Şrift:
NATO Azərbaycanla Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının 4-cü mərhələ sənədini təsdiq edib
16.01.2015 [21:13] - Gündəm, Hərb
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 2015-2016-cı illəri əhatə edən 4-cü mərhələsinin sənədi NATO tərəfindən təsdiq edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində proqramları çərçivəsində isə NATO-nun Beynəlxalq Qərargahı ilə Bakıda və Brüsseldə 28+1 formatında Tərəfdaşlıq Məqsədlərinin və tədbirlərin yerinə yetirilməsinin analizi üzrə görüşlər keçirilir. Planlaşdırma və Analiz Prosesi çərçivəsində Azərbaycan Respublikasının qəbul etdiyi 41 Tərəfdaşlıq Məqsədlərindən 27-i (Ümumi-17, Quru Qoşunları-5, Hərbi Dəniz Qüvvələri-1 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir. Hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilmiş, uzunmüddətli digər Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi üzrə müvafiq işlər davam etdirilir.

PAP sənədinə əsasən, NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Sülhməramlı bölük, Axtarış-xilasetmə üzrə taqım, Tibb taqımı, Mühəndis-istehkam taqımı və Helikopter qrupu ayrılıb.

Müdafiə Nazirliyi bildirir ki, FTƏP-in 2005-2007, 2008-2010 və 2011-2013-cü illəri əhatə edən 1-ci, 2-ci və 3-cü mərhələləri müvəffəqiyyətlə yerinə yetirilib. FTƏP-in 2015-2016-cı illəri əhatə edən 4-cü mərhələsinin sənədi NATO tərəfindən təsdiq edilib.

FTƏP öhdəliklərinə uyğun olaraq, 2010-cu ildə Hərbi Doktrina və 2013-cü ildə Dəniz Təhlükəsizliyi Strategiyası qəbul edilib. Müdafiə Nazirliyi tərəfindən hazırlanan Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi isə artıq Xarici İşlər Nazirliyinə təqdim olunub.

Bundan əlavə, ötən il ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin (SQ) Belçika Krallığının Mons şəhərindəki NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsində baş əlaqələndirici zabiti təyin edilib.

Müdafiə Nazirliyi həmçinin bildirir ki, Azərbaycan artıq Silahlı Qüvvələrində çavuş məktəbinin, kiçik zabitlər üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və SQ-nin Hərbi Akademiyasının tədris proqramına “Müdafiə Strategiyası və Planlaşdırılması” fənninin yeni modul kimi daxil edilməsi üzrə NATO-nun Hərbi Təlim və Təhsil sistemi proqramına qoşulub. Orduda sülhməramlı və humanitar xarakterli çoxmillətli əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr (tibbi, mühəndis və təminat üzrə bölmələri), eləcə də Azərbaycan ərazisində NATO çərçivəsində çoxmillətli təlimlərin planlaşdırılması və keçirilməsi üçün təlim bazaları hazırlanır.

Bundan əlavə, NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının Ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin Hərbi Tədris müəssisələrində “NATO günləri” keçirilir.

Azərbaycan, həmçinin strateji maraqlarına uyğun olaraq Silahlı Qüvvələrinin modernləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi Proqramının tələblərindən irəli gələn öhdəlikləri yerinə yetirir. Müdafiə Nazirliyi və Baş Qərargah daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinin ştat-strukturu (Q) NATO standartlarına uyğunlaşdırılıb. Bundan əlavə, NATO qüvvələri ilə birgə əməliyyat uyarlığı imkanlarına nail olunması məqsədilə Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində fəaliyyət davam etdirilir.

Müdafiə Nazirliyi bildirir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 9 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir. 2015-ci il ərzində NATO strukturlarında xidmət edən zabitlərin say tərkibinin artırılması planlaşdırılır.

Qeyd edilir ki, Müdafiə Nazirliyinin nəzdində Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Avro-Atlantik İnteqrasiya şöbəsi, NATO-nun Standartlaşdırma Sazişləri üzrə Komissiya, Azərbaycan Ali Hərbi Məktəbində NATO/SNT Kafedrası, Tərəfdaşlığın Təlim və Tədris Mərkəzi fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed