Şrift:
Güney Azərbaycan xəbərləri
04.01.2012 [13:34] - Gündəm
İranda internet-klublar nəzarətə götürülüb
İranın Kiber Polis İdarəsi (FTA) 20 maddəlik platforma hazırlayıb.
Platformada hər bir internet-klubunu işlədənin şəxsiyyət vəsiqəsi olmayan vətəndaşları içəriyə buraxmamaları, eyni zamanda internetdən istifadə edən hər bir şəxsin adını, soyadını, ev və mobil telefon nömrəsini qeyd etmələri yazılıb. Bundan əlavə, hər bir internet-klub videokamera ilə təchiz olunmalıdır. Görüntülər də 6 aydan çox sistemin yaddaşında qalmalıdır. Bu tələbləri yerinə yetirməyən internet-klub bağlanacaq və onun sahibi ciddi cəzalandırılacaq.


İranda daha 3 nəfər edam olunub

Dünən İranda 2 nəfər edam edilib. Adları açıqlanmayan şəxslər Ərak şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər. Onlar narkotik maddələrin alqı-satqısında günahlandırılaraq Ərak İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən edam cəzasına məhkum ediliblər. Qərar İranın Ali Məhkəməsi və baş prokurorluq tərəfindən təsdiqləndikdən sonra hökm icra olunub.
Yanvarın 2-də isə İranın Zəncan şəhərinin mərkəzi həbsxanasında bir nəfər dar ağacından asılıb. Edam edilmiş məhbusun adı və soyadı da açıqlanıb. Urmiya şəhərinə yaxın kənddən olan Səlah Rəşidi narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Onun cənazəsi edam həyata keçirildikdən üç saat sonra ailəsinə təhvil verilib. Qeyri-rəsmi məlumatlara görə, 2011-ci ildə İranda narkotik maddələrin qaçaqmalçılığında ittiham olunaraq 500 nəfər dar ağacından asılıb.


İranda incəsənət işçilərinə qarşı təqiblər başlayıb

İran İslami İrşad və Mədəniyyət Nazirliyinin qərarı ilə İran Kino Evi bağlanılıb. Bu barədə təşkilatın İdarə Heyətinin sədri Fərhad Tohidi açıqlama verib. O bildirib ki, nazirliyin İran Kino Evinin bağlanması ilə bağlı qərarını dekabrın 3-də öyrəniblər: “Bizə İran İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən göndərilən məktubda yazılıb ki, təşkilatın fəaliyyəti dayandırılıb. Əgər fəaliyyətə davam etsəniz, 48 saat ərzində bütün üzvlər qanunla cəzalandırılacaq”. Lakin təşkilatın vəkili belə bir qərara etiraz edərək bunu qanunsuz adlandırıb. Çünki İran qanunvericiliyinə görə, təşkilatı bağlamaq qərarını nazirlik yox, məhkəmə verir.
Qeyd edək ki, İran Kino Evi 1986-cı ildən fəaliyyət göstərir. Film istehsalı ilə məşğul olan təşkilatda rejissorlar, aktyor heyəti və başqa incəsənət adamları çalışır. Son prezident seçkilərindən sonra təşkilata üzv olan bir çox rejissorlar hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilib. Bir müddət öncə İran İslami İrşad və Mədəniyyət Nazirliyi qanunsuz fəaliyyətdə ittiham etdiyi İran Kino Evinin bağlanması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi gələn həftə keçiriləcək.


İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı 6 ay həbs cəzasına məhkum edilib

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faeze Haşimi hökumət əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 6 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə F. Haşiminin 5 il ərzində siyasətlə məşğul olmasına, ölkənin mədəni həyatında iştirakına və KİV-də çıxışlar etməsinə qadağa qoyub. F. Haşimi 20 gün ərzində qərardan şikayət edə bilər.
Qeyd edək ki, Rəfsəncaninin qızı 2009-cu ilin iyununda İranda keçirilən kütləvi aksiyalarda iştirak edib, 2011-ci ilin fevralında qısa müddətə həbs olunub. Vəkil Qulam Əli Riahi Faezeye qarşı ittihamların onun bəzi internet saytlarına verdiyi müsahibələrlə əlaqədar olduğunu bildirib.
Xatırladaq ki, Rəfsəncaninin oğullarından biri İran hökuməti tərəfindən Britaniya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Onun barəsində həbs qərarı çıxarılıb və barəsində beynəlxalq axtarış elan edilib.
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed