Şrift:
Güney Azərbaycan xəbərləri
31.12.2011 [15:29] - Gündəm
128 nəfər azərbaycanlı fəalın məhkəməsi sona çatıb

Kütləvi şəkildə Təbriz Məhkəməsinin 104-cü şöbəsində mühakimə olunan 128 azərbaycanlı fəalın məhkəmə prosesi (sürəc) yekunlaşıb. Onların ilkin məhkəmə prosesi 2011-ci il dekabrın (December) 13-də keçirilib. Artıq soydaşlarımız barəsində çıxarılan son qərar məlum olub.Təbriz Məhkəməsinin hakimi Kiyanuş Şükuhtazə milli təhlükəsizliyə qarşı çıxmaqda və qanunsuz aksiyalarda (yürüş) iştirak etməkdə təqsirləndirilən 128 azərbaycanlıdan 5 nəfərə 1 il həbs və 70 zərbə şalllaq, 10 nəfərə 6 ay həbs və 40 zərbə şalllaq, 25 nəfərə 3 ay həbs və 30 zərbə şalllaq, 37 nəfərə 6 ay şərti həbs və 20 zərbə şallaq cəzası verib. Mühakimə edilənlərdən 9 nəfərin yaşı yetkinlik həddinə çatmadığı üçün işləri uşaq məhkəməsinə göndərilib. Qalan 42 azərbaycanlı fəal isə sərbəst buraxılıb.Qeyd edək ki, azərbaycanlı fəallar 2011-ci il sentyabr ayında (şəhrivər ayı) Təbriz şəhərində Urmu gölünə İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilmiş aksiya (yürüş) zamanı tutulmuşdular.


Mehrdad Kərəminin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq yaradılıb

Tutuqlu azərbaycanlı fəal Mehrdad Kərəminin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq işə başlayıb.Veblaqdakı məlumata görə, Kərəmi bazar günü (dekabrın 25-i , deyin 4-ü) öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq bir gün öncə Təbrizdən Zəncana köçürüldüyü və hazırda Zəncan ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldığını bildirib.Qeyd edək ki, tanınmış öyrənci fəal Mehrdad Kərəmi dekabrın 24-ü (deyin 3-ü) Təbrizdə ETTELAAT məmurları tərəfindən tutuqlanıb.Xatırladaq ki, Azərbaycanşünaslıq Ocağının keçmiş müdir-məsulu olan adını çəkdiyimiz azərbaycanlı fəal, dəfələrlə milli və mədəni zəmindəki fəaliyyətlərinə görə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.
http://www.mehrdadkeremi.blogfa.com


Azərbaycan dilində mətbuatın problemləri Tehran mediasında müzakirə mövzusu olub

“İran jurnalistlərinin müsibətləri az deyil... Bu arada, əyalətlərdə nəşr olunan mətbuatın müsibətləri isə qat-qat artıqdır... Belə ki, əyalətlərdə az da olsa nəşr olunan Azərbaycan və Kürd mətbuatı daha ciddi problemlərlə üzləşir” Bu barədə Tehranda nəşr olunan “Şərq” qəzeti yazır.
“Şərq” qəzetində əyalət mediasının problemləri ilə bağlı məqalə azərbaycanlı jurnalistlərlə söhbət əsasında yazılıb. Müəllif sual verir ki, əgər qeyri-fars dillərdə medianın böyük problemləri varsa, bunların çapına ehtiyac varmı?
Qəzet sualın cavabında ana dilinin əhəmiyyətini xatırladır: “Çoxları, qeyri-fars dilli mətbuatın qanunla və etik cəhətdən mövcud olması hüququna hörmətlə yanaşmır, bu medianı lazım qəbul etmir. Bundan başqa, yerli mətbuatın ən birinci problemi dil məsələsidir”.
“Şərq” qəzeti Həmədan əyalətinin dövlətin müdaxiləsi nəticəsində bağlanan “Sina” qəzetinin rəhbərinə istinadən yazır: “Ana dilində məktəblər olmasa da xalq öz ana dilində danışır. Amma, öz dilində çap olunan ədəbiyyatı oxuya bilmir”.
Ərdəbilli şair və qəzetçi Səyid Məhəmmədi (Muğanlı) “Şərqə” deyib: “Təəssüflər olsun ki, Türk dili (Azərbaycan dili) İranda siyasiləşib və o qəzet ki, bu dildə nəşr olunur, ona kültür fəaliyyəti kimi yox, siyasi, dövlətə qarşı fəaliyyət kimi baxılır”.
Muğanlı əlavə edir: “Türk dilinin tədris imkanının olmamasından başqa, Türk dilli nəşrlər oxucu tapmaqda çətinliklə üzləşir. Türk mahallarında danışıq ana dilində olsa da insanlar öz dilində təhsil olmadığı üçün ana dillərində olan nəşrləri oxuya bilmirlər”.
Zəncan Əyalətinin “Bayram” dərgisinin müdiri Əliməhəmməd Bəyani dildən başqa problemləri əsas saymır. “Bizim iqtisadi və tarixi - mədəni problemlərimiz də var. Amma, Türk dilli mətbuatın oxucuları, öz dillərində təhsil almadıqları üçün, ana dillərində yazıb oxuya bilmirlər. Buna görə də bu qəzetləri almırlar və bu vəziyyət isə reklamların az olmasına səbəb olur”.
Urmiyədə nəşr olunan həftəlik “Ağrı” qəzetinin müdiri Əli Mustafazadə də qeyri-fars dilli ədəbiyyatın ən önəmli çətinliyinin maliyyə məsələsi olduğunu bildirir və əlavə edir: “Bu nəşrlər, İranın ən doğru müstəqil dərgiləridir. Azərbaycan dilli nəşrlər satış və əhalinin köməyi ilə ayaq üstə dayana bilir”.
“Şərq” eyni zamanda İran rəsmilərinin Türk dilli qəzetlərə fərqli münasibətlərindən narazıdır. “Ağrı”nın müdiri Əli Mustafazadə deyib ki, mətbuata verilən imkanlarda ayrı seçkilik var. “Əgər, Fars dilli mətbuata verilən imkanların az bir hissəsini bizim mətbuata versələr, keyfiyyətdə və kəmiyyətdə fars dilli qəzetləri keçərik”.
Əli Fərhadi deyir ki, əgər azərbaycanda nəşr olunan ədəbiyyatlar İranda ölkə miqyasında yayılan nəşrlərlə müqayisə edilərsə Azərbaycanda çap olub satılan ədəbiyyatın sayı, Fars dilli qəzetlərdən qat- qat azdır. “Keçmişlə müqayisədə Təbrizdə qəzet nəşri dəfələrlə azalıb. Hazırda Azərbaycan qəzetçiliyinin faciə dövrünü yaşayırıq”.
Cənab Fərhadinin sözlərinə görə, Şərqi Azərbaycanda hazırda 150-dək qəzet və jurnal çap olunsa da onların çox azının Türk dilində səhifələri var.


Təhlükəsizlik qüvvələrinin Oğulbəy kəndinə təzyiqləri davam edir

Tikantəpənin (Tikab) Oğulbəy kəndi oxucular üçün tanış bir addır. Kəndin divarları hər zaman milli şüarlarla bəzənildiyi üçün, bu kənd son illərdə təhlükəsizlik qüvvələrinin diqqət mərkəzində olub. Məlumata görə, Tikantəpə şəhərinin “Əmakin” idarəsinin məmurları Oğulbəy kəndinə hücum edib, divarlar üzərində milli məzmunlu və türk ilində yazılmış şüarları silməyə başlayıblar. Onlar, hətta avtomobillər üzərindəki türkcə yazılmış bir sıra etiketləridə siliblər.
Məmurların bu hərəkəti kənd əhalisinin ciddi reaksiyasına (əksüləməl) səbəb olub və nəhayət məmurlar bu işdən əl çəkiblər. Xatırladaq ki, Oğulbəy kəndinə son illərdə bu tip təzyiqlərin sayı olduqca artıb. Buna səbəb milli düşüncənin kənd əhalisi arasında yüksək olması və bu zəmindəki fəaliyytətləridir.


İRANDA NOBEL LAUREATININ ROMANININ ÇAPINA QADAĞA QOYULUB

İranda məşhur Portuqaliya yazıçısı, 1998-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Joze Saramaqonun “Korluq” adlı romanının çapına qadağa qoyulub.
Son illər ölkədə “Korluq” romanının üç ayrı tərcüməsi buraxılıb. Romanı tərcüməçilər Əsədulla Əmrai, Mehdi Qəbrai və Minu Moşiri ayrı-ayrılıqda fars dilinə tərcümə edib. Əsər bundan əvvəl 13 dəfə çap edilərək yayılıb.
Əsədulla Əmrai jurnalistlərə açıqlamasında Joze Saramaqonun “Korluq” romanının növbəti çapına qadağa qoyulmasını təsdiqləyib: “Romanın yenidən çap olunub yayılması hələ ki, dayandırılıb. Lakin bizə söz veriblər ki, məsələyə yenidən baxsınlar”.
Romanın digər tərcüməçisi Mehdi Qəbrai isə jurnalistlərə açıqlamasında əsərin çapına qoyulan qadağanın səbəbini izah etməkdən imtina edib: “Mən bunun səbəbini açıqlaya bilmərəm. Hələlik bu barədə susmağı üstün tuturam. Lakin ümid edirəm ki, romanın növbəti çapında yaranmış bu problem ortadan qaldırılacaq”.


İranlı general: “İrana qarşı hər hansı bir hücuma hücumla cavab veriləcək”

"İrana qarşı hər hansı bir hücuma hücumla cavab veriləcək”. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) yüksək rütbəli rəsmisi, general Hüseyn Salami deyib. O, İranın ingilis dilində yayımlanan “Press TV” kanalına açıqlamasında bildirib ki, ölkəsinin həyati əhəmiyyətə malik mənfəətlərinə hər hansı bir şəkildə zərər dəysə, strateji tədbirlərindən imtina etməyəcklər. Hüseyn Salami ABŞ-ın Hörmüz boğazı mövzusunda İrana nə etmək lazım olduğunu söyləyəcək mövqedə olmadığını da deyib.


ABŞ və İsrail İrana hücumun şərtlərini müzakirə edir

“Daily Beast” saytının verdiyi məlumata görə ABŞ müdafiə naziri Leon Panettanın bir neçə əvvəlki çıxışında İrana hücum planına qarşı çıxması İsrail hökumətinin narazılığına səbəb olub.

ABŞ-dakı İsrail səfiri hökumətinin narahatlığını Vaşinqtona çatdırıb. Ağ Ev isə İsrailə mesaj göndərərək İran “qırmızı xətt”i keçəcəyi təqdirdə bu ölkəyə hücum etməyi düşündüyünü bildirib. Vaşinqton İsraildən təkbaşına hərəkət etməməsini istəyib. Leon Panetta da daha sonra açıqlamalarında geri addım ataraq, ABŞ-ın İrana qarşı hər variantı masada saxladığını söyləyib.

“Daily Beast”" İrana hansı şərtlərdə önləyici hücum ediləcəyinə dair müzakirələr aparıldığını yazıb. Müşahidəçilər İranın nüvə silahlı əldə etməyə nə qədər yaxın olması məsələsində ABŞ və İsrail arasında fikir ayrılıqlarının olduğunu, bunun da iki ölkənin rəsmi Tehrana qarşı ortaq qırmızı xətt müəyyənləşdirməsinə mane olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed