Şrift:
Azərbaycan və Rusiya Federasiyası din xadimləri və ilahiyyatçıları birgə bəyanat qəbul ediblər
29.09.2011 [15:21] - Gündəm
Azərbaycan və Rusiya Federasiyası din xadimləri və ilahiyyatçıları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda Bakıda keçirilən konfransın sonunda birgə bəyanat qəbul ediblər.

Bəyanat müəllifləri dinlər və konfessiyalar arasında qarşılıqlı ehtiramın qorunub saxlanılması naminə əməkdaşlığın dərinləşməsinə, terrorizm və ekstremizmin yayılmasının qarşısının alınmasına hazır olduqlarını ifadə ediblər: “Biz siyasi, iqtisadi, sosial, dinlərarası, millətlərarası və digər problemlərin həll vasitəsi kimi terrorizm və zor işlədilməsini qətiyyətlə pisləyir və onun qəbuledilməz olduğunu bəyan edir, MDB-nin bütün əhalisini və dindarları terrorizmi, onun bütün təzahürlərini pisləməyə və bütün dinlərin sülhpərvər ehkamlarına birmənalı şəkildə əməl etməyə çağırırıq”.

Görüş iştirakçıları zor, terrorizm və ekstremizmin heç bir təzahürünü qəbul etmədiklərini, bu səbəbdən Qafqazda və MDB-nin digər regionlarında müharibələrin və terror aktlarının qarşısının alınması üçün hakimiyyət və cəmiyyəti səylərini əsirgəməməyə çağırıb: “Bizim arzuladığımız gələcəkdə anaların və uşaqların qanlı göz yaşları, Dağıstan, Çeçenistan, Kabarda-Balkar, İnquşetiya və digər məkanlarda terror aktları və günahsız qurbanlar olmamalıdır. Biz bölgədə separatizm və terrorizmin yayılma ocağı olan Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişəli vəziyyətlər beynəlxalq hüququn müvafiq norma və sənədləri, ümumi qəbul edilmiş ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. Biz dünya ictimaiyyətinə müraciət edərək terrorçu və ekstremist qruplaşmalara heç bir mənəvi, maliyyə, hərbi-texniki yardım və dəstək göstərməməyə çağırırıq”.

İki ölkənin din xadimlər və ilahiyyatçıları xoş məramlarla bir sıra praktiki addımları atmağa hazır olduğunu bəyan ediblər:

1. Yaxın və uzaq xaric ölkələrinin din xadimləri və ilahiyyatçılarının iştirakı ilə ekstremizm ideologiyasının, xüsusilə gənclərin arasında yayılmasının qarşısının alınması ilə bağlı təcrübə mübadiləsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlər keçirmək təcrübəsini davam etdirmək.
2. Gələcək beynəlxalq miqyaslı görüşlərin gedişində Moskva Dövlət Linqvistik Universitetinin strateji planlaşdırma və təhlükəsizlik problemləri üzrə elmi-təhsil mərkəzinin bazasında yeni qurum — terrorizm ideologiyasının xüsusilə gənclər arasında yayılmasının qarşısının alınması məqsədilə vətəndaş cəmiyyəti təsisatlarının və dini konfessiyaların səylərinin konsolidasiyası üzrə Beynəlxalq Şura yaradılması imkanını nəzərdən keçirmək.
3. MDB-nin dövlət və dini tədris müəssisələrində dini ehkamların terrorizmə bəraət qazandırmaq üçün istifadəsinin yolverilməzliyi barədə və MDB dövlətlərində ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məqsədilə mühazirə və seminarlar kursunun daxil edilməsini məqsədəuyğun hesab etmək.
4. Hər il Rusiyanın bölgələrində və MDB dövlətlərində müxtəlif konfessiyaların təmsilçisi olan din xadimlərinin iştirakı, gənclər təşkilatlarının cəlb olunması ilə terrorizmin profilaktikası və terrorizm ideologiyasının yayılmasının qarşısının alınmasına dair tədris, metodik ədəbiyyat və fotosənəd sərgilərini təşkil etmək.
5. Müxtəlif konfessiyalardan olan din xadimlərinə Moskva Dövlət Linqvistik Universitetinin dini təhsil üzrə Ali təhsil müəssisələri arası Şurası nəzdində MDB çərçivəsində dinlərin qarşılıqlı əlaqələri probleminə dair Beynəlxalq tədqiqat Konsorsiumu yaratmaq təklif etmək.

Qeyd edək ki, konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Moskva Dövlət Linqvistik Universiteti tərəfindən birgə təşkil olunub. Tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Rusiya Pravoslav Kilsəsinin şöbə müdiri Vsevolod Çaplin, Azərbaycan və Rusiyadan olan din xadimləri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed