Şrift:
Bakıda Təbriz havası (foto)
25.03.2015 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Novruz bayramı günlərində Bakının hər yerində Təbrizdən, Ərdəbildən, Urmiyədən gələn turistlərlə qarşılaşırsan. Yaşlı, gənc, uşaq İçərişəhərdəki meydanlarda, dənizkənarı parkda gəzir, əylənir, rəqs edirlər.

Qoşa Qala qapısında keçirilən bayram şənliyində iştirak edənlərin də çoxu İrandan gələn azərbaycanlılardır. Onlardan biri Kazım Cəlili deyir ki, Bakıya çoxdan gəlmək istəyirmiş. Bu bayram həyat yoldaşını, oğlunu da götürüb gəlib:

«Biz buranın camaatını çox sevirik. Hamının bayramını təbrik edirik. Buranın adamları xoşdur, mehribandır, çox qonaqpərvərdirlər. Şəhər də qəşəngdir».

Kazım Cəlilinin həyat yoldaşı Ruqiyyə Qəyyam da deyir ki, Bakıda olmaq çoxdankı arzusu idi. Təbrizdən Bakıya gəlmək isə elə də çətin deyil:

«Artıq iki gündür burdayıq. Təbrizdə də bayramı yaxşı keçiririk. Ancaq burda daha yaxşıdır. Təbrizdəki Azərbaycan konsulluğu da bizə yaxşı xidmət elədi. Heç bir problemimiz olmadı».

Ötən il İrandan Bakıya gələn turistlərin sayı 150 mindən artıq olub
Bu ailə bundan sonra Bakıya tez-tez gələcəklərini də bildirir.

ÇALAN KİM, OYNAYAN KİM

İrandan gələnlər arasında gənclər də çoxdur. Meydanda Bakı sakinləri ilə birlikdə qol götürüb oynayan ərdəbilli Bəhruz deyir ki, bir neçə ildir o, Novruz bayramını Bakıda keçirir. Deyir burda özünü daha sərbəst hiss edirəm:

«Çox gözəldir. Mən hər il Novruzda Bakıya gəlirəm. Özümü burda çox yaxşı hiss edirəm. Bizə burda çox hörmət edirlər».

Fərəhnaz da çoxlu rəqs edib əylənəndən sonra deyir ki, bundan sonra Bakıya tez-tez gələcək:

«Məncə bura hər yerdən yaxşıdır. Nə deyim, hər şey çox qəşəngdir».

BAKIYA DAHA ÇOX MAŞINLA GƏLİRLƏR

İranlı qonaqlar deyirlər ki, Bakıya əsasən öz maşınları ilə gəlirlər. Təyyarə ilə gələnlər də var. Otellərdə, əsasən Bakıda kirayələdikləri evlərdə qalırlar. 6 aylıq körpəsi ilə istirahətə gələn parsabadlı Ruqəyya deyir ki, uşaqla uzun yol gəlmək bir az çətin olsa, Bakıda əməlli-başlı dincəliblər:

«Parsabaddan 4 saat yarıma öz maşınımızla gəlmişik. İlk dəfədir gəlirəm. Düzdür, körpə ilə bir az çətin oldu. Ancaq yaxşı ki, gəlmişik. Burada istirahət edirik, hər şey maraqlıdır».

Təbrizli Necati isə özünü evindəki kimi hiss etdiyini, Bakının çox təmiz olduğunu bildirir:

«Şəxsən mənim üçün Təbriz də, Bakıda da eynidir. Heç bir fərq görmürəm. Elə bilirəm ki, elə Təbrizdəyəm. Bura bizə çox yapışır. Dilimiz, özümüz eyniyik. Şəhər də çox gözəl, təmizdir».

KEÇƏN İL İRANDAN BAKIYA 150 MİNDƏN ÇOX ADAM GƏLİBMİŞ

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ötən il İrandan Bakıya gələn turistlərin sayı 150 mindən artıq olub. Bu il də gələnlərin sayının çox olacağı nəzərə alınaraq Bakıdakı otellərin bir neçəsi martın 18-dən 30-a qədər endirim kampaniyaları keçirir. Nazirlikdən verilən məlumata görə, builki Novruz tədbirlərinin geniş keçirilməsində məqsəd həm də daha çox turist cəlb etməkdir.

Bakıda Təbriz havası (foto)

Bakıda Təbriz havası (foto)

Bakıda Təbriz havası (foto)
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed