Şrift:
İran prezidentinin milli və dini azlıqların işi üzrə köməkçisinin məhkəməyə çağırılması barədə ziddiyyətli xəbərlər yayılıb
19.03.2015 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidentinin milli və dini azlıqların işi üzrə köməkçisi Əli Yunisinin iki həftə əvvəlki bəyanatına görə ruhanilərə məxsus məhkəməyə çağırılması barədə ziddiyyətli məlumatlar yayılıb.
İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) bağlı “Fars” və “Tasnim” agentlikləri Yunisinin düşünülməmiş son bəyanatına görə martın 17-də ruhanilərə məxsus məhkəməyə çağırılıb dindirildiyi barədə məlumat yaysalar da, Yunisinin müavini Səid Zare bunu təkzib edib.

Səid Zare, jurnalistlərə açıqlamasında deyib ki, İran prezidentinin köməkçisinə qarşı yayılan bu kimi xəbərlər, Ruhani hökumətinə təzyiqi gücləndirmək məqsədi daşıyır: “Əli Yunisi heç bir məhkəməyə çağırılmayıb. Bəzi qruplar Ruhani hökumətinə problem yaratmağa çalışırlar. Onlar bu kimi məlumatlar yaymaqla hökumətin fəaliyyətinə mane olmaq istəyirlər. Hesab edirəm ki, medianın da hər hansı qaynaq göstərmədən belə məlumatlar yayması və aranı qarışdırması düzgün addım deyil”.

Əli Yunisi martın 8-də Tehranda keçirilən “İran kimliyi” adlı toplantıda çıxış edərək qədim İran imperiyasından danışaraq deyib ki, bütün Orta Şərq xalqları iranlıdır və onların hazırda yaşadığı ölkələr vaxtilə İran imperatorluğunun tərkib hissəsi olub.Yunisi həmçinin bütün Orta Şərq, Qafqaz və Orta Asiya ölkələrinin “İran İttifaqı” adlı bir siyasi qurumun ətrafında toplaşaraq birləşməsini tələb edib. Yunisi deyib: “Bu gün, İraq bizim tarixi sivilizasiya hövzəmizin bir hissəsi olaraq, həm də bizim kimliyimiz, mədəniyyətimiz və paytaxtımızdır”. Əli Yunisinin bu bəyanatı bölgədəki ərəb ölkələrinin ciddi narahatlığına səbəb olub. İraqın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Yunisinin bu çıxışına kəskin etiraz bildirib. Yunisinin bu çıxışı ölkə daxilində də bir sıra rəsmilərin, eləcə də bəzi hökumət qurumlarının etirazı ilə qarşılanıb.

Martın 15-də İran parlamentinin 109 deputatı prezident Həsən Ruhaniyə birgə məktub yazaraq Əli Yunisini tutduğu vəzifədən azad etməsini tələb edib. Məktubda deyilir ki, Yunisinin bu bəyanatı ölkənin beynəlxalq imicinə və milli mənafeyinə zərbə vurub.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed