Şrift:
Avropa İttifaqının uydurma -DQR-...naziri ilə təmas qurması Azərbaycanda birmənalı qarşılanmadı
13.02.2015 [00:24] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan XİN bu görüş barədə öncədən məlumatlı olduğunu bildirdi, millət vəkili fərqli düşündü...

Fərəc Quliyev: "Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlərə kölgə salan bu hərəkətlə bağlı qurumun rəhbərliyinə mütləq müraciət edilməlidir"



"Biz Dağlıq Qarabağın nümayəndələri ilə dialoqu mütləq davam etdirəcəyik". Erməni KİV-nin verdiyi məlumata görə, belə bir bəyanatla Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber çıxış edib.
H.Zalber Avropa İttifaqı ilə bədnam "Dağlıq Qarabağ Respublikası" arasında əməkdaşlığın bundan sonrakı inkişaf perspektivləri məsələsinə toxunarkən belə deyib.
"Biz bu qəbildən olan dialoqu, bu gün aramızda olan indiki sayaq təmasları mütləq davam etdirəcəyik. Bu mənim Dağlıq Qarabağ nümayəndələri ilə ilk görüşüm idi. Biz bu dialoqu davam etdirəcəyik. Ondan sonra isə bu təmasları davam etdirmək üçün daha hansı yollar tapmaq mümkün olduğunu öyrənə biləcəyik" - deyə H.Zalber bildirib.
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber fevralın 10-da Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər naziri" Karen Mirzoyanla görüşüb və danışıqlar aparıb. Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında Avropa İttifaqı nümayəndəsinin görüşünə mənfi bir məsələ kimi yanaşdığını bildirdi: "Ya bu adamın diplomatiyadan başı çıxmır, ya da öz ölkəsinə hörmətsizlik edir. Adam başa düşmür ki, bizim torpaqlarımızı Ermənistan işğal edib. Bilməlidir ki, Qazax rayonunun Dağlıq Qarabağdan 100 km aralı olmasına baxmayaraq, oranın da kəndləri işğal altındadır. Bu məsələdə heç bir müqəddərat təyinatından söhbət gedə bilməz. Ermənistanın ərazilərimizi işğal etməsi faktı yalnız Dağlıq Qarabağla yekunlaşmır. Həmin subyektdən əlavə olaraq bir nəfər də erməninin yaşamadığı 7 rayonu işğal edib. Bu da öz müqəddəratını təyin etmədir? Aparılan danışıqlarda Ermənistan tərəf kimi masa arxasında əyləşir. Bütün danışıqları bizimlə Ermənistan aparır. Zalber nə əcəb bunları anlamır? Gedib separatçılarla təmas qurması ya onun hüquqdan anlayışının olmamasına dəlalət edir, ya da təmsil etdiyi dövlətin mövqeyidir. Təcili olaraq bizim Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı etiraz notası verməlidir. Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlərə kölgə salan bu hərəkətlə bağlı qurumun rəhbərliyinə mütləq müraciət edilməlidir". Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin İrəvan şəhərində qondarma "Dağlıq Qarabağ respublikası"nın "xarici işlər naziri" Karen Mirzoyanla görüşü məsələsinə aydınlıq gətirib.
"Trend"in məlumatına görə, H.Hacıyev qeyd edib ki, bu görüş barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı vardı: "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdır". O vurğulayıb ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi H.Zalberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib: "Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır".
XİN rəsmisi bildirib ki, Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər.
Maraqlıdır ki, Avropa rəsmisi Bakıda Dağlıq Qarabağın mülki azərbaycanlı icmasının üzvləri ilə görüşdüyü halda, İrəvanda DQ mülki erməni icmasının üzvləri ilə yox, özünü separat və bütün beynəlxalq hüquq normalarına zidd şəkildə "dövlət" elan etmiş, ən müxtəlif cinayətlərdə ittiham olunan bir qanunsuz rejimin təmsilçisi ilə görüşüb. Burada yerinə düşən bir sual yaranır ki, DQ mülki erməni icmasının üzvləri ilə qanunsuz bir rejimin siyasi təmsilçisini eyniləşdirmək nə qədər doğrudur? Sabah biz qondarma, separatçı "DQR"in hansısa rəsmisini, ya başçısının Parisdə, Vaşinqtonda, Londonda qəbul edən hansısa ABŞ, İngiltərə, Fransa rəsmisinə bu qəbul üçün etiraz edə biləcəyikmi ki, siz separatçı liderlərlə niyə bir masa arxasında oturursunuz?! Mövzunun Azərbaycan üçün prinsipial əhəmiyyətini nəzərə alaraq onun ətrafında şərhləri davam etdirəcəyik.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed