Şrift:
Tbilisidə yazıçı-jurnalist Emin Elsevərin 75 illik yubileyi qeyd olunub
16.02.2015 [00:31] - Gündəm, Borçalı
Fevralın 15-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində yazıçı - jurnalist Emin Elsevərin (Mahmudov) 75 illik yubileyi qeyd olunub.
Muzeyin direktoru Leyla Əliyeva tədbiri açaraq E.Elsevərin yaradıcılığından, Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərindən danışıb.
Sonra Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin və Tbilisidəki “Varlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Hümbət yazıçı-jurnalist E.Elsevərin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, əmək fəaliyyətinə Tbilisidə nəşr olunan “Kommunist” qəzetində başlayan E.Elsevər sonralar Gürcüstan Teleradio Şirkətinin nəzdindəki radioda Azərbaycan dilində verilişlər redaksiyasında tərcüməçi, redaktor vəzifələrində çalışıb. 1983-cü ildən 2004-cü ilədək bu redaksiyanın baş redaktoru olub. Jurnalist, eləcə də yazıçı-tərcüməçi kimi yaradıcılığının ən məhsuldar dövrü məhz həmin illərə təsadüf edir. Həmin illərdə o, bir sıra gürcü yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Azərbaycan və gürcü xalqlarının dostluğunun tərənnüm etdirilməsi, xalqlarımız arasında mədəni əlaqələrin inkişafına xidmət E.Elsevərin yaradıcılığının əsas xəttini təşkil edib. Onun hekayə və povestləri “Sovet Gürcüstanı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və İncəsənət” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Meydan” və digər jurnallarda çap olunub.
Yazıçı-jurnalistin qələm və sənət dostları, tələbə yoldaşları E.Elsevərin yaradıcılığının ayrı-ayrı hissələrini xarakterizə edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Qeyd olunub ki, E.Elsevərin yaradıcılığına Gürcüstan dövləti yüksək qiymət verib. O, bir sıra Fəxri fərmanlar, dövlət mükafatları, eləcə də Gürcüstanın “Ləyaqət” medalı ilə təltif olunub.
Emin Elsevər 2003-2004-cü illərdə AzərTAc ilə də sıx əməkdaşlıq edib.
Yazıçı-jurnalist deyib: “Batumidə radioda işlədiyim vaxtda AzərTAc ilə əməkdaşlıq edirdim. 2003-2004-cü illər vaxt baxımından böyük dövr olmasa da, çox mənalı olub. Azərbaycanın yeganə rəsmi dövlət informasiya agentliyi ilə əməkdaşlıq mənim üçün çox uğurlu və yaddaqalan hadisələrlə zəngin olub. Martın 1-də AzərTAc 95 illik yubileyini qeyd edəcək. Mən bu əlamətdar hadisə münasibətilə AzərTAc-ın bütün kollektivini təbrik edir, həmkarlarıma uğurlar arzulayıram”.
Bu xəbər oxucular tərəfindən 1103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed