Şrift:
Nazim Nəsrəddinov: - FİKRƏT SADİQLƏ QISA SÖHBƏT
16.02.2015 [00:03] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
1995-ci ilin 31 martının ƏDƏBİ HAVASI
və yaxud
sözündən də,özündən də Dədə Qorquda oxşatdığım
FİKRƏT SADIQla qısa söhbət

Mən bu söhbəti saytların birində ən çox oxunan "Sabahın hava proqnozu açıqlandı" xəbərinin şərhində yerləşdirmişdim.
...İlin, günün havasını öyrəndik. Bəs görəsən , ədəbiyyatımızın sabahının proqnozu necə olacaq; külək hansı tərəfdən əsəcək, qar yağacaqmı, Günəş öz hərarətini Yerə çatdıra biləcəkmi?
Nə isə...

1995-ci ildə "Ədəbiyyat qəzetin"nin elanlar səhifəsində martın 31-də saat 10:00 -da "Kitabi-Dədə Qorqud" eposu haqqında Yazıçılar İttifaqında görüş keçiriləcəyi haqqında qısa bir elan dərc olunmuşdu.Yazıçılar İttifaqının Bədii Ədəbiyyatın Təbliği Bürosu ilə əməkdaşlıq etdiyimə görə həmin tədbirə getməyi qərara aldım.Büronun ovaxtkı rəhbəri Fikrət Sadıqla dəhlizdə rastlaşdım. Xoş-beşdən sonra ordan-burdan danışmağa başladıq. Şamaxıdan, Kürdəmirdən, tanıdığımız adamlardan danışdıq,ədəbi əsərləri dəyərləndirdik.
F.Sadıqla əməkdaşlığımız 1980-ci illərin əvvəllərindən başlayır.Azərbaycan KP Nərimanov Rayon Komitəsinin müəəssisə Siyasi Maarif Kabinetinin müdiri kimi tez-tez müəssisələrdə yazıçılarla oxucuların konfranslarını təşkil edirdim. İndiki məşhur şairlərin çoxunu oxuculara qonaq çağırırdım: Fikrət Sadıq, Musa Yaqub,Sabir Rütəmxanlı, Məmməd İsmayıl, Məmməd Aslan, İlyas Tapdıq, Əli Vəkil ,rəhmətlik Tofiq Bayram, Ələkbər Salahzadə,Nüsrət Kəsəmənli, Əhəd Muxtar və başqaları fəhlə yataqxanalarının daimi qonaqları idi. Fikrət Sadıqla münasibətlərimiz bu yığıncaqlarda formalaşmışdı. Nə isə...
Saat on oldu, on bir oldu , hələ tədbirə başlayan yox idi. Əslində tədbirə gələnlər də az idi.
"Bu tədbir nə oldu ?" gileyli sorğuma F.Sadıq özünəməxsus yumorla cavab verdi:


Gəlməsələr hədə-qorxu,
Yada düşməz DƏDƏ QORQUD.


Əlimdəki dəftərdən bir qoşa vərəq qopardıb, həmin iki misranı ora yazmasını şairdən xahiş etdim. Fikrət Sadıq "deyəsən , xatirə toplayırsan" - deyə dediyi misraları həvəslə vərəqə köçürdü.
Həmin avtoqrafın yazılmasından indi 20 il keçir. Qocaman şairin 20 yaşlı misralarını oxucularına çatdırdım..Avtoqrafı isə əziz xatirə kimi arxivimdə saxlayır, xalqın əziz şairindən söz düşəndə Dədə Qorqudun--boy boylayan,söz söyləyən el ağsaqqalının dəst-xəttini tələbə və şagirdlərimə göstərirəm. Nə isə iclas oldu,Anar da danışdı,əvvəlcədən çıxışa yazılananlar da...Mən iclasda filologiya elmləri doktoru Şamil Cəmşidovla yanaşı əyləşmişdim. Şamil müəllimi xeyli vaxt idi ki,tanıyırdim. İki il əvvəl onu "Kitabi -Dədə Qorqud"un ən yaxşı tədqiqatçısı kimi Ekologiya Liseyinə - şagirdlərin görüşünə çağırmışdım. Başqa sözlə, respublikada "Kitabi-Dədə Qorqud"un yubiley tədbirlərinə biz hamıdan düz iki il əvvəl başlamışdıq. Şagirdlərin "Dədə Qorqud" eposu haqqında söylədilkəri maraqlı fikirləri o vaxt Şamil Cəmşidovu da, onunla gələn alimləri də heyrətləndirmişdi.Təəssüf ki,o vaxt Ekologiya Liseyində müllim işləyən Pəri Soltan bu görüş barəsindəki kiçik informasiyasını əsas iş yerində - "Azərbaycan müəllimi"qəzetində çap etdirə bilməmişd: redaktor bu tədbirə əhəmiyyət verməmişdi.
Mən həmişə Fikrət Sadıqdan söz düşəndə onu bu günümüzün söz xiridarı, nüktədan (sözün incəliklərini və dərin mənalarını bilən insan) kimi qiymətləndirirəm.

Əjdər Olun "İstiqlal "şeiri siyasi lirikamızın ən maraqlı nümunəsi kimi dəyərləndirilməlidir:

Ey, salam tək hamıya söylədiyim İstiqlal,
Rəngini yaxşı ayırd eylədiyim İstiqlal!

Tən gəlir qan çeşidim bayrağının al qanına,
Nə yapar cansız ölüm məsəkinin qəltanına,
Döşümü qalxan edib girdim onun meydanına,
Öz içimdən doğulub etdi zühur İsiqlal!
Sözdə iş,işdə qürur ,məncə,budur istiqlal!




Mən Fikrət Sadığı və onun çox hörmət və izzətlə qiymətləndirdiyi ƏJDƏR Olu bu günümüzün , bugünkü ədəbiyyatımızın ən böyük şairləri hesab edirəm. Fikrət Sadığın "Zəlzələ şeirləri",Əjdər Olun ədəbi,elmi və poetik düşüncələri toplusu kimi səciyyələndirilə bilən "İstiqlal " adı ilə məşhur əsəri hər bir məktəblinin mütaliəsində özünə yer tapmalıdır.Tərifləməkdə heç bir şəxsi məqsədim yoxdur. Hər ikisinə rastlaşanda salam verirəm.
Onların hər ikisi ədəbiyyatda sözü yerdən göyə qaldıran şairlərdəndir. Çox təəssüf ki, şeirləri orta məktəb dərsliklərinə, nədənsə, yol tapa bilmir. Amma bu yol açılmalıdır.
Azərbaycan dilinin inkişafında onların hər ikisinin-həm Fikrət Sadığın, həm də Əjdər Olun əzəmətli rolundan, yazı üslubundan, sözə münasibətlərindən işlədiyim bütün təhsil ocaqlarında söz açmışam, yaxşı söz söyləmişəm.



Fikrət Sadıqla başladığım sözlərı çoxdan bəri məni həddindən çox düşündürən, daşındıran bu sözlərlə bitirirəm:

Gəlin sözümüzə fikir verək, elə yazaq ki, elə danışaq ki, sözümüzü söz eləməsinlər.Sözümüzü öz yerində işlədək, sözümüzün közünün təsiri olsun. Sözümüz elə-belə söz olmasın Elə söz deyək kı, sözlü söz olsun, közlü söz olsun.

Hörmət və sayğılarla:

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed