Şrift:
Elçibəyin imzaladığı fərmanda dəyişiklik edildi
25.12.2014 [09:28] - Sosial
Dövlət başçısı İlham Əliyev “Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” 9 yanvar 1993-cü il prezident fərmanına dəyişiklik edib. “İcbari sığortalar haqqında” qanunun tətbiqi ilə əlaqədar imzalanan 23 dekabr fərmanı 9 yanvar 1993-cü il fərmanının 2-ci hissəsinin ləğvini nəzərdə tutur.

Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması fərmanını 1993-cü il yanvarın 9-da prezident Əbülfəz Elçibəy imzalayıb. Həmin fərmanın dekabrın 23-də ləğv edilən 2-ci hissəsi belə idi:

- “Erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 1992-ci il 5 may tarixli fərmanına əsasən sığorta ödənişi nəzərdə tutulmuş, lakin 1993-cü il yanvarın 1-nə kimi ödənilməmiş zərərin məbləği tikililərin bərpası zamanı 1992-ci ildə icbari sığorta üçün mövcud olmuş dəyər məbləğində ödənilsin.

Dekabrın 23-də İlham Əliyev “İcbari sığortalar haqqında” qanunda dəyişiklikləri imzalayıb. Bununla bağlı verilmiş fərmanda prezident Nazirlər Kabinetinə sığorta sektorunda ödəniş sisteminin təkmilləşdirilməsi və nağdsız dövriyyənin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamağı tapşırıb.

Maliyyə Nazirliyi isə “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş birdəfəlik pul vəsaitinin və sığorta haqlarının məbləğini bir ay müddətində müəyyən etməlidir.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed