Şrift:
Şagirdlər arasında rəsm və əl işlərindən ibarət festival keçiriləcək
27.01.2015 [11:12] - Gündəm, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mart ayı ərzində qurumun şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin rəsm və əl işlərindən ibarət “Bizim olimpiada” adlı festival keçiriləcək.

İdarədən bildirilib ki, festivalın məqsədi “Bakı–2015” birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onlara dövlət qayğısının artırılması, təsviri və tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsidir.

İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin, uşaq musiqi və şəhər uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçiriləcək festivalda 7-16 yaş qrupu üzrə şagirdlər iştirak edəcəklər.

Festivalda istənilən texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsmlər və istənilən materialdan hazırlanmış əl işləri qəbul olunur. Rəsm işləri kağız, kətan və digər materiallar üzərində olmalıdır.

Qeyd edək ki, qalibləri müəyyən etmək üçün mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti yaradılacaq.

Münsiflər heyəti tərəfindən 10 nəfər rəsm işləri üzrə, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək diplom və mükafatlarla təltif ediləcəklər.
Bu xəbər oxucular tərəfindən 885 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed