Şrift:
Vergi ödəyiciləri yeni metodologiya ilə qruplaşdırılacaq
27.01.2015 [11:24] - Xəbərlər, İqtisadiyyat
“Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”a uyğun olaraq vergi ödəyicilərinin sosial-demoqrafik göstəricilərinə əsasən qruplaşdırılması metodologiyası tətbiq edilib.

Yeni metodologiya ilə bağlı Vergilər Nazirliyindən məlumat veriblər. Bildirilib ki, bu metodologiya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yaşına, cinsinə, yaşadığı yerə (şəhər, kənd) və sahibkarlıq fəaliyyəti ilə məşğul olma müddətinə görə qruplaşdırılması qaydasını müəyyən edir. Burada əsas məqsəd vergi ödəyicilərinin müxtəlif qruplar üzrə göstəricilərin əldə edilməsi və təhlillərin aparılmasıdır.

Qruplaşdırma hər təqvim ili üzrə aparılacaq. Bu işin həyata keçirilməsi üçün fiziki şəxslərin qeydiyyatla bağlı vergi orqanlarına təqdim etdikləri məlumatlardan istifadə olunacaq və bu məlumatlar Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) müvafiq modullarından götürüləcək.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər yaşa görə üç qrupa bölünəcək: 35 yaşadək, 35-55 yaş, 55 yaşdan yuxarı.

Vergi ödəyicisi olan fiziki şəxsin şəhər və ya kənd əhalisinə mənsubiyyəti onun vergi orqanına təqdim etdiyi şəxsiyyət vəsiqəsi məlumatlarında “yaşayış yeri” barədə göstərilən məlumat əsasında müəyyən olunacaq. Daha sonra onların vergi orqanlarında qeydiyyatdan keçmiş fiziki şəxslərin ümumi sayında faiz nisbəti tapılacaq. Eyni zamanda, vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olma müddəti də dəqiqləşdiriləcək.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed