Şrift:
Hacı Şahin Həsənli: - Novruz bayramının tarixi İslamın yaranmasından çox-çox minillər əvvələ gedib çıxır.
18.03.2015 [10:58] - Xəbərlər, İslam dini
Novruz bayramı İslam dinində necə qiymətləndirilir?

Bu günlərdə Azərbaycanın hər yerində təbiət bayramı olan Novruzun ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir. Lakin elələri də var ki, dini baxımdan Novruz bayramının haram olduğunu iddia edərək onun ailəsində qeyd edilməsinə imkan vermir. Bəziləri isə əksinə, bu bayramın İslam dini ilə bağlı olduğunu deyərək onu müqəddəsləşdirməyə çalışır.

Bununla bağlı Trend-ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, əslində Novruz bayramının İslam dini ilə birbaşa heç bir əlaqəsi yoxdur, lakin müsbət dəyərləri çox olduğuna görə dinimiz ona qarşı çıxmayıb: “Novruz bayramının tarixi İslamın yaranmasından çox-çox minillər əvvələ gedib çıxır. Ona görə də bu bayramın yaranmasının heç dəqiq tarixi də məlum deyil. Onun İslamla bağlı olmadığı isə birmənalıdır. Lakin İslam dini Novruz bayramına ümumilikdə müsbət yanaşır. Bu təbiət bayramı baharın gəlişinin qarşılanmasını ifadə edir. Novruz bayramının bir çox ayinləri dini qaydalarla, dəyərlərlə üst-üstə düşür. Bu bayram insanları bir-birinə yaxınlaşdırır. İnsanlar bir-birinin ziyarətinə, görüşünə gedir, küsən insanlar barışır, bayram süfrələri təşkil olunur. Hətta ölmüş insanların məzarları ziyarət edilir, ruhuna dualar oxunur. Bu bayram müsbət dəyərdir, bizim milli adət-ənənəmizdir. Ona görə də İslam dini bu adət-ənənəni müsbət qarşılayıb”.

QMİ nümayəndəsi qeyd edib ki, İslam dininə görə Novruz bayramının qeyd edilməsinin guya haram olması barədə söylənən fikirlər də yanlışdır: “İslam dini yayıldığı ərazilərdə yerli mədəniyyətləri heç vaxt inkar etməyib, əksinə, onları zənginləşdirib və təşviq edib. Lakin İslam dini müəyyən bayramları dinə zidd olan bəzi ayinlərdən təmizləyib. Novruz bayramının qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biridir və İslam dini ilə də heç bir ziddiyyət təşkil etmir.

Bu gün müəyyən radikal cərəyanlar var ki, milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoyur, milli hər nə varsa, onu inkar etməyə çalışır. Təbii ki, bu, səhv yanaşmadır. Din heç zaman milli-adət ənənələrlə döyüşməz, ona zidd ola bilməz. İslam dini bir çox xalqlar tərəfindən ona görə rəğbətlə qəbul edilib ki, bu din onların mədəniyyətlərini sıradan çıxarmayıb, əksinə, onları təsdiq edib. Bir daha deyirəm, bəzi xürafat xarakterli ayinlər ola bilər ki, din onlara qarşı olsun, amma ümumilikdə İslam dini Novruz bayramını müsbət qəbul edir.

Həzrəti Peyğəmbərimiz (s) bu bayrama qarşı çıxmayıb. Məsum imamlarımızdan da hədislər nəql olunur. Onlar da bu bayramı təsdiq ediblər. Onlar da bu bayramı qeyd edən insanların əleyhinə olmayıblar. Hətta bu hədislər olmasa belə, bilirik ki, İslam dini müsbət dəyərləri, onun mahiyyətinə zidd olmayan hər hansı şeyi təsdiq və qəbul edir. Yəni bu adət-ənənələr dinə, insanlığa, mənəviyyata ziddiyyət təşkil etmirsə, din onu rədd eləmir”.

Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov Trend-ə bildirib ki, min ilə yaxındır ki, müsəlman alimlər öz əsərlərində Novruz bayramının mənşəyi, mahiyyəti və müstəhəb əməlləri barədə məlumat verirlər: “Bir çox din alimləri öz əsərlərində təqvim günlərinə məxsus şəriət əməllərindən bəhs edərkən, Novruzun ibadət və mərasimlərinə də geniş yer ayırıblar. Çoxdan məlumdur ki, Novruz sözü fars dilində “yeni gün” deməkdir və konkret astronomik hadisə ilə bağlı gündür. Astronomik təqvimlə həmin gün şimal yarımkürəsində yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Astronomiya dili ilə desək, Günəş şərq zodiak sistemindəki Hut, yəni balıq bürcündən çıxıb, Həməl, yəni qoç bürcünə daxil olur.

Bəzi din və etiqad məktəbləri Novruzun cahanşümul mahiyyətini təsdiqləyib, onu dini bayram səviyyəsində qəbul ediblər. Məsələn, Novruz tarix etibarilə atəşpərəstlik və ya zərdüştilik dinindən daha qədim olsa da, bu dinin daxilində özünün ən parlaq inkişaf dövrünü yaşayıb. Zərdüştilər Novruzu öz əqidələrinə uyğunlaşdırıb, bir növ onu özününküləşdiriblər. Məhz buna görə də həm keçmişdə, həm də indi bir çoxlarının zehnində Novruz atəşpərəstlərin bayramı kimi təsəvvür edilir. Halbuki, bu fikir qətiyyən həqiqətəuyğun deyil”.

Araşdırmaçının fikrincə, Novruz elə nadir milli bayramlar sırasına aiddir ki, İslam dini nəinki onu rədd etməyib, əksinə, ona yeni ruh və təravət bağışlayıb: “Əlbəttə, Novruzun mənşəyini İslamla bağlamaq düzgün deyil. Novruz heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır. Dünyanın bir çox xalqları bu günü baharın gəlişi, təbiətin oyanışı kimi qeyd edirlər. Maraqlıdır ki, ruslar xristianlığı qəbul etməzdən əvvəl yaz gecə-gündüz bərabərliyi günündən, yəni Novruzdan bir həftə əvvəl və bir həftə sonra Maslenitsa bayramını keçirirdilər. Xristian kilsəsi sonralar bu bayramın vaxtını bir qədər irəliyə - Böyük Orucun (Velikiy Post) başlanğıcından əvvələ çəkdi. Yaz gecə-gündüz bərabərliyi bayramı hətta Yaponiyada da dövlət səviyyəsində qeyd olunur.

İslamın ilk dövrlərində yaşamış müqəddəslər Novruz gününü xoş sözlərlə yad ediblər. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibin (ə.s) xilafəti illərində ona Novruz hədiyyəsi gətiriblər. Əli (ə.s) bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söyləyiblər. İmam hədiyyəni qəbul edib buyurub: “Hər günümüzü Novruz edin”. Bəzi məlumatlara görə, Həzrət Əliyə (ə.s) hədiyyə gətirən adam – əslən fars mənşəli olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban imiş.

Bəzi mənbələrdə isə Novruz bayramını tənqid atəşinə tutan və bu günü bayram kimi qeyd etməyi haram sayan rəvayətlərə də rast gəlirik. Amma bu rəvayətlərin bir qisminin sənədi Muhəmməd Peyğəmbərə (s.ə.a.s) qədər gedib-çıxmır, bəzi rəvayətlər isə zəif sayılır”.

N.Rəhimov bildirib ki, Novruz bayramının mənşəyi və ibadətləri barədə bəzi hədislərdən belə çıxır ki, bir sıra tarixi hadisələr, məsələn, guya Həzrət Nuh Peyğəmbərin (ə.s.) gəmisinin tufandan sonra quruya oturması, Həzrət İbrahim Peyğəmbərin (ə) öz şəhərindəki böyük bütü sındırması, Həzrət Mühəmməd Peyğəmbərə (s) ilk vəhyin nazil olması, Qədir-Xum hadisəsi və s. məhz Novruz gününə təsadüf etmişdir. Sadalanan hadisələrin heç də hamısının Novruz günündə baş verdiyinə inanmaq düzgün olmazdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatına aid hadisələr nisbətən yaxın dövrdə baş verdiyi üçün onların vaxtını hesablamaq çətinlik törətmir. Məlum olur ki, sadalanan bütün hadisələrin Novruz günündə baş verməsi təqvim baxımından qeyri-mümkündür. Amma bu hadisələrdən birinin – Qədir-Xum olayının, yəni Həzrəti Məhəmmədin (s.ə.a.s) İmam Əlini (ə.s) özundən sonra müsəlmanlar üzərində xəlifə təyin etməsi və o günü bayram elan etməsi məhz Novruz gününə və yaxud ondan bir gün qabağa, Novruz bayramı axşamına təsadüf etməsi hesablamalara əsasən düz çıxır: “Xalqın şüurunda Novruz – “İmam Əlinin (ə.s) taxta çıxdığı gün” sayılır. Əlbəttə, heç kim iddia etmir ki, Novruz bayramı hər il Qədir-Xum günü ilə üst-üstə düşməlidir. Çünki hicri-qəməri və şəmsi təqvimlər arasındakı illik fərq bunu qeyri-mümkün edir. Məlum olan budur ki, məhz həmin il, hicri 10-cu il zilhiccə ayının 18-i şəmsi təqvimdəki yeni ilin yeni ayının 1-nə, yəni miladi təqvimlə 632-ci il mart ayının 19-na və ya 20-nə təsadüf edib”.

Hacı Şahin Həsənli isə Novruz bayramının Həzrəti Əlinin (ə.s.) adı ilə bağlanmasını düzgün hesab etmir: “Novruzun bununla heç bir əlaqəsi yoxdur. Qədir-Xum, yəni Peyğəmbərimiz (s) tərəfindən Həzrəti Əlinin imamətə təyin edildiyi gün təsadüfən Novruz bayramı ərəfəsində düşüb. Bu məqam gərək tarixi baxımdan hesablana. Novruz astronomik təqvimlə yeni il hesab edilir. Nəzərə alsaq ki, hicri-qəməri təqvimi miladi təqvimə nisbətdə dəyişir, onda əminlikdə demək olar ki, bu bayramın Həzrəti Əlinin (ə.s.) imamətə təyin olunması günlə birbaşa bağlılığı yoxdur”.
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed