Şrift:
Azərbaycanda dini sahədəki bəzi məsələlərdə Türkiyə təcrübəsi tətbiq olunacaq
07.03.2015 [12:18] - Gündəm, İslam dini, Müsahibə
Azərbaycanda dini sahədəki bəzi məsələlərdə Türkiyə təcrübəsi tətbiq olunacaq. Bunu müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, Türkiyənin dini sahədə bir neçə istiqamətdəki təcrübəsinin Azərbaycanda istifadə edilməsi nəzərdə tutulur: “İlk növbədə bu, dini təhsillə bağlıdır. Orada dini təhsil sahəsində həyata keçirilən siyasət və bu siyasətin uğurlarından kifayət qədər yararlanana bilərik. İkincisi, Türkiyədə məscidlərin və Türkiyə Diyanət İşləri Başqanlığının vətəndaşlarla qurduğu əlaqələr çox böyük maraq doğurur. Məsələn, Ankara Müftiliyində qaynar telefon xətti yaradılıb. Həmin telefon nömrəsinə müraciət edən hər bir şəxs dinlə, dini ayinlərlə bağlı onu maraqlandıran suallara cavab ala bilər.

Müftilikdə hər bir şəxsin Qurani-Kərim, Peyğəmbərimiz (s), qadın-kişi münasibətləri, İslamda ailə və nikah məsələləri, digər səmavi dinlər və s. istənilən mövzularla bağlı müraciəti cavablandırılır, onlara izah edilir. Bu, çox müsbət haldır. Vətəndaş internetdə, televiziyada, kitablarda da maraqlandığı mövzu ilə məlumat əldə edə bilər. Lakin onu ani olaraq hansısa məsələ maraqlandıranda və ya oxuduğu kitabda nəyisə anlamayanda, o zaman həmin "qaynar xətt"ə müraciət edir və hər şeyi özü üçün aydınlaşdırır”.

M.Qurbanlı qeyd edib ki, Türkiyənin Diyanət İşləri Başqanlığının fəaliyyətini olduğu kimi Azərbaycanda tətbiq etmək mümkün deyil. Çünki orada dövlət-din münasibətləri və bu sahədə idarəçilik sistemi tamam başqa cür qurulub. Lakin Türkiyədə xarici dini qurumlar əlaqələrin qurulması, dini ədəbiyyatın yayılması, tərtibi, dini təhsil, vətəndaş-din münasibətləri, dövlət-din münasibətləri ilə bağlı əldə edilən müsbət təcrübədən yararlanmaq olar: “Türkiyə təcrübəsində özümüz üçün bir məsələni də aydınlaşdırdıq. Bu da orada radikal dini qrupların olmamasıdır. Varsa da, onlar həllədici rol oynamır və məscidlərə, cəmiyyətə də təsiri çox aşağı səviyyədədir. Bunun da əsas səbəblərindən biri Türkiyədə dövlət səviyyəsində ənənəvi İslami dəyərlərin təbliği və təşviqi işinin geniş şəkildə aparılmasıdır. Fikrimcə, onların bu təcrübəsindən istifadə etmək mümkündür. Hesab edirəm ki, bu məqsədlə martın 1-dən 4-dək Türkiyəyə etdiyimiz səfər çox əhəmiyyətli oldu və orada əldə etdiyimiz təcrübədən biz mütləq yararlanacağıq”.
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed