Şrift:
AMEA-nın Naftalan-Goranboy arxeoloji ekspedisiyası mühüm nailiyyətlər əldə edib
23.01.2015 [16:45] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naftalan-Goranboy arxeoloji ekspedisiyası tədqiqatları uğurla başa çatdırıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov AzərTAc-a bildirib ki, tədqiqatlar nəticəsində Goranboy rayonu ərazisindəki Göl yeri eneolit və erkən tunc dövrü yaşayış yerində yarımqazma ev yerləri, təsərrüfat quyuları və ocaq yerləri aşkar olunub. Buradan çoxsaylı maddi mədəniyyət nümunələri - saxsı, daş və sümük məmulatı əldə edilib. Eneolit dövrünə aid saxsı məmulatı bitki qarışıq gillə yoğrularaq hazırlanıb. Bu dövrün saxsı məmulatı içərisində dairəvi formaya malik qulpları olan qablar xüsusilə diqqəti cəlb edir. İlk tunc dövrünə aid saxsı məmulatı boz, qonur, qara rəngdə bişirilmiş iri küp, küpə, qazan, tava, kasa, süzgəc, qapaq və s. ibarətdir. Onların böyük əksəriyyətinin xarici səthi, bəzilərində isə həm daxili, həm də xarici səthi yuxarıda qeyd edilən rənglərdə anqoblanıb və ya əlavə gil qatı ilə suvanıb. Bəzi küpələr üç qulplu hazırlanıb. Yaşayış yerinin hər iki təbəqəsində xeyli sayda daş məmulatı - dən daşları, sürtgəclər, müxtəlif təyinatlı kəsici alətlər və s. aşkar edilib. Daş məmulatı eneolit dövrü təbəqəsindən daha çox sayda aşkar olunub. Bunların da demək olar ki, hamısı əkinçilikdə istifadə olunan dən daşları, həvəng və dəstələrdən ibarətdir. Bu isə eneolit dövründə həmin bölgədə əkinçiliyin əsas təsərrüfat sahəsi olduğunu göstərir. İlk tunc dövründə isə əkinçiliklə yanaşı, maldarlığın da əsas məşğuliyyət sahələrindən biri olduğunu görürük. Ümumiyyətlə, yaşayış yerində aparılan tədqiqatların nəticələri eneolit dövründən ilk tunc dövrü – Kür-Araz mədəniyyətinə keçid prosesinin izlənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Goranboy rayonu ərazisindəki digər tədqiqat yeri Qaraçinar kəndi ərazisində çoxtəbəqəli yaşayış yeridir. Yaşayış yerinin tutduğu ərazi bir hektardan artıq, hündürlüyü isə 10 metrə yaxındır. İlkin tədqiqatlar zamanı yaşayış yerindən eneolit, tunc və orta əsrlərə aid saxsı və daş məmulatı aşkar edilib. İlk tunc dövrü təbəqəsindən aşkar edilmiş isgənə tipli tunc əşya da diqqət çəkir. Yaşayış yerində digər bir diqqət çəkən məqam isə abidənin üzərində iri ölçülü sütun altlığının aşkar edilməsidir.

Goranboy rayonu ərazisindəki Rüstəmli kurqanları qeydə alınaraq arxeoloji tədqiqatlar aparılıb. Böyük ölçülü kurqanaltı sərdabənin olması ehtimalını yaradan ağac tirlər aşkar edilib. Ağac tirlərin aşkar edildiyi sahəyə əsasən sərdabənin 100 kvadratmetrə yaxın sahəyə malik olduğunu söyləyə bilərik. Kurqanda tədqiqatlar növbəti qazıntı mövsümində davam etdiriləcək.

Naftalan şəhəri ərazisində Qaşaltı orta əsr yaşayış yeri qeydə alınıb, yerüstü arxeoloji materiallar toplanılıb. Yaşayış yeri üç hektardan artıq ərazini əhatə etməklə əlverişli təbii-coğrafi mövqedə yerləşir. Əldə edilən maddi mədəniyyət nümunələrinə daş və saxsı məmulatını aid etmək olar. Gələcəkdə yaşayış yerində geniş miqyaslı arxeoloji tədqiqatların aparılmasını planlaşdırırıq.
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed