Şrift:
Oğuz yurdunun övladları - Fazilə Yəhyə qızı Hüseynova
30.01.2015 [00:05] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Görkəmli şair Eldar İsmayılın “Oğuz yurdunun övladları” kitabında Qərbi Azərbaycan Türk ziyalıları haqqında geniş oçerk xarakterli mövzular tarixi yaddaş baxımından böyük əhəmiyyət kəsb edir. Kitabda Türk qadın ziyalılarımızın adı da çəkilir və onların haqqında məlumatlar verilir. Həmin qadın ziyalılarımızdan olan Fazilə Yəhya qızının da ziyalı həyat yolu işıqlandırılmışdır.
Fazilə Yəhyə qızı Hüseynova 1963-cü ildə Krasnoselo (Çənbərək) rayonunun Cil kəndində anadan olmuşdur. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra bir müddət atasının yanında arıçı işləmişdir. 1983-86-cı illərdə İrəvan Dəmirçi sovxoz texnikumunda oxumuşdur. Fazilə xanım erməni soyqırımına qarşı mübarizə aparanlardan biri olmuş və 1988-ci ildə didərgin kimi Bakı şəhərində məskunlaşmışdır. Həmin il N. Tusi adına ADU-nun “Tarix və əlavə dövlət hüququ” fakültəsinə daxil olub, 1993-cü ildə ali təhsilini başa vurmuşdur. Hüquq servisində kiçik hüquq məsləhətçisi işlədikdən sonra Koperativ Texnikumda, Kommersiya Texnikumunda müəllim işləmişdir və 1996-cı ildən Azərbaycan Beynəlxalq Universitetində müəllim işləyir.
Azər-türk qadınlar cəmiyyətinin və “Xatun” Ədəbi dərnəyinin üzvüdür. İlk şeiri “Sovet Ermənistanı” qəzetində dərc olunub. “Azərbaycan”, “Ulu Göyçə”, “Gənc müəllim”, “Kür”, “Xalq qəzeti”ində bir sıra şeirləri işıq üzü görüb. Fazilə xanım “Bağışla məni” adlı şeirlər kitabının müəllifidir. Fazilə xanımın şeirlərləri özünəməxsus orijinan bir səpkiyə malikdir. “Könlüm” adlı şeirini oxuyarkən onun daxili zənginliyini, dünyaya baxışında hadisələrə fəlsəfi- bədii yanaşma qabiliyyəti və istedadı görürük.

KÖNLÜM

Nə ocaq axtardım, nə də ki, bulaq,
Özündən qaynayan bulaqdı könlüm.
Nə qılınc axtardım, nə də ki, yaraq,
Hər zaman qalxandı, yaraqdı könlüm.

İnsanın ürəyi bir sirli sandıq,
İçində olanı arayıb, andıq.
Eşqi pünhan bilib ilhamı sandıq.
Oxunan kitabdı, varaqdı könlüm.

Özüm öz sevdama tutqun olalı,
Hərlənib gəzirəm başı bəlalı.
Röyada görürəm şirin xəyalı,
Gündüzlər röyama oraqdı könlüm.

Faziləyəm, nə ayrılıq, nə ölüm,
Yaxın olur eşq yolunda yol, dönüm.
Qıymayın mən odsuz, ocaqsız sönüm,
Özü öz əlindən qaçaqdı könlüm.

Fazilə xanıma Tanrıdan can sağlığı və arzularına çatmaq diləyirəm!

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed