Şrift:
Son bir ayda ölkəmizdə baş vermiş ən mühüm hadisələrə müxalif baxış
24.03.2015 [11:37] - Xəbərlər, Siyasi partiyalar, DAVAMın yazıları
Milli Dirçəliş Hərəkatı Partiyasının İdeolojiya Şöbəsi son bir ayda ölkəmizdə baş vermiş ən mühüm hadisələrə partiyanın ideoloji və müxalif baxışlarını təqdim edir:

-Son bir ayda Azərbaycanda baş vermiş ən mühüm hadisə manatın devalvasiyası və bununla bilavasitə bağlı olan proseslər oldu. Əvvəlcə onu qeyd etmək istəyirik ki, Milli Dirçəliş Hərəkatı Pariyası ötən il başlamış neft ucuzlaşması fonunda, bütün neft ölkələrindən fərqli olaraq, Azərbaycanın öz valyutasının məzənnəsini sabit saxlamaq məqsədilə ayrılan vəsaitin artırılmasının əleyhinə olub. Bununla bağlı partiya bəyanatla çıxış etməsə də, partiyanın iqtisadi konsepsiyasına cavabdeh funksionerləri bu istiqamətdə hökumətin yürütdüyü siyasəti tənqid edib və maliyyə siyasətində bir "ada dövləti" yaratmaq cəhdi kimi qiymətləndirərək, bunun uğursuz bir addım kimi dəyərləndirmişdilər. Dövlətin yürütdüyü açıq beynəlxalq iqtisadi siyasətində hökumətin maliyyə siyasətinə cavabdeh məmurlarının ciddi səhvə yol verdikləri məlum oldu və dövlət məcburiyyət qarşısında manatın ucuzlaşmasına qərar verdi. Birdən-birə manatın kəskin ucuzlaşması ciddi narazılıqlara səbəb oldu. Həqiqətən də, bir gecədə öz büdcəsinə uyğun ciddi bir məbləğdə ziyana düşən vətəndaşlar hökumətdən açıqlamalar gözləyirdi. Lakin günlərlə gündəmi tutan ancaq və ancaq iqtisadçıların və millət vəkillərinin tənqidi idi. Sanki baş verənlər və edilən tənqidlər səlahiyyətli məmurlarla bağlı deyildi. Hətta millət vəkili tərəfindən Mərkəzi Bankın sədrinin xalqı aldatmaqda suçlaması və bunun üçün cavab verməli olmasına belə heç bir reaksiya verilmədi.
Lakin, Prezidentin məsələyə münasibət bildirərkən açıq şəkildə baş verənləri xalqa çatdırması və dövlətin nəyə görə belə bir addım atmasını izah etməsi insanlarda narazılığı demək olar ki, azaltdı. Prezident hər kəsin başa düşəcəyi dildə açıqlama verdi ki, ölkəmizdə xarici valyutanın qonşu ölkələrə nisbətdə çox uçuz olması səbəbindən, işbazlar ölkədə olan bütün valyutanı alıb xaricə çıxarmağa cəhd ediblər. Dövlət də Mərkəzi Bankın valyuta ehtiyatlarının tükənməsi təhlükəsinin qarşısını almaq üçün qabaqlayıcı tədbir görüb. Bu açıqlama demək olar ki, vətəndaşların narazılığını azaltdı.
Lakin, qarşıda duran əsas problem qiymət artımı ilə bağlı idi. Hökumət yenə xalqa vədlər verməyə başladı ki, qiymət artımının qarşısını alacaq. Hətta, hüquq mühafizə orqanlarını da bu prosesə cəlb edərək bir neçə gün qiymət artımına qarşı mübarizə də aparıldı. Bir neçə sahibkar süni qiymət artırmaqda ittiham olunaraq, məsuliyyətə cəlb edildilər və s. Lakin bu cür davranış nə bazar iqtisadiyyatına, nə də sivil bir cəmiyyətin qaydalarına uyğun deyil. Heç hökumət bunu bacarmaq iqtidarında da deyil. Birinci ona görə ki, hər satıcının yanına bir polis qoymaq imkanı yoxdu, ikinci də ki, polis guya ölkədə satılan bütün malların qiymətini bilir ki?! Olduqca absurd bir yanaşmadı. Həm də süni qiymət artımının qarşısını almaq və dövlətin qiymnət siyasətini tənzimləmək polisin, təhlükəsizlik məmurunun yox, İqtisadi İnkişaf Nazirliyində müvafiq qurumun vəzifəsidir. Bunlardan əlavə isə, beynəlxalq iqtisadi münasibətlər fonunda hazırkı durum üçün qiymət artımının qarşısını almaq sahibkarlığın məhvi demək olar. Beynəlxalq ticarətdə manatla deyil, digər valyutalardan istifadə edən sahibkar həmin valyutanı ölkədə baha alırsa, istər-istəməz malın satış qiyməti artmalıdır. Sadə bir misal: Əgər sahibkar əvvəl 10 dollara aldığı mal üçün 8 manat ödəyirdisə, indi artıq 10,5 AZN ödəmiş olur. Deməli, əvvəl 8 manata aldığı malı 10 manata satan sahibkar, indi onu həmin qiymətə satsa ziyana gedər və iflas olar. Ona görə də MDHP hesab edir ki, hökumətin qiymət artımına qarşı apardığı zorakı mübarizə iqtisadi inkişafa xidmət etmir. Əksinə, ondansa İqtisadi və sosial layihələrin həyata keçirilməsi və büdcəyə yenidən baxılması daha məqsədəuyğundur. MDHP bununla bağlı mövqeyini Milli Məclisdə artıq ortaya qoyub və partiyanın sədri, millət vəkili Fərəc Quliyev çıxışında MDHP adından bildirib ki, "İndiki vəziyyətdə qiymət artımının qarşısını almaq inandırıcı deyil. Ona görə hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra əhalinin kredit, əmanətlər və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır. Hökumət əhalinin ziyan çəkməməsi, sosial ehtiyaclı insanların müdafiəsi üçün qiymət artımının qarşısını almaq, maaş və pensiyaların yeni inflyasiya indeksinə uyğunlaşdırılması, yaşayış minimumu və aylıq istehlak səbətinə yenidən baxmaq üçün mənbələr tapılmalıdır."

-Ölkə gündəmini tutan ikinci hadisə bu il Azərbaycanda keçiriləcək "Bakı 2015 Avropa Oyunları" ilə bağlı müzakirələr oldu. Bir-birinin ardınca beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçün Avropa Oyunları beynəlxalq imic baxımından növbəti bir sınaq hesab olunduğu üçün, tədbirlə bağlı milli birlik şərtdir. Keçirilən tədbir Azərbaycan hakimiyyətinin adından deyil, Azərbaycan Respublikasının adından keçirilir və beynəlxalq ictimaiyyətdə də veriləcək qiymət ölkəmizə veriləcək. Məhz elə buna görədir ki, Azərbaycana qarşı açıq və gizli düşmənçilik siyasəti yürüdən ölkələr və qüvvələr əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, Avropa Oyunları ilə də bağlı birgə qara piyara başlayıblar. Bir çox cəhdlər var ki, ya oyunların baş tutmasının qarşısı alınsın, ya da bir çox idmançıların oyunlardan imtinasına nail olsunlar ki, tədbir nəzərdə tutulan səviyyədə keçirilməsin. Bunun üçün gah Azərbaycanda terror hadisələri törətməklə buna nail olmağa çalışırlar, gah insan haqlarının pozulmasını gündəmə gətirirlər, gah da heyvan haqlarını qabardırlar ki, Azərbaycanda heyvanlara qarşı zorakılıq var. Hətda qonşu Türkiyədə Azərbaycana qarşı "Hepimiz Hayvanız" aksiyası keçirdilər. Bu cür kompaniyalara ölkə içindən də qoşulanlar var. Lakin, bu olduqça kiçik rəqəm olduğu üçün təsir gücünə sahib deyil.
Lakin, Avropa Oyunlarında iştirak edəcək idmançıların və heyətlərin bütün xərclərinin Azərbaycan tərəfindən qarşılanacağı ilə bağlı xarici mətbuatda verilən xəbər xalqa "surpriz" oldu. Hər halda az qala illik büdcəmiz qədər ayrılmış vəsait barədə xəbəri xarici mətbuatdan eşitmək vətəndaş üçün anlaşılmazdı.
Amma, artıq hesabat vaxtı deyil. Bu mötəbər idman tədbirlərinə sayılı günlər qalıb. İndi hər kəs artıq Azərbaycanın növbəti beynəlxalq tədbirə layiqli ev sahibliyi etməsi marağındadır. Çağdaş müxalif partiyaların hər biri, o cümlədən MDHP də hesab edir ki, Avropa Oyunları sıradan bir hadisə deyil və bu idman tədbiri ölkənin müsbət imici baxımından çox əhəmiyyətlidir.

-Son bir ayda siyasi gündəmi tutan ən böyük siyasi hadisə isə iqtidar-müxalifət dialoqu ilə bağlı oldu. Müxalifət liderləri ilə prezidentin səlahiyyətli nümayəndəsinin ikinci dəfə bir araya gəlməsi siyasi gündəmi tutdu. Müzakirələr əsasən qapalı şəraitdə keçirilən dialoqda ortaya qoyulan məslələrlə bağlı oldu. Bununla bağlı verilən suala MDHP lideri Fərəc Quliyev belə cavab vermişdi: "Düşünürəm ki, ən prinsipial, xüsusilə milli məsələlər, Qarabağ probleminin həlli ilə bağlı məsələdə müxalifətdə və iqtidarda olan təşkilatların baxışları fərqli deyil. Ümumiyyətlə, Azərbaycanın inkişafı ilə bağlı düşüncələrdə ciddi fərq yoxdur. Əlbəttə ki, ideologiyalar, yanaşmalar fərqli ola bilər. Amma ideya olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkəmizin qüdrətlənməsi yolunda kimsə fərqli mövqe tutmaz. Ən azından bu prinsipləri daşıyanlar bir masa ətrafına gəldilər. Düşünürəm ki, həm prezidentin iradəsini ifadə edən hörmətli Əli Həsənov cənablarının çox mütərəqqi çağırışları və baxışları oldu, həm də çox konstruktiv təkliflərlə çıxış etdi. Dialoqun davam etdirilməsi ilə bağlı format haqqında ortaq məxrəcə gəlindi."
İki partiyanın dialoqa qatılmaması ilə bağlı da suallar yarandı. Hətta, həmin partiyalar tərəfindən iqtidar-müxalifət dialoqu qaralanmağa başlandı. Həmin kompaniyalar əsasən digər müxalifət partiyalarına qarşı piyar şəklində quruldu. Lakin, cavab da özünü çox gözlətmədi. MDHP sədri Fərəc Quliyev onlarla bir masa ətrafında oturmağın düzgün olmadığının səbəbini açıqladı: "Burada iki tərəf var. Əslində söhbət hansısa düşüncə sisteminin tətbiqindən gedir. Biz millət olaraq 3 prinsiplə bir araya gələ bilərik. Ya lider, ya partiya, ya da düşüncə ətrafında. Düşüncə olaraq Azərbaycançılıq və vətənçilik düşüncəsi ətrafında hamı bir masa ətrafına toplanırsa bu prosesdən özünü tutanlar kənar dövlətlərin layihələri təmərgüzləşənlər bu dialoqa kölgə salırlar. Hesab edirəm ki, belələri ilə masada oturmağa dəyməz. Çünki düşünülmüş şəkildə bilirlər ki, Milli Şura xarici dövlətlər tərəfindən Azərbaycana balta çalmaq üçün yaradılıb. Belə vəziyyətdə aydındır ki, bunlar Azərbaycançılıq və Vətənçilik təfəkküründən yox, başqa dövlətlərin, düşüncələrinin ölkəmizə sirayət etməsində baltaya sap olanlardır. Onlar öz xoşbəxtlikləri, mənafelərini, maraqlarını başqa dövlətlərin Azərbaycandakı maraqları içərisində axtarırlar. Onlarla bir masa ətrafında oturmaq yox, həmin insanları Azərbaycan cəmiyyətinə təsirlərindən azad etmək, kənarlaşdırmaq lazımdır. Düşünürəm ki, belələrinin ifşa olunması, hətta cəzalandırılması çox məqbuldur. Çünki dialoqdan bu gün bu formada geri çəkilmək təkcə hökumətlə münasibətlər sisteminə deyil, həmçinin Azərbaycan prinsiplərinə arxa çevirməkdir. Ona görə də bunu açıq şəkildə ictimai qınağa verməyi bacarmalıyıq. Bildirməliyik ki, bu adamlar ya ağalarının ipindən qopub milli məfkurənin yanına gəlməli, ya da əks tərəfdə dayanıblarsa təpkimizi görməlidirlər."
Qeyd edək ki, bu dialoqun mahiyyəti sırf modernləşmə siyasətilə bağlıdır ki, dünyada təcrübədən keçmiş və özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasının bir hissəsidir. Azərbaycanın inkişafı, təkcə sosial-iqtisadi sahəni əhatə etmir, eyni zamanda söz və məlumat azadlığının təmini, vətəndaş cəmiyyəti institutlarının islahatlarda birbaşa iştirakının təmin edilməsi və s. kimi məsələlərlə yanaşı, siyasi partiyaların opponentlik fəaliyyəti də olmadan qeyri-mümkündür.

-Heç bir müxalif fikir bildirmədən vurğulamaq istəyirik ki, Azərbaycanın imza atdığı ən böyük layilərdən biri olan TANAP Layihəsinin təməlqoyma mərasimi bu ayın ən vacib hadisəsi oldu. Dünya mətbuatında geniş yer alan bu hadisə Azərbaycan və Türkiyə arasında imzalanan "Trans Anadolu təbii qaz kəməri" müqaviləsidir. 11 milyard dollar dəyərində olan anlaşma, Azərbaycanın Şahdəniz yatağının ikinci fazasından çıxarılan 16 mlrd. m3 təbii qazın Türkiyəyə çatdırılmasını nəzərdə tutur. Bu həcmin altı milyardı ölkənin daxili təlabatına yonəldiləcək, 10 milyard kub metri isə Türkiyə üzərindən Avropa bazarlarına çıxarılacaq. Türkiyə prezidenti Recep Tayyip Erdoğanın təbirincə desək ''Bu layihə, Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələri dərinləşdirməklə yanaşı, Azərbaycanla Avropa arasında Türkiyə üzərindən orqanik bir bağ təmin edəcək''.
Xarici şirkətlərin dəstəyi olmadan, artıq öz gücünə beynəlxalq enerji layihələrinə imza atması, Azərbaycanın dünyadakı mövqeyinə görə yeni bir səhifə açması deməkdir.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
22.03.2015
Bu xəbər oxucular tərəfindən 1451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed