Şrift:
Əhməd Ağaoğlu: -İrana cahanşümul qiymət verdirən türklərdir
06.03.2015 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhməd Ağaoğlu Səfəvilər haqqında


Əhməd Ağaoğlu yazır: “İranı min sənələrdən bəri idarə edən, ona bəzən cahanşümul bir qiymət verdirən türklərdir. Hətta bu gün də İranın dövlət adamları, komandanları, ordusu əksəriyyətlə türklərdir. Son iki əsr əsnasında İranda zühur edən dini və siyasi hərəkatlar də bilxassə türklərə istinad etmişdir. İranın iqtisadi yaşayışında da türklər hakimdirlər. Beləliklə, İranın son min sənəlik tarixi həqiqətdə və doğrudan-doğruya türk tarixinin bir şöbəsidir”.


Əhməd Ağaoğlunun ölümündən sonra 1941-ci ildə oğlu Səməd Ağaoğlu tərəfindən nəşr edilmiş bir kitabı var: “İran və inqilabı”.
Kitabda İran coğrafi ərazisində mövcud olmuş dövlətlərin son beş yüz illik tarixi gözdən keçirilir. Əsəri oxuyarkən Ə.Ağaoğlunun təkcə tarix bilgisinin deyil, həmçinin mükəmməl analiz qabiliyyətinin olduğu aşkara çıxır.

O, Osmanlı-Səfəvi müharibəsinin, türklərin yaratdıqları imperiyaların hansı səbəblərdən çökdüyünü ustalıqla izah edir.

Əhməd Ağaoğlu yazır: “İranı min sənələrdən bəri idarə edən, ona bəzən cahanşümul bir qiymət verdirən türklərdir. Hətta bu gün də İranın dövlət adamları, komandanları, ordusu əksəriyyətlə türklərdir. Son iki əsr əsnasında İranda zühur edən dini və siyasi hərəkatlar də bilxassə türklərə istinad etmişdir. İranın iqtisadi yaşayışında da türklər hakimdirlər. Beləliklə, İranın son min sənəlik tarixi həqiqətdə və doğrudan-doğruya türk tarixinin bir şöbəsidir”.

Ağaoğlu məsələni bu cür qoyduqdan sonra konkret olaraq Səfəvi məsələsinə toxunur.

Şeyx Səfiəddindən başlayaraq Nadir şaha qədər Səfəvi tarixinə toxunan Ağaoğlu yazır:

“Səfəvilərin türk və ağqoyunlu tayfasına mənsub olmalarına şübhə edilməz. Bunlara ilk əvvəl ağqoyunluların yerləşdiyi sahədə təsadüf edirik. Sonra, bunlar ilk zamanlar yalnız türkcə danışırlar. Ərəbcə və farsca danışdıqlarına dair əlimizdə heç bir dəlil yoxdur. “Rövzətüs-Səfa” sahibi böyük Abbasın matəmini təsvir edərkən eynən deyir ki: “Sofiani Səfəvi ba nohavayi türki”, yəni Səfəvi sufiləri cənazəni türkcə ilahilərlə yola salırdılar. Yenə eyni “Rövzətüs-Səfa”da Şah İsmayılın türkcə şeirlərinə nümunə verildiyi halda, ərəbcə və farsca şeir söylədiyi qeyd edilmir. Sonra bu zatın qurmuş olduğu dövlət təşkilatının həmən bütün adları xalis türkcədir. Bu surətlə Səfəvilərin əslən türk olduqlarına şübhə edilməz”.

Amma Şah İsmayılın özünü İmam Rzaya bağlamasını Ağaoğlu mövcud situasiya ilə bağlayır. Belə ki, Şah İsmayıl hakimiyyətə gəldiyi ərəfədə Ağqoyunlular arasında parçalanma baş vermişdi, Anadoludakı ələvilər Osmanlıdan narazı idi, tayfaları birləşdirəcək vahid gücə ehtiyac vardı. Həmçinin regiondakı fars əhalini də ələ almaq üçün Mehdi inancını da uydurmaq gərək idi. Çünki farslar da zərdüşti inancına uyğun olaraq xilaskar gözləyirdilər. Üstəlik, Ağaoğlu haqlı olaraq qeyd edir ki, Şərqdə sülalələri qədim və nəcabətli hesab olunan əsillərə bağlamaq bir adətdir. Məsələn, “Qacar ailəsinin əsli-nəcabəti hər kəsə məlum ikən bir sıra düyünlərlə ta Daraya qədər çıxarılır. Məhəmmədin əcdadı məlum ikən İbrahimən qədər götürülür”.

Beləliklə, mövcud durumu dəyərləndirən Şah İsmayıl narazı tayfaları ətrafına yığaraq öz xarizması və uydurduğu şəcərəsi ilə dövlət qura bilir.

Ağaoğlu yazır:

“Şah İsmayılın qurduğu dövlət tam mənası ilə bir qəbilələr konfederasiyasıdır. Arayışlarım əsnasında mən bu qəbilələrə təsadüf etdim: təkkəli, şamlu, istanlu, qaramanlu, əfşar, qacar, korkulu, qavaylu, kəngərlu, qoçlu, qaramusallu, ziyadlu, cavanşir, qarabağlı. Səfəvilər zamanında bu qəbilələrdən ən nüfuzlusu təkkəli, qacar, əfşar və ziyadludur. Bunlara qızılbaş qəbilələri adı verilir və bunun da səbəbi budur: bu qəbilələrdən toplanan əsgərlər başlarına sərpuş olmaq üzrə qırmızı keçədən yapılmış, on iki imam namına on iki dilli bir təkkə keçirirdilər”.

Əhməd Ağaoğlu Səfəvilərin zəifləməsini də elə bu qəbilə birliklərinə bağlayır. Belə ki, onun fikrincə, “Osmanlı türklərində olduğu kimi qəbilə təşkilatı yıxılaraq müxtəlif qəbilələrin yoğrulmasından doğan bir tək millət qurulmadı. Tərsinə olaraq, qəbilə rəisləri dövlətdə yüksək məqamlar qazanaraq daha ziyadə qüvvət və əhəmiyyət aldılar. İdarə və əsgər bunların əllərində idi. Vaqiən, dövlətin başında qüdrətli, iradə və əzm sahibi hökmdarlar olduqca bu rəisləri itaətə məcbur edə bilirdilər. Fəqət hökmdarlıq zəif adamlara keçincə dərhal ixtilaf və iğtişaş zühur edir və dövlət getdikcə zəifləyir”

Əhməd Ağaoğlu bu konfederasiyanın idarəçilik sistemini də izah edir. Belə ki, şahdan sonra ikinci yerdə Xəlifətül-xülafə gəlir. Bu, Osmanlıların sədr-əzəmini xatırladır: “Səfəvi təriqətinin qanununa görə, “mürşidi-kamil” deyilən sultandan sonra onun naibi xəlifətül-xülafə gəlir və onun hökmü sultanın hökmüdür. Bu məqam və rütbəyə zamanın ən nüfuzlu qəbiləsinin rəisi gətirilir. Padşahın məiyyətindəki ikinci böyük müəssisə “Uca divan”dır. Bu divanın rəisinə “naib” və üzvlərinə də “vəzir” ünvanı verilirdi. Üçüncü müəssisə “müstofilik”dir ki, maliyyə işlərini idarə edərdi”.

Əhməd Ağaoğlu min ildən artıq bölgədə hökmranlıq edən türk dövlətlərini vahid millət yaratmamaqda qınayır. Onun fikrincə, Sultan Səlim və Nadir şahdan başqa heç kimin ağlına türk məmləkətlərini birləşdirmək, tək hala gətirmək fikri keçmir.

İlk dəfə bu fikrə Sultan Səlimin düşdüyünü yazan Ağaoğlu yeniçərilərin ona mane olduğunu yazır. Belə ki, Çaldıran zəfərindən sonra yeniçərilər sultanın əksinə gedərək yürüşü davam etdirmirlər: “İranın fəthi, heç şübhə yoxdur, onu Ceyhunun və Himalayın da o biri tərəfinə dürtəcəkdi və bu surətlə türk birliyi yaranacaqdı. Fəqət heyf ki, yeniçərilərin inadı buna mane oldu”.

Ağaoğlu Çaldıran döyüşündə hər iki tərəfin dini alət etdiyini yazır:

“Nə qəribədir ki, iki türk dövləti arasındakı bu çarpışmalarda hər iki tərəf Əli övladına məhəbbət göstərməkdə yarışa girirlər. Şah İsmayıl doğrudan-doğruya şiəliyi və ələvi qisasını müharibəyə səbəb olmaq üzrə göstərir. Səlim isə iranlılardan guya Hüseynin qanını alacaqmış!”

İkinci dəfə Nadir şahın belə bir fikrə düşdüyünü yazan Ağaoğlu bu dəfə Osmanlının mane olduğunu bildirir: “Nadir bu işdə daha irəli getdi; Hindistanı, Türküstanı, Buxara və Xivəni aldı və Osmanlılarla birləşmək istədi. Sünnü-şiə ixtilafını aradan qaldıraraq bir tək millət və bir tək ümmət qurmaq sevdasını daşıdı. Fəqət bu sevdaya da İstanbulun inadı mane oldu!”.

Ağaoğlu yazır ki, hər türk dövləti qurularkən əvvəldə biz onu öz dilinə sarılmış və öz adət-ənənələrinə bağlı qalmış görürük və bu böylə davam etdikcə, dövləti qüvvətli və rövnəqli buluruq: “Fəqət bir müddət keçir, hər yerdə türk rəhbərlərini başqa lisanlara, başqa adətlərə qapılmış buluruq. Yaşamaq işarətini qeyb etmiş olan məğlub millətlər pozulmuş əski mədəniyyətlərini, buraxıb getmiş olduqları min bir çürük, pozucu və lakin görünüşdə təntənəli və çəkici adətlərini qaliblərə qəbul etdirirlər, əlaltından min bir yollarla öz ruhlarını onlara da üfürürlər və nəhayət, onları da öz hallarına düşürərək pozulmalarına səbəb olurlar. İştə, bunun üçündür ki, aradığımız dövrdə İranda qurulmuş olan bunca türk dövlətlərini başlanğıcdakı qüvvət və səlabətlərinə rəğmən üçüncü nəslindən etibarən çürümüş buluruq”.

Elə buna görə də Ağaoğlu Səfəvilər dövlətinin yenilməsini aşağıdakı səbəblərlə bağlayır:

1.Dövlətin milliləşməməsi;

2.Dövlətin qəbilə konfederasiyası şəklində qalması;

3.Dövlətin hökmran ünsürlərin mənəvi və pozucu hərəkətlərinə məruz qalması.

DILQƏM ƏHMƏD
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed