Şrift:
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-da bir sıra mühüm görüşlər keçirəcək
27.01.2015 [11:10] - Gündəm, Gənclik
Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə yanvarın 27-də BMT-nin baş qərargahında, 28-də isə ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu ilə Nyu-York şəhərində “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri təşkil ediləcəkdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbirlərdə yaxından iştirak etmək üçün ABŞ-a yola düşmüşdür.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanvarın 31-dək davam edəcək səfər çərçivəsində Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası da keçiriləcəkdir.

Bununla yanaşı, səfər çərçivəsində Ə.Qarayevin BMT-nin baş katibi Pan Gi Mun və onun Sivilizasiyalar alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Əl-Nasser, eləcə də Etnik Anlaşma Fondunun rəhbəri Ravvin Mark Şnayr, Bruklin şəhərinin meri Erik Adams və digər yüksək səviyyəli şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, cari il may ayının 18-19-da Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir. Azərbaycan dövlətinin beynəlxalq layihəsi olan Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə təşkil olunur.
Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed