Şrift:
Xocalı həqiqətləri Berkli Universitetində təqdim olunub
21.02.2015 [12:09] - Xəbərlər, Diaspor
Kaliforniyada yerləşən nüfuzlu Berkli Universitetində (UC Berkeley) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Konsulluğun təşəbbüsü və dəstəyilə keçirilən tədbir Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ŞKAMC) tərəfindən təşkil olunub. Tədbirdə universitetin müəllim və tələbələrilə yanaşı diaspora fəalları da iştirak ediblər.

İlk öncə çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı Ermənistanın Azərbaycana təcavüzünün tarixi köklərindən danışıb. Qarabağ bölgəsi haqqında məlumat verən Y.Babanlı, erməni millətçilərinin iddialarının əsassız olduğunu bildirib. SSRİ dövründə azərbaycanlıların Ermənistan SSR-dən məcburi köçürülməsindən söz açan Y.Babanlı süni demoqrafik dəyişiklər nəticəsində Ermənistanın Azərbaycanın tarixi torpaqlarına sahib çıxdığını diqqətə çatdırıb. Torpaqlarımızın işğalı və Xocalı soyqırımı barədə ətraflı məlumat verən natiq, bunun Azərbaycana qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin nəticəsi olduğunu qeyd edib.

Sonra Xocalı qətliamının canlı şahidlərindən olan Anar Usubov çıxış edib. O, şəhərin işğalı ərəfəsində mühasirədə yaşayan əhalinin vəziyyəti, Xocalının zəbt olunması və əhalinin qarlı meşələri keçərək Ağdama doğru qaçarkən qətliama məruz qalması haqda danışıb. A.Usubov təsadüf nəticəsində sağ qaldığını qeyd edərək bildirib ki, iyirmidən çox ailə üzvu və qohumları ya öldürülüb, ya da itkin düşüblər. Foto-faktlar əsasında öz kədərli xatirələrini bölüşən Xocalı sakini qeyd edib ki, o dəhşətli gecədən sağ çıxan yüzlərlə Xocalılı illər boyu psixoloji tramvadan əzab çəkiblər, onların bir qismi isə intihar edib.

Sonda iştirakçılar Xocalı qurbanlarının iztirablarını əks etdirən sənədli film və foto-sərgi ilə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed