Şrift:
Con Kerri: “Rusiya öz seçimini etməli və qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır”
06.02.2015 [00:27] - Xəbərlər, Hərb
“Rusiya öz qoşunlarını və tanklarını Ukrayna ərazisindən çıxarmalıdır. Atəşin dayandırılması və danışıqlar Rusiya üçün beynəlxalq təcriddən qaçmağın yeganə yoludur”.

Ukrayna saytlarının verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi mətbuat konfransında deyib.

C. Kerri bildirib ki, hazırda Ukrayna qarşısında duran əsas təhlükə Rusiyanın ölkənin şərqindəki təcavüzüdür: “Baş verənləri ayrı cür adlandırmaq olmaz. Biz Rusiya ilə münaqişəyə girmək istəmirik. Bunu heç kim istəmir – prezident Poroşenko da, Amerika da, Avropa da... Biz ümid edirik ki, Rusiya diplomatik həll imkanından istifadə edəcək. Biz bunu istəyirik”.

C. Kerri bəyan edib ki, ABŞ Donbassda yaranmış duruma göz yuma bilməz: “Biz Rusiyadan sərhədi keçərək Ukraynaya daxil olan tanklara göz yuma bilmərik. Biz sərhədi keçərək separatçılara dəstək verən və tanınma nişanı olmayan Rusiya hərbçilərinə göz yuma bilmərik. Biz münaqişəni davam etdirmək məqsədilə sərhəddən keçirilən döyüş sursatına göz yuma bilmərik. Rusiya öz seçimini etməlidir və bunu sözdə yox, əməldə göstərməlidir. Rusiya atəşin dayandırılması üçün öz üzərinə öhdəlik götürməlidir. Təmas xəttindən ağır silahların çıxarılması zəruridir. Rusiya da öz qoşunlarını və silahlarını Ukraynadan çıxarmalıdır. Moskva Ukraynaya silahlı şəxslərin keçməsinin qarşısını almalıdır”.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed