Şrift:
Güney Azərbaycan bu həftə
21.03.2015 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası


-Bu həftə Güney Azərbaycanda və İran adlanan ölkədə bir çox ciddi məslələr həftəyə möhür vurmuş oldu.

Onlardan ən vacibi isə o oldu ki, molla rejimi bütün gücü ilə Türk mədəniyyətinin zirvələrindən olan Ergenekon (Yeni Gün) yəni Novruz bayramı tədbirlərinin keçirilməsinə mane olmağa çalışırdı, lakin rejimin bütün cəhdlər uğursuz alındı. Həm "dini qaydalarla", həm də qanunlarla qadağan edilən bayram kutlamaları millət tərəfindən qeyd edildi. Əvvəlcə, rejim axır çərşənbə törənlərinin haram olması barədə fitva verdi. Martın 13-də Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi, namaz xütbəsində etdiyi çıxışında, axır çərşənbə mərasiminin islam qaydalarına zidd olduğunu bildirdi.Axund Xatəmi deyib ki, axır çərşənbə mərasimində tonqal qalamaq islam qaydalarına zidd addımdır: "Bildirirəm ki, axır çərşənbədə tonqal qalamaq haramdır və islam şəriətinə zidd addımdır”. Bu fitvanın təsirinin olmadığını görən rejim, polis vasitəsiylə hədələrə keçdi. Tədbirlərin dağıdılaçağını və həbslər olacağı barədə verilən ultimatumlar da xalqın gözünü qorxutmadı - Türkü mədəniyyətindən ayıra bilmədi. Güney Azərbaycanda və İranın Türklər yaşayan bütün ərazilərində İlaxır Çərşənbə və Novruz Bayramları xalq tərəfindən ən yüksək səviyyədə qeyd edildi.

 

-Lakin molla rejimi və fars şovinistləri millətin öz bayramını qeyd etməsini həzm edə bilməyib, açıqlarını Tehranda voleybola baxmağa gələn azərbaycanlıların üstünə tökdülər. Ffevralın 18-də İran milli voleybol çempionatının finalında paytaxtın Peykan komandası ilə qarşılaşmağa hazırlaşan Urmiyənin Bələdiyyə klubu Tehran türklərindən dəstək gözlədiyinə dair müraciət etdilər və müraciət qəribçiliyə düşmədi. Urmiya kamandası azarkeşlərinin oyun zamanı komandaya dəstək şüarlarını səsləndirməsinə görə polis, mühavizəçi və fars şovinistlər tərəfindən hücuma məruz qaldılar. Qarşıdurmada onlarla soydaşımız döyülüb və onlardan bir neçəsi yaxalanıb. Hətta Urmiyənin Bələdiyyə başqanı Həzrətpur zorakılığın qarşısını almaq üçün hücuma məruz qalan soydaşlarımıza tərəf gedib, lakin onun da hücuma məruz qaldığı və hətta döyüldüyü bildirilir. Şahidlər təhlükəsizlik qüvvələrinin vəhşicəsinə rəftar etdiyini qeyd edib. Heç bir məntiqə sığmayan bu olay güney azərbaycanlılar tərəfindən ciddi etirazlarla qarşılanıb. Urmiyəli voleybol tərəfdarlarına hücumuna reaksiyaların ardınca yerli siyasətçilər və məsullar, o cümlədən Urmiyə şəhər şurası, Bələdiyyə Başqanı, idman məsulları və millət vəkilləri polis zorakılığını qınamaqla yanaşı, hökümətdən olayların araşdırılmasını tələb edib. Bələdiyyə klubunun prezidenti Əhəd Yusifi isə "Tehran polisi və İran voleybol federasiyasının münasibətsiz və uyğunsuz davranışlarına etiraz olaraq” Daxili İşlər Nazirliyi vasitəsilə olayların araşdırılmasına qədər voleybol komandasının fəaliyyətlərinin dayandırılacağını elan edib. Bütün bunlara baxmayaraq hökumət elə davranır ki, sanki bu hadisələr başqa bir ölkədə olur və bunlara heç bir dəxli yoxdur...

 

-Bu həftə İranda gündəmi tutan hadisələrdə biri də fars şovinisti kimi tanınan prezidentin milli və dini azlıqlar üzrə köməkçisi Əli Yunisinin məhkəməyə çağırılaraq dindirilməsi və ona ittihamlar irəli sürülməsi oldu. Əli Yunisi martın 8-də Tehranda keçirilən "İran kimliyi” adlı toplantıda çıxış edərək qədim İran imperiyasından danışıb və deyib ki, bütün Orta Şərq xalqları iranlıdır və onların yaşadığı ölkələr vaxtilə İran imperatorluğunun tərkib hissəsi olub.Yunisi həmçinin bütün Orta Şərq, Qafqaz və Orta Asiya ölkələrinin "İran İttifaqı” adlı bir siyasi qurumun ətrafında toplaşaraq birləşməsini tələb edib. Yunisi deyib: "Bu gün, İraq bizim tarixi sivilizasiya hövzəmizin bir hissəsi olaraq, həm də bizim kimliyimiz, mədəniyyətimiz və paytaxtımızdır”. Əli Yunisinin bu bəyanatı bölgədəki ərəb ölkələrinin ciddi narahatlığına səbəb olub. İraqın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Yunisinin bu çıxışına kəskin etiraz bildirib. Yunisinin bu çıxışı ölkə daxilində də bir sıra rəsmilərin, eləcə də bəzi hökumət qurumlarının etirazı ilə qarşılanıb. Martın 15-də İran parlamentinin 109 deputatı prezident Həsən Ruhaniyə birgə məktub yazaraq Əli Yunisini tutduğu vəzifədən azad etməsini tələb edib. Məktubda deyilir ki, Yunisinin bu bəyanatı ölkənin beynəlxalq imicinə və milli mənafeyinə zərbə vurub.
Əli Yunisinin məhkəməyə çağırılmasının səbəbini açıqlayan prokuror Məhəmməd Müvəhhid bildirib ki, Əli Yunisi ölkənin milli təhlükəsizliyinə qarşı bəyanatlar səsləndirməkdə ittiham olunur.

 

-Məlumdur ki, İranda Azərbaycan türkləri müxtəlif vasitələrlə öz tarix və mədəniyyətindən uzaqlaşdırılır. Bu vasitələrdən biri tarixi məkanların sıradan çıxarılmasıdır. Bu həftə Güney Azərbaycanın millət vəkilləri və rəsmi qurumları bir-birinin ardınca tarixi abidələrin məhf olması barədə açıqlamalar veriblər.
Urmiyanın millət vəkilin ardınca isə, Təbriz Bələdiyyəsinin turizm inkişafı üzrə məsulu bildirib ki, bu şəhərdə yüzlərlə tarixi ev məhv olmaq üzrədir. Rza Xəlili əlavə edib ki, Rza Şah Pəhləvi dövrünə aid Ordubadi evi və Qacar-Pəhləvi dövrünə aid Şərbətoğlu evi kimi tarixi evlər bir sıra orqanların əlindədir. Bələdiyyə bu evləri alıb turizm məkanına çevirməyə çalışır, lakin bunun üçün büdcəsi yoxdur. Xəlili bildirib ki, əhali parka getməkdən artıq bezib, onlar tarixi məkanları görmək istəyir.

 

-Güney Azərbaycanın şəhər və kəndlərində infrastrukturun bərbad olması barədə verilən rəsmi açıqlamalar da olduqca ürəkaqrıdıcı oldu. Hakimiyyətin göstərdiyi yad münasibət nəticəsində soydaşlarımızın dürümü günü-gündın ağırlaşır. Demək olar ki, Güney Azərbaycanın böyük şəhərləri içməli su çatışmamazlığı və kanalizasiya sisteminin olmamasında əziyyət çəkir. Qərbi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini jurnalistlərlə danışıqda bu məsələyə toxunub. Hadi Bahaduri bildirib ki, "Urmiyə şəhərinin 50 faizi kanalizasiya sistemindən məhrumdur və təəssüflə bu il şəhərin kanalizasiya sisteminə kifayəq qədər büdcə ayrılmayıb.” Vali müavini yarımçıq qalan projelərə də işarə edib. O bildirib ki, "keçmiş hökumətlər dövründə bir çox projenin tələmqoyma mərasimi keçirilib, lakin onlar yarımçıq qalıb. O projelərdən biri Urmiyə-Marağa dəmiryolu layihəsidir, bu projenin ömründən 10 il keçir."
Qeyd edək ki, son zamanlar Urmiyə ilə yanaşı Təbriz şəhərinin də kanalizasiya problemi mətbuatın gündəmindən düşmür. Bu baxımdan Təbriz şəhəri də təxminən Urmiyə vəziyyətdədir.

Məktəblərlə bağlı isə, Güney Azərbaycanın müxtəlif bölgələrində təhsil ocaqları bərbad durumdadır və bu vəziyyətin düzəlməsi üçün dövlətdən çox xeyriyyəçi şəxslərə ümid edilir. Məlikan şəhəri Təhsil Şöbəsinin rəisi məktəblərin inkişafında xeyriyyəçilərin rolu barəsində keçirilən iclasda bildirib ki, "Məlikan məktəblərinin 70 faizdən çoxu köhnədir, onlar 40 ildən çoxdur istifadə olunur." İrəc Hatifi bəzi məktəblərin çökə biləcəyi ilə bağlı xəbərdarlıq da edib: “Məlikan kəndlərində bəzi məktəblər 50 ildən çoxdur istifadə olunur və onlar hər an çökə bilər." Təhsil şöbəsinin rəisi məhrum məntəqələrdə tikilən məktəblərə də işarə edib. O bildirib ki, "Qaraxızır, Şirvan Şahlı, Xankəndi, qədim Yolqunlu və Ləklər kəndində "Bərəkət Fondu" tərəfindən 5 məktəb tikilib və bununla da bu şəhərin təhsil ocaqlarına 30 dərs otağı əlavə olunub."

Təbrizin Şəhər Şurasının keçirdiyi mətbuat konfransında isə Şəhər Şurasının sözcüsü bu şəhərin metrosunun vəziyyəti ilə bağlı yeni açıqlama verib: “Təəssüflə mən Metro Təşkilatının müdir-amilinə etimad edib və (Hicri-şəmsi təqvimi ilə) 1393-cü ildə metronun işə düşəcəyi barədə vəd verdim. Lakin bu həyata keçmədi və ona görə də metro barəsində heç bir vəd vermirəm."

-Bu həftə Güney Azərbaycan milli-mədəni fəallardan Aydın Zakiri ilə Daryuş Əndəlibiyan azadlığa buraxılıb, Abbas Lisaninin və Mehdi Əjdərinin məhkəməsi olub, Əli Rzayinin isə həyat yoldaşı işdən uzaqlaşdırılıb.

 

-Bunlardan əlavə, bu həftə İranda gündəmi tutan mövzular İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarda iştirak edən İran xüsusi təyinatlılarının dinc əhaliyə tutduğu divan və onalrı diri-diri yandırmasıyla bağlı görüntülərin dünya mətbuatına çıxması, ABŞ-ın dövlət katibi Con Kerrinin İranla aparılan nüvə danışıqları ilə bağlı verdiyi "İran çətin seçim qarşısındadır" bəyanatı, İran zindanlarındakı durumlar və prezident Həsən Ruhanin anasının vəfatı xəbərləri oldu.

Hazırladı:

Milli Dirçəliş Hərəkatı Partiyasının

İdeologiya Şöbəsi

21.03.2015
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed