Şrift:
Müsavatın özünü iqtidar-müxalifət dialoqu mühitindən təcrid etməsi neqativ reaksiyalar doğurub
16.02.2015 [11:55] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
«Axı o Kamilovdu!»

Fərəc Quliyev: «Danışıqları qeyri-ciddi hesab edən, qara yaxmağa çalışan partiyaların ümumiyyətlə bu məsələlərə münasibət bildirməyə haqqı yoxdur»

Səxavət Soltanlı: «Partiyanın adından açıqlanan mövqe hər bir funksionerin fikrini ifadə edir»

Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirilib. Görüşə iqtidar tərəfdən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə 16 partiya qatılıb.
PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov toplantının nəticələri barədə jurnalistlərə açıqlama verərkən görüşdə siyasi partiyalarla görüşün formatı, reqlamenti, tematikası və bütövlükdə görüşlə bağlı təşkilati məsələlərin müzakirə edildiyini deyib: «Ümumi gəldiyimiz razılaşma ondan ibarət oldu ki, PA-nın nümayəndəsi ilə, siyasi partiyalarla işləyən strukturun rəhbəri olaraq, mənimlə partiyaların görüşü aktual hesab olunsun. Cəmiyyət üçün lazımlı akt kimi dəyərləndirilsin. Bundan sonra mütəmadi olaraq hər iki ayda bir dəfə bu formatda yığışıb Azərbaycan cəmiyyətini, siyasi partiyaları, hakimiyyəti, daxili-xarici institutları narahat edən, aktual hesab olunan məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirəyə çıxaraq. Bütövlükdə, birinci gəldiyimiz razılaşma ondan ibarətdir ki, bu görüşlər mütəmadi olsun. İkinci, format məsələsini müzakirə etdik ki, bu görüşlərdə kim iştirak etsin. Biz siyasi partiyalar arasında ayrı-seçkilik edə bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İkinci görüşdür ki, müzakirələrdə iştirak edən partiyaların sayı 16, 17 və 20 arasındadır.
Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan partiyalar bura təşrif buyuranlardır. Başqalarına da dəvət olub, sadəcə bəzi səbəblərdən qatılmayıblar, sonradan qatılsalar, qapılarımız onlara da açıqdır»
Xatırladaq ki, Müsavat və AXCP bu formatda keçirilən görüşdən imtina edib. Diqqətçəkən məqamlardan biri radikal müxalif fikirlərilə seçilən Pənah Hüseynin görüşdə iştirak etməsi və bu formatın perspektivinə inamla bağlı ifadə etdiyi fikirlər oldu. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn görüşün vacib əhəmiyyət kəsb etdiyini deyib: «Hakimiyyətlə siyasi partiyalar arasında ikinci dəfə baş tutan bu görüşü çox mühüm addım hesab edirəm. Bu görüş Prezident Administrasiyasının təşkilatçılığı ilə baş tutdu. Aparılan müzakirələri, tam olmasa da, hakimiyyətin siyasi partiyalarla və müxalifətlə dialoqu adlandırmaq olar. Görüş zamanı biz fikrimizi belə ifadə etdik ki, burada iştirak etməyən siyasi partiyaların gələcək tədbirlərdə iştirakı daha faydalı olar. Bu partiyaların bəziləri dəvət olunsalar da, iştirak etmirdilər, bəziləri isə ümumiyyətlə dəvət olunmamışdılar. Biz bildirdik ki, gələcək görüşlərdə dəvət olunmayan partiya qalmasın».
P.Hüseyn qeyd edib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, siyasi məhbuslar, seçki prosesində partiyalara şəraitin yaradılması və digər məsələlər müzakirə olunub: «Prezident Administrasiyasının əməkdaşları müzakirə olunan məsələlərlə bağlı qeydlər götürdülər və bununla bağlı dövlət başçısına məruzə edəcəklərini bildirdilər. Fikrimcə, görüşün əhəmiyyəti barədə nəticələr əldə edildikdən sonra danışmaq daha doğru olardı. Prinsip etibarilə bunu ölkədə yeni siyasi vəziyyətə keçmək üçün şans kimi dəyərləndirərdim».
Özünü radikal müxalifət sayan bəzi partiyaların görüşə qatılmamasına münasibət necədirğ
Görüşdə iştirak edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev də görüşü yüksək qiymətləndirir. Onun sözlərinə görə, görüşün məqsədi ümummilli məsələlərdə iştirakı vacib olan şəxslərin, qurumların fəaliyyətini tənzimləməkdən ibarətdir: «Hakimiyyət tərəfindən atılan bu addım siyasi islahat xarakterlidir və təqdir olunan addımdır. Bu danışıqlarda bütün siyasi spektr, demək olar ki, təmsil olundu. Danışıqları qeyri-ciddi hesab edən, qara yaxmağa çalışan partiyaların ümumiyyətlə bu məsələlərə münasibət bildirməyə haqqı yoxdur. Milli məsələlərin ətrafında müzakirə aparanlar bu məsuliyyəti dərk edir və ölkəmizin problemlərini müzakirə etməkdə maraqlıdır. Çox konstruktiv bir söhbət oldu və qeyd edim ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov məsələlərə olduqca tolerant və işgüzar münasibət göstərdi. Biz mövcud problemləri qabartdıq, müzakirələr apardıq və prioritet məsələləri müəyyənləşdirdik. Kim ki, bu dialoqdan kənarda qaldı, onlar da bu görüşlərə qara yaxmağa çalışır. Bu dialoqda iştirak edən partiyalar kifayət qədər sanballı partiyalardır və hesab edirəm ki, müzakirələrimiz bundan sonra da uğurlu olacaq».
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı isə bizimlə söhbətində bildirdi ki, bu, prinsipal məsələ olduğu üçün partiyada kollegial qərar verilib: «Qərara alınıb ki, məsələyə ayrılıqda münasibət bildirilməsin. Yəni partiyanın adından açıqlanan mövqe hər bir funksionerin fikrini ifadə edir. Əlavə heç nə deyə bilmərəm».
Qeyd edək ki, Müsavat Partiyası fevralın 12-də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların görüşünə qatılmamaqla bağlı yaydığı rəsmi açıqlamada bildirib: «Müsavat müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır».
Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir. Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.
Müsavat Partiyası qeyd edir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyanın rəhbərləri ilə təyin olunan görüşünün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil.
Ölkənin ictimai rəyində də belə fikir var ki, Müsavat iddialı mövqeyini və qeyri-real təkliflərini hələ də davam etdirmək niyyətindədir. Təklifdəki qeyri-müəyyənlik odur ki, Müsavata görə, hakimiyyət görüşdə iştirak edən 19-20 partiyanın hər biri ilə gündəlik formalaşdırmaq üçün müzakirə aparmalıdır. Belə yanaşma praktikada heç vaxt özünü doğrultmayıb. Digər tərəfdən, Müsavat başqaları üçün təhqiramiz bir eqoistliklə özünü dialoqda iştirak etmiş digər partiyalardan üstün tutur. Yəni digər partiyalar öncədən format və gündəlik barədə müzakirə aparılmadan dialoqa qatıla bilər, Müsavat yox... «Axı o Kamilovdu!».






Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed