Şrift:
Azər Həsrət: - İt haqqında yazı
03.02.2015 [00:19] - Gündəm, Sosial, DAVAMın yazıları
Bəri başdan deyirəm ki, bu yazının “Azadlıq” qəzetinin yazarı Xaqani Əliyevə heç bir formada dəxli yoxdur. O Xaqani Əliyevə ki, mənim yanvarın 27-də dərc edilmiş “Dəvəni eşşəyin quyruğuna bağlamaq…” adlı yazımdan “uzaqgörən” nəticələr çıxarıb. Özü də elə bir həddə ki, hətta eşşək olmaq həsrətini, üstəlik də uşaqlıqda nəsə eşşəklə bağlı xatirələrini də qələmə alıb. Nə isə, təkrar qeyd edirəm ki, indi oxumaqda olduğunuz yazının doğrudan da Xaqani Əliyevə dəxli yoxdur. Necə ki, “Dəvəni eşşəyin quyruğuna bağlamaq…” adlı yazımın ona və çıxardığı nəticələrə heç bir formada dəxli yox idi…

Keçən il həyətimizdə bir it vardı. Bir gün bu it balaladı. Küçükləri bir küncdə, kol-kosda böyüməyə başladılar. Bir müddət keçdi, şipşirin it küçükləri həyətə dağılışıb oynamağa başladılar. Artıq hürməyə başlayanda məhləmizdə bunları sevməyənlər də ortaya çıxdı. Və başlandı.

Bir neçə sakin hər gün həmin küçükləri incidir, daşa basır, az qala öldürmək istəyirdi. Bizim Aysel isə əlindən gələni edirdi ki, küçüklərə dəyib-dolaşan olmasın. Elə biz özümüz də. Hər gün onları birlikdə yemləyir, əzizləyir, su verirdik. Baxmayaraq ki, bəzi qonşularımızın xoşuna gəlmirdi.

Beləcə iş böyüdü, küçüklər dönüb it, qonşular da bundan narahat oldular. Hərçənd həmin itlər heç kimə dəyib-dolaşmazdı. Amma bəzi aqressiv adamlar Allahın bu yazıq heyvanlarına göz verib işıq vermirdilər. İş hətta o yerə çatdı ki, “Lider” TV-nin müxbirləri həyətimizə gəldi, çəkiliş etdi, heyvansevər yanaşmasıyla reportajı efirə də verdi.

İtlər böyüməyinə böyüdü. Amma bəzi sakinlərimizin onlara düşmən münasibəti sonucu anaları öldü, 7 baladan da ikisi həyatla vidalaşmalı oldu.

Zaman keçdi, bir gün gördük ki, yerdə qalan 5 it də həyətdən yoxa çıxıb. Həftələrlə onların üzünü görə bilmədik. Aysel də bunlara çox öyrəşdiyindən darıxmağa başladı. Amma edəcək bir şey yoxdu. Hardan tapa bilərdik ki, onları bu böyük şəhərdə? Üstəlik, ağlımıza pis-pis fikirlər də gəlirdi. Düşünürdük ki, bəlkə onları da güllələyib sabun bişiriblər? Nə isə, zaman keçdi və bəlli oldu ki, elə deyilmiş.

Günlərin bir günündə bizi həm təəccübləndirən, həm də sevindirən bir olay yaşandı. Baxdıq ki, Ayselin adını “Fındıq” qoyduğu it bizim həyətdədir. Evdən çıxdıq, görüşdük. Allahın bu dilsiz-ağızsız heyvanı o qədər mehribanlıq etdi ki, özümüz də məəttəl qaldıq. Amma bunu da təbii qarşıladıq. Çünki bu vəfalı heyvan ona etdiyimiz yaxşılıqları unutmamışdı, qışın o soyuq günlərində bizə pənah gətirmişdi.

Biz də etmədik tənbəllik, başladıq buna qayğı göstərməyə. Bizim ailədən bir nəfərin belə həyətdə görünməsi bu it üçün toy-bayramdır. Atılıb-düşür, ayaqlarımıza sarılır, daha nələr etmir ki, başını sığallayaq? Özümüz də, maşallah, pis baxmırıq ha ona. Hər görəndə dükandan sosiska alıb veririk. Dükançı da, Allah kömək olmuş, gördü ki, hər gün alırıq bu ucuz – 65 qəpiklik sosiskadan, qiymətini 70 qəpik elədi. Biz də tənbəllik eləmədik, digər bir dükana üz tutduq və gördük ki, orda həmin sosiska 60 qəpikdir…

Nə isə, bu itə hər gün qulluq edirik, onun bizi görəndə gözlərindən yağan xoşbəxtlik elə bizi də ailəcə xoşbəxt edir. Allahın bir iti bir parça çörəyimizə (ki, biz o çörəyi ona qarşılıqsız veririk hər zaman) görə bizə bu qədər yaxın gələ bilir. Etibar edir, inanır, güvənir o bizə.

İndi həmin it, demək olar ki, hər gün bizim həyətdədir. Qarnı acanda gəlir, yeməyini yeyib ortalıqdan çəkilir. Görməyəndə “Fındıq, Fındıq” deyib çağırırıq, hardansa özünü yetirir. Özü də o qədər gözəl heyvandır ki, hətta dözməyib onun haqqında yazı yazmad da keçdi könlümdən.

Hə, itdən söz düşmüşkən, müdriklər deyib ki, hədəfə doğru getdiyin yolda ayaq saxlayıb sənə hürən hər itə daş atsan, heç vaxt son məqsədinə çata bilməyəcəksən. Düzü, bizim Fındığa dəxli olmasa da (elə mənim yazılarımdan çox “uzaqgörən” nəticələr çıxaranlara da) dedim, yazımı bu müdrik fikirlə tamamlayım…
Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed