Şrift:
XİN: ATƏT-in bütün üzv dövlətləri Ermənistanı böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər
12.03.2015 [11:27] - Xəbərlər, Siyasət
Martın 11-də ATƏT-in Daimi Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Eduard Nalbəndyan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb. Bunu jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev hesab edir ki, ATƏT-in Daimi Şurasının bu xüsusi toplantısı Ermənistan tərəfinə zor tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması halları ilə bağlı ATƏT üzv dövlətlərinin artan narahatlıqlarını anlamaq üçün nadir imkan yarada bilər: "Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Amma Vyanada ATƏT-in Minsk Qrupunun tam formatda müntəzəm görüşlərinin bərpası dialoq üçün ehtiyac duyulan bir platforma rolunu oynaya bilər".

XİN rəsmisinin fikrincə, Ermənistan beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlərinin çağırışlarına cavab olaraq, dərhal hərtərəfli və strukturlaşdırılmış danışıqlara başlamalıdır.

Eyni zamanda Ermənistan Prezidentlərin Paris görüşündə razılaşdırıldığı kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsini təmin etməlidir: "Ermənistan tərəfindən qanunsuz şəkildə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir".

H.Hacıyev bildirib ki, Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur: "Paris görüşündən bir neçə gün sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş son üç görüşdə müşahidə edilən hər hansı müsbət dinamikanı təhdid etdi. İşğal edilmiş ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılmasının davam etdirilməsinə paralel olaraq, bu ərazilərdə qanunsuz olaraq təbii sərvətlərin istismarı, dövlət və özəl mülkiyyətin qanunsuz mənimsənilməsi halları göstərir ki, Ermənistanın əsl məqsədi status kvo-nu möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Yerli Azərbaycan əhalisinin iştirakı olmadan qondarma “parlament seçkiləri” keçirilməsinə dair plan da Ermənistanın münaqişənin həllinə münasibətdə “fait accompli” yanaşma cəhdinin daha bir bariz nümunəsidir"

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin mövcudluğu həm danışıqlarda irəliləyişə nail olunması, həm də münaqişə zonasında etimadın yaradılmasına ən ciddi maneə olaraq qalır: "Bu, cəbhə xətti və Ermənistan və Azərbaycan sərhədi boyunca artan insident və sistemli atışmaların yeganə səbəbidir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişə tərəfləri arasında etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək və danışıqlar prosesində yeni imkanlar yaradacaq. Münaqişə zonasının hərbisizləşdirilməsindən sonra etimadın yaradılması, münaqişədən zərər görmüş ərazilərin reabilitasiyası və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün zəruri şərait yaranacaq. Təbii ki, münaqişədən əziyyət çəkmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında dialoqun bərpasına nə qədər tez başlasaq, hər iki icmanın birgə dinc yanaşı yaşaması üçün şanslar bir o qədər tez yaranar".

H.Hacıyev hesab edir ki, Ermənistanın mövcud status kvo-ya arxayın olması tarixi səhvdir. Ermənistanın on illiklər boyu davam edən siyasəti Ermənistanı regional inkişafdan məhrum edir: "Azərbaycan və Ermənistan arasında artan iqtisadi, siyasi və sosial fərqlərə baxmayaraq, biz qonşuluğumuzda kiçik, təcrid olunmuş və demək olar ki, bütün qonşularına qarşı ərazi iddiası olan təcavüzkar dövlətin mövcudluğunda maraqlı deyilik. ATƏT-in bütün üzv dövlətləri Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmağa və böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər".
Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed