Şrift:
ABŞ-ın ikili standartları
12.01.2015 [13:01] - Siyasət
Riçard Morninqstar: "Sizin dediyiniz fikirləri başa düşürəm, anlayıram"
Hər halda Azərbaycan Birləşmiş Ştatlarında özünə münasibətdə daha açıq və daha səmimi siyasət tələb edir. Amma dəyişikliyin olduğu da faktdır. Nə dəyişdi axı: Nə baş verdi: İlham Əliyevin səbr kasası nə vaxt daşdı? Adətən soyuqqanlı davranan, yüz ölçüb bir biçən, ən sərt açıqlamaları belə diplomatik qabığa büküb məharətlə təqdim etməyi bacaran dövlət başçısının hövsələsinin daralmasına nə səbəb oldu: Əvvəlki dostyana reaksiyalar niyə kəsildi. Niyə çox şeyin üstündən keçən Bakı birdən nəyinsə üstündə dayandı. Bu son nöqtə təsadüfən Krım, daha doğrusu Birləmiş Ştatların Krım məsələsinə bir, Qarabağ məsələsinə tamam əks qütbdən yanaşması olmadı ki… Bəlkə də oldu. Və yəqin ki, oldu. Ötən “Hesabat”ldardan birində bu sualı elə bu studiyada Birləşmiş Ştatların şəxsən özünə, daha doğrusu onun Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Riçard Morninqstara vermişdik. Gəlin xatırlayaq.

- Cənab səfir, balans demişkən, bu müsahibədən sonra elə ABŞ-ın apardığı siyasətin özündə balansın olmadığı barədə fikirlər səslənməyə başladı. Məsələn, belə məlumatlar yayıldı ki, niyə Birləşmiş Ştatlar Krıma daha çox diqqət yetirir, nəinki Qarabağa? Niyə Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya tətbiq etməyin tərəfindədir və bunu ən ciddi şəkildə tələb edir, amma eyni hadisənin müəllifi olan Ermənistana Qarabağla bağlı bu sanksiyalar tətbiq olunmur? Ümumiyyətlə, Azərbaycanda balans mövzusuna çox həssas yanaşırlar. Necə olur ki, Liviya ilə qətnamənin icrasına bir neçə dəqiqə kifayət edir, amma BMT-nin Dağlıq Qarabağ və Azərbaycanla bağlı qətnamələri var ki, 22 ildir kağız üzərində qalıb və heç bir nəticə yoxdur. Yaxud Yuqoslaviyada Birləşmiş Ştatlar sülhməramlı əməliyyat üçün heç BMT-nin mandatını belə gözləmədi, bu addımı atdı. Azərbaycanla bağlı məsələlərdə isə bu, faktiki olaraq, kağız üzərində qalır. Ümumiyyətlə, Birləşmiş Ştatlar sözdən işə heç cür keçə bilmir ki, bilmir. Bütün bu ittihamlara, Sizə, yəni Birləşmiş Ştatlara edilən iradlara münasibətiniz necədir?

- Sizin möqeyinizi başa düşürəm. Bəli, Sizin dediyiniz fikirləri başa düşürəm, anlayıram. Hələ də həllini gözləyən bu münaqişə ilə bağlı Azərbaycan xalqının məyusluğunu anlayıram. Mən nəinki səfir olandan, hətta 1990-cı illərdən Azərbaycana səfər etməyə başlayandan bəri məcburi köçkün ailələri ilə görüşmüşəm. Bu insanların öz doğma evlərindən bu qədər uzun müddət ayrı qalmalarının nə qədər ağrılı hiss olduğunu anlayıram. Biz hələ də belə hesab edirik ki, bu münaqişənin nizamlanmasının ən yaxşı yolu Minsk qrupu prosesi vasitəsi ilədir. Hesab edirəm ki, biz ötən aylarda bu proseslə bağlı kifayət qədər fəal olmuşuq. Biz birbaşa və açıq şəkildə bəyan etmişik ki, işğal edilmiş 7 rayon Azərbaycana qaytarılmalıdır və münaqişənin həlli yalnız bu şərtlə mümkündür. Bu 7 rayondan əlavə, Dağlıq Qarabağın özünə gəldikdə isə, bizim mövqeyimiz və fikirlərimiz bundan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusu ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi əsasında danışıqlar vasitəsi ilə müəyyən olunmalıdır. Biz danışıqlar yolu ilə məsələnin həll edilməsi üçün hər iki tərəflə danışıqlar aparırıq. Biz ümid edirik ki, prezidentlər keçən payız verdikləri vədə əməl edərək yenidən görüşəcəklər və hər iki prezident konkret həllə nail olmaq üçün konkret addımlar atacaqlar. Biz hər iki ölkənin xalqlarını sülhün gətirəcəyi faydalar barədə düşünməyə çağırırıq. Bunu hal-hazırda təmas xəttində baş verən faciəvi hallarla, eyni zamanda hazırkı durğunluq və çıxılmaz dalan vəziyyəti ilə müqayisə etməyə və sülhün üstünlüklərini görməyə çağırırıq.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed