Şrift:
Qırğızıstanın -Xəbərlər- bülletenində Azərbaycan səfirinin məruzəsi də yer alıb
04.03.2015 [12:15] - Gündəm, Türk dünyası-Turan
Qırğızıstan Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının “Xəbərlər” bülletenində Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun akademiyanın professor-müəllim heyəti ilə görüşündə dinlənilən “Azərbaycanın milli siyasəti ХХ əsrdə” adlı məruzəsi də yer alıb.
Məruzədə qeyd olunur ki, ХХ əsr dini, etnik münaqişələr əsridir. Yer kürəsindəki müxtəlif qaynar nöqtələrin, qanlı münaqişələrin böyük əksəriyyətinin əsasında milli məsələlər durur. Etnik mənzərəsi rəngarəng olan Azərbaycanda dəfələrlə milli zəmində münaqişələr törətməyə cəhdlər göstərilib.
Bildirilir ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranıb. Çətin ictimai-siyasi dövrdə AXC cəmi 23 ay fəaliyyət göstərsə də, müstəqil demokratik dövlətin təməli qoyulub.
1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etmək və Azərbaycanın dövlətçiliyini inkişaf etdirmək üçün tarixi fürsət əldə edib. Həmin vaxtlar Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanın ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inam az idi. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevinin səyi nəticəsində ölkəmizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atılmağa başlandı.
Müasir müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, xarici əlaqələrimiz genişləndi, hərtərəfli enerji strategiyası reallaşdı və ölkənin uzunmüddətli inkişafının təməlini qoyuldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məruzədə diqqətə çatdırılır ki, Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyata malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır.
Səfir Azərbaycanda milli və millətlərarası həmrəyliyin, dini tolerantlığın mövcud olduğunu, demokratik, hüquqi və dünyəvi dövlətin möhkəmlənməsi istiqamətində işlərin ardıcıllıqla davam etdiyini faktlarla şərh edib.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed