Şrift:
Qafqaz Müsəlmanları İdarəsinin 4 min səhifəlik arxiv sənədləri Tiflisdən Azərbaycana gətirilib
05.01.2012 [18:09] - Xəbərlər
“Şeyxülislam Hacı Allahşükür Paşazadənin şəxsi təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədləri Tiflisdən Bakıya gətirilir”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Arxivin rəhbəri, tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib.

A. İsgəndərli qeyd edib ki, 2 ildən artıqdır, Qafqaz Müsəlmanları İdarəsinin 1823-1918-ci illəri əhatə edən arxivinin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır: “Həmin müddətdə idarə Tiflisdə fəaliyyət göstərib. Artıq 4 min səhifəyə qədər arxiv sənədi Bakıya gətirilib. Ancaq sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir. Lakin bu istiqamətdə də işlər görülür”.

A. İsgəndərli bildirib ki, QMİ-nin əməkdaşları vaxtaşırı Tiflisə - Gürcüstan Mərkəzi Dövlət Arxivinə ezam olunur: “Əsas odur ki, arxivdə Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı hansı sənədlərin yerləşdiyi artıq bizə məlumdur. Bu məsələdə Şeyxülislamın şəxsi münasibətləri də mühüm rol oynayır, iş uğurla davam etdirilir”.

Arxivin rəhbəri QMİ-nin müfəssəl tarixinin yazılması istiqamətində işlərə başlanıldığını da deyib: “Bu sənədlər kitab şəklində nəşr olunacaq. Yaxın illərdə kitabın nəşr olunmasına çalışırıq”.

Qeyd edək ki, 1823-cü ildə çar Rusiyasında Qafqaz (Zaqafqaziya) şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də yaradılıb. Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə təsis edilib və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərib. 1823-cü ildən bu günə kimi 12 şeyxülislam və 11 müfti olub.
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed