Şrift:
Azərbaycan din xadimlərinin yetişdirilməsi, dinin tədrisi və təbliğinin Türkiyə təcrübəsini öyrənir
04.03.2015 [10:36] - Gündəm, İslam dini
Azərbaycan nümayəndə heyəti Türkiyədə səmərəli müzakirələr aparıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən verilən xəbərə görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səmərəli görüşlər keçirir. Martın 3-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək nümayəndə heyətimizlə görüşüb. Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Mübariz Qurbanlı və nümayəndə heyətinin üzvləri Türkiyə Baş nazirinin müavini Bülənd Arınçla görüşüblər. Bülənd Arınç Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə olan əlaqələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və doğru təbliği istiqamətində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Mübariz Qurbanlı isə öz növbəsində qeyd edib ki, Azərbaycan bütün sahələrdə Türkiyə ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Səfər çərçivəsində TBMM-in İnsan Hüquqları Komissiyasının sədri Ayxan Səfər Üstün və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar ilə görüşlər keçirən nümayəndə heyətimiz Ankara Universitetinin ilahiyyat fakültəsində və Ankara Müftülüyündə də olub.

Görüşlərdə Türkiyədə dini xadimlərin yetişdirilməsi, İslam dininin tədrisi, dünyada doğru təbliği və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda din sahəsinə göstərdiyi həssas yanaşma bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, ölkəmizdə yeni ibadətgahlar inşa edilir, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir.

Xatırladaq ki, səfərin birinci günü nümayəndə heyətimiz Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez və Dini İşlər üzrə Ali Qurumun sədri Hüseyn Kayapınarla da görüşlər keçirib.
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed