Şrift:
Niyə Qarabağ münaqişəsinə fərqli yanaşılır? – Mövqe
27.01.2015 [10:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Münaqişə obyektlərinə yanaşma tərzi subyektiv səbəblərdən qaynaqlanır”

Qeyd edək ki, postsovet məkanında çoxsaylı münaqişələr var ki, SSRİ dağılandan bu günə qədər həll olunmamış qalır. Bu münaqişələr Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Ukraynaın şərqində cərəyan edir. Amma maraqlıdır ki, bu münaqişələr keçmiş SSRİ məkanında baş versə də, böyük dövlətlər, Qərb həmin münaqişələrə eyni yanaşma tərzi nümayiş etdirmir. Qərb dairələrinin yuxarıda qeyd olunan digər münaqişələrlə müqayisədə Dağlıq Qarabağ münaqişəsinə baxışları tamamilə fərqlidir. Digər münaqişə ocaqlarındakı separatçılar Qərb tərəfindən sanksiyalara məruz qalsa da, Dağlıq Qarabağdakı separatçı rejimə münasibətdə isə əksinə, humanitar adla yardım etmək siyasəti yürüdülür.

Görəsən, postsovet məkanındakı münaqişələrin həllinə niyə eyni yanaşma yoxdur?

Millət vəkili Fərəc Quliyev Yenicag.az-a açıqlamasında bildirdi ki, eyni köklü münaqişələrə fərqli münasibət subyektiv amillərdən qaynaqlanır: “Postsovet məkanındakı münaqişələr eyni qaynaqdan yaranıb. Ümumiyyyətlə, sovet imperiyası gec partlayan minanı xatırladırdı. Bunların bir çoxları partladı, bir çoxları da qalır. Əslində buradakı münaqişələrin arxasında Rusiyanın dayandığı heç kimə sirr deyil. Hesab edirəm münaqişə obyektlərinə yanaşma subyektiv səbəblərdən qaynaqlanır. Məsələn, Ukraynaya yanaşma bir fərqli yanaşmadır. Hərçənd hesab edirik ki, Ukrayna məsələsində Avropa Birliyi, dünya doğru mövqe tutdu. Gürcüstan Rusiya münaqişəsi zamanı Qərb tərəfindən konkret addımlar müəyyənləşdirildi və məsələ qismən də olsa həll olundu. Amma Qarabağ məsələsində tamam fərqli mövqedə dayanıblar. Ortalıqda görünür bizdən asılı olmayan səbəblərdən irəli gələn məsələlər də var. Üstəlik Azərbaycanın inkişafında maraqlı olmayan qüvvələr də mövcuddur. Habelə türk etnosunun hakim etnos kimi artıq formalaşması da görünür bəzi güclərə sərf etmir. İndiyə qədər bir az Rusiyadan ehtiyatlanma vardısa, sabah eyni təzahürlərin davam etməsi bu amili bir qədər arxa plana keçirir. Dağlıq Qarabağ məsələsində böyük güclərin susqunluğu Ukrayna məsələsini ortaya çıxardı. Bu həm də Rusiyanın revanşist davranışlarına yol açdı. Hətta vəziyyət o qədər irəli getmişdi ki, bununla bağlı başqa ölkələr haqqında da düşünülürdü. Qarabağ məsələsində susqunluq fəsadlar verdi və bu bumeranq siyasəti oldu. Bu kimi neqativ halların kökündə Dağlıq Qarabağ münaqişəsinə anormal, adekvat olmayan bir münasibətin olmasıdır. Problem qaldıqca başqa yerlərdə də separatçıların baş qaldırması, ərazi bötövlüyünün pozulması istiqamətində layihələrin ortaya qoyulması da həmişə gündəlikdə qalacaq.

Bu isə çox narahatedici məsələdir”.

Rüfət
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed