Şrift:
Azər Həsrət: “ABŞ rəsmi səviyyədə Azərbaycandan nə isə qoparmaq istəyir”
13.02.2015 [00:15] - Gündəm, Siyasət, DAVAMın yazıları
“ABŞ-da Azərbaycanla bağlı belə tədbirlərin keçirilməsi artıq bizi təəccübləndirmir. Həmçinin, heç bir zərurət olmadan ard-arda belə tədbirlərin keçirilməsi artıq ondan xəbər verir ki, kimlərsə məqsədli şəkildə Azərbaycana hücumlar təşkil edirlər”. Bu fikirləri Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət ABŞ-da Azərbaycanla bağlı keçiriləcək növbəti dinləmələrə münasibət bildirərkən deyib.

A. Həsrət deyib ki, belə tədbirlər Azərbaycana basqı etmək üçün keçirilir: “Təəssüfləndirici hal odur ki, bütün tədbirlərdə Azərbaycana qarşı, məhz azərbaycanlılardan istifadə olunur. Geniş şəkildə anti-Azərbaycan ovqatlı insanlar, erməni diasporunun nümayəndələri oraya cəlb edilir. Yəni, birmənalı şəkildə Azərbaycan dövlətinə qarşı təbliğat qururlar”.

A. Həsrət vurğulayıb ki, belə tədbirlər məqsədli şəkildə təşkil edilir: “ABŞ rəsmi səviyyədə Azərbaycandan nə isə qopartmaq istəyir. Yaxud da hər hansı bir məsələdə Azərbaycanı güzəştə getməyə məcbur etməyə çalışırlar. Amma Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan heç bir təsirə və ya təzyiqə boyun əyəcək dövlət deyil. Yəni, belə tədbirlər çox olsa belə, Azərbaycan dövləti öz yolundan dönən deyil. Dövlətimiz öz ayağı üstündə möhkəm dayanmağı bacaran dövlətdir. O baxımdan elə də narahatçılıq keçirmirəm. Sadəcə belə hərəkətlərə, tədbirlərə təəssüflənirəm. Ümid etmək istərdim ki, ABŞ başa düşəcək ki, Azərbaycanla bu dildə danışmaq ona heç bir fayda verməyəcək”.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed