Şrift:
Bəxtiyar Hacıyev: - Azərbaycanın korlanmış zövqlərə qurban verilən televiziya məkanı
30.01.2015 [10:37] - Xəbərlər, Sosial, Gənclik, DAVAMın yazıları
Hərdən elə təəssürat yaranır ki, Azərbaycanın televiziya məkanı yalnız şou-biznes əhlinə işləyir. Televiziya kanallarımızın əksəriyyətində səhərdən axşamadək şou-biznes əhlinə (onlara müğənni deməyə dilim gəlmir), onların nə yeyib nə içdiyinə, nə geyindiyinə, hara səyahət etdiyinə, kiminlə görüşüb kiminlə yaşadığına, kiminlə ailə həyatı qurduğuna, kimdən uşaq dünyaya gətirdiyinə həsr olunan verilişlərin sayı yetərincədir. Bu "siyahı"nı kifayət qədər uzatmaq olar.

Sual yaranır: müasir dövrün çağırışları fonunda manıslarla bağlı verilişlərin çoxluğu və ya müxtəlif verilişlərdə manısların iştirakı - onlar bəzən mütəxəssis kimi fikir də bildirirlər - Azərbaycan tamaşaçısına nə verəcək? Bəlkə bu səpkili verilişlər yerli tamaşaçının dünyagörüşünə müsbət təsir göstərir?

Ailədaxili problemlərin - ərlə arvad arasında qısqanclıq zəminində dava-dalaş, vaxtilə cavanlıq edən ananın, xeyr, qadının uşağını "fəaliyyət"inə mane olduğu üçün atıb sonradan axtarması, qiyamətədək davam edəcək qayınana-gəlin didişmələri, Rusiyada cavanlıq edən ataların "məhsullar"ı, atasını tanımayan uşaqlar, anasından küsən gənclər və s. - Azərbaycanın televiziya məkanına əməlli-başlı ayaq açması da ikinci bəladır.

Yoxsa bu səpkili verilişlər də dövrün çağırışlarına cavab verir?

Üçüncü bəla kino sənəti adına ləkə sayılacaq milli seriallardır. Ümumiyyətlə, bu, araşdırma tələb edən ayrıca və geniş bir mövzudur. Amma digərləri ilə müqayisədə bu bəla televiziya məkanında hələ özünə çox yer edə bilməyib.

Acınacaqlı mənzərədən belə aydın olur ki, üst-üstə beş kitab oxumayan, Azərbaycan ədəbi dilində danışmağı bacarmayan, amma televiziya məkanımızda at oynadan aparıcılardan ibarət əksər yerli telekanallar heç bir quruma tabe olmayan, nəzarətsiz, özbaşına və ya müstəqil qurumlardır. Onlar nə istəyirlərsə, onu da yayımlaya bilər, Azərbaycan televiziyasını tamaşaçının korlanmış zövqünə qurban verə bilərlər.

Məlumdur, guya bütün bunların səbəbini reytinqdə axtaracaqlar. Əslində isə reytinq bəhanədən başqa bir şey deyil. Deməli, Azərbaycanın əksər telekanalları tamaşaçını manıs, ailə didişməsi və seriallardan daha çox maraqlandıran verilişlər hazırlamağı, onların diqqətini daha çox başqa - sanballı, düşündürücü, tarixi, mədəni, intellektual mövzulara yönəltməyi, əlqərəz, düzgün tamaşaçı zövqünü formalaşdırmağı bacarmırlar. Bu isə o deməkdir ki, ya Azərbaycan telekanallarında mütəxəssis çatışmazlığı var, ya da mövcud mütəxəssislər qeyri-peşəkarlar tərəfindən istismar olunur.

Bəs Azərbaycan televiziyasını şou-biznes əhlindən, ailədaxili söz-söhbətlərdən necə xilas edək?

Birinci təklif belədir: Əgər onlara həqiqətən də ehtiyac varsa, sırf manısların qlamur həyatından bəhs edən ayrıca telekanal açılsın. Ər-arvad, qayınana-gəlin didişmələri kimi qlobal mövzunu işıqlandırmaq da bu kanalın ixtiyarına verilsin. Yox, əgər bu ikinci mövzuya tələbat daha çoxdursa, əlavə kanal da açmaq olar.

İkinci təklif: Efiri zəbt etmək istəyən manıslara konkret böyük məbləğdə vergi tətbiq olunsun. Buradan gələn gəlir digər telekanalların inkişafına yönəldilsin.

Üçüncü, dördüncü, beşinci, ...mininci təklif...

Bu iradların qarşılığında deyilə bilər: "Tamaşaçını məcbur edən yoxdur ki. İstəmir, baxmasın!" və ya "Zövqlər müxtəlifdir" kimi absurd fikirlər.

Bəs tamaşaçı digər ölkələrin telekanallarına, başqa dillərdə yayımlanan verilişlərə baxmağa məcburdurmu? Həqiqət budur ki, tamaşaçı məhz əcnəbi kanalları seyr etməyə məcbur qalıb. Milli kanalların əldə rəhbər tutduqları reytinq də yerli tamaşaçının daha çox məhz qeyri-milli telekanallara üstünlük verdiyini göstərir. Nəticə isə çox acınacaqlıdır. Bu gün Azərbaycanda anadan olub Azərbaycanda yaşayan, fəqət Anadolu türkcəsində, rus dilində danışan, hətta Azərbaycan dilində danışa bilməyən, başa düşməyən uşaqların sayı kifayət qədərdir.

Uşaqlığından "sosializmin iyi" gələnlər Uşinskinin məşhur fikrini unutmayıblar yəqin ki: “Bir milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al”...

Ümid edirik ki, yaxın gələcəkdə bütün Azərbaycan telekanalları reytinq dalınca yüyürməkdən, yalnız pul qazanmağı düşünməkdən savayı, borclarını da yerinə yetirəcəklər - Azərbaycan xalqının dünyagörüşünün artmasına, Azərbaycan ədəbi dilinin zənginləşməsinə xidmət edəcəklər.
Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed