Şrift:
-Ukrayna ilə əməkdaşlıq etmək mümkündür, amma...-
26.01.2015 [13:27] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu məsələlər ətraflı şəkildə müzakirə edilməlidir”

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Azərbaycan-Ukrayna əməkdaşlığının zəruriliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Həm Azərbaycanın, həm də Ukraynanın ərazi bütövlüyünün pozulduğuna diqqət çəkən səfir, hər iki ölkənin əməkdaşlığa məhkum olduğunu qeyd edib: “Azərbaycanın torpaqları işğal olunub, amma beynəlxalq təşkilatlar onu işğalçı tərəflə razılıq əldə etməyə, ümumi dil tapmağa çağırırlar. Azərbaycanın bugünkü şərtlərdə işğalçı ilə razılığa gəlməsi çox çətindir. Bu məsələdə Ukrayna ilə Azərbaycanın vəziyyəti oxşardır. Azərbaycana deyirlər ki, təcavüzkarla razılaşmağın yolunu tapın. Təcavüzkarla necə ümumi dil tapmaq olar? Təcavüzkar xoşbəxtdir, o, işğal etdiyi torpaqları qaytarmaq istəmir.
Biz dostluğa, əməkdaşlığa, sadəcə, məhkumuq, taleyimiz budur. Mən Azərbaycan Demokratik Respublikasının tarixindən bəhs edən videoçarxa da baxmışam. Qeyd edim ki, Azərbaycan tarixindəki ADR səhifəsi mənə çox tanış gəldi, bizim xalqların taleyində, milli azadlıq mübarizəsində ortaq məqamlar nəzərə çarpdı”.
Maraqlıdır, Azərbaycan Ukraynaya müəyyən dəstək vermək, onunla münasibətləri müəyyən pilləyə yüksəltməklə gələcəkdə Qarabağ məsələsində bu ölkənin yardımından faydalana bilərmi? Ola bilərmi ki, Azərbaycan Rusiya-Ukrayna münasibətlərinin mövcud vəziyyətindən fürsət kimi yararlanıb dünyanın ən döyüşkən xalqlarından biri olan Ukraynanı ölkəmizin yaxın müttəfiqinə çevirsin?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən millət vəkili Fərəc Quliyev Ukrayna və Azərbaycan arasında əməkdaşlığı istisna etməsə də, bu məsələnin ətraflı müzakirəyə ehtiyac olduğunu bildirdi:
“Təəssüflər olsun ki, öz ərazisindəki vəziyyətə diqqət çəkən Ukrayna Qarabağ məsələsində lazım olan münasibəti ortaya qoymayıb. Biz o zaman Ukraynadan adekvat münasibət görməmişik. Düzdür biz GÜAM-da əməkdaşlıq edirik. Rusiyanın gec partlayan minalar basdırdığı, seperatçılıqla bağlı müəyyən problemlər yaşayan postsovet ölkələri onsuz da əməkdaşlıq etməlidirlər. Azərbaycan BMT-dəki səsvermədə birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıdı. Faktiki olaraq hansı məsələlərdə əməkdaşlıq edə bilərik, bunlar da müzakirə edilməlidir. Ukraynanın hərbi-sənaye kompleksi mövcuddur. Bu istiqamətdə də əməkdaşlıq etmək mümkündür. Mən demirəm ki, biz bu gün Rusiya ilə müharibə edəcəyik və ya etməliyik. Amma hər halda malik olduğumuz problemlərin dinc yolla həllində də Ukrayna öz səylərini ortaya qoya bilər. Bu baxımdan Ukrayna səfirinin dedikərini prinsip olaraq nəzəri baxımdan qəbul etmək olar. Amma qalan məsələlər dövlət başçılarının ölkənin xarici siyasətini nə cür korrodinasiya edib necə istiqamətləndirməsindən daha çox asılıdır. Biz səfirin çağırışı ilə dərhal hansısa qərar qəbul edə bilmərik. Bunlar ətraflı şəkildə müzakirə edilməlidir. Müvafiq olan məsələlərlə bağlı ölkə başçısı qərar verə bilər. Biz bütün münaqişələrin dinc yolla həllinin tərəfdarıyıq və bu məsələdə əməkdaşlığı zəruri hesab edirik”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed