Şrift:
Azer Hasret: - Allahın rus dilini bilməyənlər və Razi Nurulla…
26.02.2015 [13:02] - Gündəm, DAVAMın yazıları
Razi Nurulla Xalq Cəbhəsindən axır ki, ayrıldı. Düz elədi. Zatən biz onun hələ də orda qalmasını anlamaqda çətinlik çəkirdik.

Hələ AXCP üzvü olmasından illər öncə tanıdığım Razi bəyin ümumiyyətlə o partiyaya qoşulması mənim üçün anlaşılan deyildi. Hətta bir neçə dəfə bununla bağlı təəccübümü də ona sezdirmişdim.

Təbii ki, biz siyasi mədəniyyətə yüksək dəyər verdiyimiz üçün onun seçiminə həm də sayğıyla yanaşırdıq.

Lakin gözləyirdik ki, bir gün o da bir çoxları kimi dözməyəcək, enində-sonunda partlayacaq.

Partladı da.

Əvvəlcə AXCP bəyan etdi ki, Razi Nurulla partiyadakı görəvindən xaric edilib.

Sonra isə Razi bəy özü bəyan etdi ki, ümumiyyətlə bu partiyanın üzvlüyündən də imtina edir.

Gözlədiklərimiz də özünü çox gözlətmədi. Dərhal ona satqın damğası vuruldu.

Kimə satılıbmış? Sən demə, Azərbaycan hakimiyyətinə!

Alışdığımız davranışdır. AXCP onun sıralarını tərk edənləri belə damğalayır hər zaman.

Bunların batdıqca batan siyasətindən bir gün imtina edən hər kəs satqınmış.

Razi bəy də o sıradadır indi…

Bu adamlar hələ də özlərinə tənqidi yanaşmağı öyrənmədilər. Öyrənəcəklərini də düşünməkdə çətinlik çəkirəm.

Bunlara izah etməyə çalışırsan ki, əgər sizi bir nəfər, beş nəfər tərk edirsə, bunu anlamaq olar. Amma axı minlərlə, bəli, minlərlə insan tərk edir sizin sıralarınızı! Axı mümkün deyil ki, bu qədər insanın hamısı yanlış yolda olsun! Bəlkə bir özünüzə də baxasınız, bir az da özünüzü tənqid edəsiniz ki, niyə insanlar bizi tərk edir?

Etməzsiniz. Çünki siz bu cür dəyərlərdən çoxdan uzaqlaşmısınız. Zatən Əbülfəz Elçibəy haqqın rəhmətinə qovuşduğu gün öldürdünüz siz Xalq Cəbhəsini!

İndi AXCP adlanan və Elçibəyin mirasına iddia edən bu təşkilatda əgər bir-birinə “yoldaş” deyərək müraciət edənlər at oynadırsa, başqa nədən danışa bilərik?

Elçibəyin ömrü boyu mübarizə apardığı fanatik İranın fanatik prezidentini, cahil din xadimlərini təqdir edənlər bu partiyada cəmləşibsə, daha nədən danışaq ki, biz?

Bəs bu təşkilatın 2013-cü ilin prezident seçkisi zamanı həvəslə Rusiyanın planlarına qucaq açmasını necə, Elçibəy bağışlardımı?

İndi bunlar səs-səsə verib Razi Nurullanı hər cür pislikdə ittiham edirlər. Etməyə də davam edəcəklər. Çünki bunların xislətini mən də yaxşı bilirəm. Bir başladılarmı, dayanmazlar.

Hətta bəlli olur ki, bir qadına qarşı porno-kaset şantajına da əl atıblar bunlar! Bunun adı nədir, bilənlər desin lütfən.

Razinin partiyaya qoşulduqdan sonra tanındığını iddia edirlər. Absurd!

Mənim tanıdığım Razi bu partiyaya qoşulduqdan sonra söndükcə sönürdü. Bir az da qalsaydı orda, bir neçə ildən sonra kimsənin xatırlamayacağı hala gələcəkdi.

Nəzarətlərindəki qəzetdə məni də zaman-zaman təhqir etdirən bu “demokratiya” dəllalları indi də hər cür pisliklərini Razinin üzərinə yönəldiblər. Amma fikir verirəm ki, bizi də diqqətdən kənar qoymurlar.

Bu partiyanın bir cüt, bir tək funksionerləri Razini əvvəlcə azər həsrətlər, azay quliyevlərlə bir sırada olduğuna görə ittiham etdilər.

Sonra siyahını bir az da genişləndirdilər. İndi Razi bəy Niyaməddin Orduxanlı, Aynur Camalqızı, Taleh Şahsuvarlı, Rauf Arifoğlu kimi tanınmışlarla da eyni çevrədədir.

Onlara görə bu çevrə yaxşı deyil. Səbəb də budur ki, bu adamların hər birisi ağa ağ, qaraya qara deməyi bacarır. AXCP adlı təşkilatda isə belə şeylər yol verilməzdir.

Örnək üçün, bunların “Azadlıq” qəzeti Azər Həsrəti davamlı şəkildə təhqir edə bilər, lakin onun söz haqqını tanımamalıdır.

Yaxud da Azərbaycanda bu qədər müsbət dəyişiklik varkən, kimsə bunlar haqqında danışmamalıdır. Yalnız mənfiliklər görünməlidir bu ölkədə. Daha doğrusu, bunların gördüyü ancaq qaranlıqlardır.

Bu təfəkkür sahibləri öz qəzetlərini bizim kimi insanların üzünə qapamaqla qalmır, həm də ölkənin ən tirajlı “Yeni Müsavat” qəzetinə partiyadaşlarının açıqlama verməsini belə yasaqlayırlar.

Hə, bir də bu Facebook məsələləri. Razi deyir ki, bu partiyanın önündə gedən şəxsin özü belə sosial şəbəkədə kimin nə yazdığını, nəyi bəyəndiyini nəzarətdə saxlayır…

Heyrət edərdim, amma etmirəm. Çünki Razinin yolları bunlarla son 5 ildə bir olubsa, mən onları Xalq Cəbhəsi qurulan gündən tanıyıram.

Razinin açıqlamalarının ardından bunlar iddia edir ki, o, antiqərb təbliğatına qoşulub. Kim, kim, Razi Nurulla?

Mən illərdir Razini tanıyan birisi kimi qətiyyətlə deyirəm ki, onu Qərbə qarşı heç bir qüvvə çevirə bilməz!

Razi dünyəvi, Qərb təfəkkürlü, yüksək intellekt sahibi olan çox yetənəkli bir Azərbaycan gəncidir. Demaqogiyadan uzaqdır. Qaragüruh təfəkkürü ona yaddır.

Razi yeni texnologiyalarla ən yüksək səviyyədə işləməyi bacaran, bir neçə xarici dildə sərbəst danışan yetişkin bir insandır.

Qərblə heç zaman problemi olmayıb, olması da mümkünsüzdür. O, həm də bir diplomat qədər diplomatdır.

Belə bir insanı antiqərb ovqatında ittiham etmək, yumşaq desək, cəhalət əlamətidir.

Razini öz ağıllarınca yıxıb-sürüyənləri də başa düşürəm.

Heç qınamıram da onları.

Çünki Allahın rus dilini bilməyən, hər şeyi qara rəngdə görənlərin Razi kimi işıqlı bir gənci həzm etməsi zatən mümkünsüzdür.

Sonda Razi Nurullanı təbrik etmək istərdim. Qaragüruhdan uzaqlaşıb nəhayət ki, işıqlı dünyaya qayıtması münasibətilə…
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed