifələrini belə müəyyənləşdirirdi: “Bu qurultay hazırda cərəyan edən hadisələrə Qafqaz müsəlmanlarının münasibətini, hiss və duyğularını əks etdirməklə yanaşı, həm də onların siyasi və milli-mədəni tələblərini açıq şəkildə ortaya qoymalıdır”. (22)

Qurultayda Azərbaycanın müxtəlif siyası qüvvələri - islamçılardan tutmuş bolşeviklərə qədər bütün rəngarəngliyi ilə təmsil olunsalar da “Azərbaycan Türklərinin siyasi məqsədlərinin” müəyyənləşdirilməsində həlledici rolu, heç şübhəsiz ki, həmin vaxt artıq milli hərəkatın əsas simalarından birinə çevrilmiş M.Rəsulzadə oynadı. Təsadüfi deyil ki, qurultayın gündəliyindəki əsas məsələ olan ölkənin gələcək siyasi quruluşu haqqında məruzə M.Rəsulzadəyə həvalə edilmişdi. Məruzədə ölkədə yaranmış vəziyyəti təhlil edən M.Rəsulzadə konkret dəlillərlə Azərbaycan Türklərinin milli-ərazi muxtariyyəti formasında milli dövlətçiliyinin yaradılması zərurətini əsaslandırdı. M.Rəsulzadə məruzəsində qeyd edirdi ki, Rusiya kimi geniş ərazili çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi xalqların azad birgəyaşayışı baxımından məqbul deyildir və bu səbəbdən də Rusiyanın dövlət həyatının normal inkişafı üçün yararsızdır. “Teymurləng, Çingiz xan, Makedoniyalı İsgəndər və Roma imperatorlarının timsalında tarix sübut edir ki, dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz” (23) - deyə o bildirirdi. Bu fikrə əsaslanaraq M.Rəsulzadə Rusiyanın milli azlıqlara öz müqəddəratını təyinetmə hüququnun verilməsi tələbini irəli sürdü. Onun fikrincə, bu yolla, bir-birindən ayrılmış Rusiya xalqları daha sonra federativ demokratik respublika formasında dövlət ittifaqı təşkil edə bilərlər. Xarici siyasət, sülh və müharibə problemləri, eləcə də federal təyinatlı əmlakın (gömrük, dəmir yolları, poçt, teleqraf və b.) idarə olunması istisna olmaqla bütün digər məsələlər muxtariyyətin idarəetmə orqanlarının səlahiyyətinə verilir, federal orqanların səlahiyyətinə daxil olan məsələlərin həlli üçün isə bütün ərazi muxtariyyətlərinin nümayəndələrindən ibarət vahid ittifaq şurasının yaradılması nəzərdə tutulurdu. (24) Rusiya kimi geniş ərazilərə malik, çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi prinsipinin xalqların azad birgə yaşayışı baxımından məqbul olmadığını bildirən məruzəçi milli müqəddəratın azad surətdə təyin olunması hüququnu əsas götürərək ərazi muxtariyyəti ideyasını irəli sürür. Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri bu ideyaya qarşı çıxırlar. İslamçılar ərazi muxtariyyəti tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini pozmaqda, sosialistlər, o cümlədən bolşeviklər isə inqilabi hərəkatı parçalamaqda günahlandırırlar. Uzun və qızğın müzakirələrdən sonra qurultay səsvermə yolu ilə M.Ə.Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul edir: “Federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən münasib forma hesab olunsun”. (25) Beləliklə də, Rusiya imperiyasının müsəlman və türk xalqlarının milli-azadlıq mücadiləsi tarixində ilk dəfə olaraq məhz azərbaycanlılar milli-ərazi muxtariyyəti tələbini irəli sürdülər.

Bakı qurultayından cəmi 10 gün sonra, 1917-ci il mayın 1-də Moskvada artıq Rusiya müsəlmanlarının qurultayı öz işinə başlayır. Bakı milyonçusu Şəmsi Əsədullayevin Moskva müsəlmanlarına bağışladığı binada keçirilən, 11 gün davam edən və 600-ə qədər nümayəndənin, o cümlədən 100 qadının iştirak etdiyi Moskva qurultayının gündəliyinə 13 məsələ daxil edilsə də, qurultayın mərkəzi məsələsi Bakı qurultayında olduğu kimi, yenə də Rusiyanın siyasi - dövlət quruluşu olur. Qurultaya sədrlik edən M.Ə.Rəsulzadə və osetin Əhməd Salikov bu məsələyə dair müzakirəyə iki qətnamə layihəsi çıxarırlar. M.Ə.Rəsulzadənin "milli-ərazi federasiya prinsipləri əsasında demokratik respublika yaradılması" ideyası qarşısında Ə.Salikov "Rusiya xalqlarına milli-mədəni muxtariyyət verilməklə unitar dövlətin saxlanılması" təklifini irəli sürür. Hər iki layihə səsə qoyulur və böyük səs çoxluğu ilə (446 / 271) M.Ə.Rəsulzadənin təklif etdiyi qətnamə qəbul edilir. Beləliklə, Rusiya müsəlmanlarının qabaqcıl nümayəndələri Rusiyanın milli-federativ respublikaya çevrilməsi və müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi ideyasını günün tələbi kimi irəli sürürlər.

Yasəmən Mahmudova (Qaraqoyunlu)
Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed