Şrift:
MSDM Güneylə bağlı qapalı toplantı keçirib
15.01.2015 [10:28] - Güney Azərbaycan xəbərləri, Siyasət
Yanvarın 14-də Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Güney Azərbaycan məsələsi bu gün” mövzusunda toplantısı keçirib. Mətbuat üçün qapalı olan toplantıda MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, həmçinin siyasi və ictimai xadimlər iştirak ediblər.



Toplantıda Güney Azərbaycanın bugünkü vəziyyəti və İran İslam Rejiminin Güney Azərbaycanda yeritdiyi siyasətlə bağlı geniş müzakirələr olub. MSDM-dən musavat.com-a verilən məlumatda bildirilir ki, Yasəmən Qaraqoyunlu, Abdulla Əmir Haşimi Cavanşir, Mehriban Vəzir, Arif Hacılı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli,Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli,GAMC- nümayəndəsi Nəbi Soytürk,Ümüd partiyası beynəlxalaq əlaqələr üzrə sədr müvini Rüfət Muradlı,,BAO təmsilçisi Faiq Qəzənfəroğlu və digərləri tədbirdə çıxı ediblər. Onlar Güney Azərbaycandakı ümumi vəziyyətdən, orada insan haqlarının vəziyyətindən, həmçinin milli-mədəni haqlar uğrunda mübarizə aparan Azərbaycan türklərinə qarşı İran hakimiyyətinin həyata keçirdiyi həbs və cəzalardan danışıblar.

Toplantıda İranda Azərbaycan türklərinə qarşı etnik diskriminasiya da müzakirə və təhlil olunub.

Hazırda İsveçdə mühacirətdə yaşayan Abdulla Əmir Haşimi Cavanşir cıxışında bu məsələlərlə bağlı geniş məlumat verib: “Bu gün də İslam ədalətinə zidd olaraq Güney Azərbaycan əhalisinin və onun azadlığı və haqları uğrunda dinc mübarizə aparan Güney Azərbaycan milli azadlıq hərəkatının haqq səsini boğmağa çalışan rasist rejim azərbaycanlı milli-mədəni aktivistləri müxtəlif yollarla, o cümlədən şübhəli süni qətllər, həbs və iqtisadi-psixoloji təzyiqlərlə sıradan çıxarmağa cəhd göstərir”.

Toplantıda 2015-ci ilə qədər həbsdə olanlar, təzyiqə məruz qalanlar haqqında da məlumat təqdim edilib. Bildirilib ki, Təbrizin mərkəzi zindanı İranda ən ağır zindanlardan biridir. Bu zindanda şərait ağırdır və siyasi məhbuslar digər məhbuslarla birlikdə saxlanılır. Qeyri-rəsmi statistikaya əsasən həbsxanada bir neçə azərbaycanlı milli-mədəni fəal da daxil olmaqda, təxminən 4000 məhkum həbsdə saxlanılır. Güney Azərbaycanın Urmiya şəhərinin mərkəzi zindanında aclıq aksiyasi keçirən siyasi məhbuslar təzyiq və təhdidlərlə məruz qalır. Həmçinin vurğulanıb ki, milli-mədəni fəallar həbsxanaya göndərilməzdən əvvəl İran İslam Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Təbriz idarəsinin təcridxanalarında məmurlar tərəfindən aylarla fiziki və psixoloji işgəncələrə məruz qalır, bu səbəbdən səhhətlərində ciddi problemlər yaranır.

Bildirilir ki, MSDM-in Güney Azərbaycan problemlərini aktuallaşdırması mövzusunda toplantısı iştirakçılar tərəfindən müsbət dəyərləndirilib. Müzakirələrin davam etdirilməsi, tədbirdə səslənən bir sıra təkliflərin diqqətə alınması məqsədəuyğun sayılıb.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed