Şrift:
Gənclər Fondundan 1- ci Yay Avropa Oyunlarına dəstək
25.03.2015 [15:34] - Gündəm, Gənclik
“Olimpiya həyəcanını hiss et” layihəsi çərçivəsində gənclərlə görüşlər davam etdirilir

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdikləri “Olimpiya həyəcanını hiss et” layihəsi çərçivəsində Binnəqədi rayonunda yerləşən Bakı Turizm Peşə Məktəbində gənclərlə görüş təşkil edib. Birlikdən verilən məlumata görə tədbirdə çıxış edən sözügedən təşkilatın sədri Samirə Mustafayeva gənclərə Avropa oyunlarının Bakıda keçirilməsiylə bağlı bilgi verib: “Bu il iyun- iyul aylarında Bakıda 1- ci Yay Avropa Oyunları keçiriləcək. Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb və ondan sonra Avropa qitəsində də bərpa edilib, ancaq bu günədək Avropa Oyunları keçirilməyib. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə, böyük nailiyyətdir və uğurumuzdur. Bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynayıb. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanıb və Avropa ölkələri arasında 15- ci yerə layiq görülüb. Əlbəttə, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərib. İnanıram ki, Bu Olimpiya Oyunları Qarabağ həqiqətlərinin və ölkəmizin təbliğatı üçün geniş imkanlar yaradacaq”-, deyə o bildirib.
Təşkilatın üzvü Gülnaz Qənbərli gənclərə Avropa Oyunlarının xronikasıyla bağlı məlumat verib. O bildirib ki, Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən min olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman növündən minimum 12- si və 2- i qeyri- olimpiya idman növü daxil edilməsi gözlənilir. Bu, ümumi qaydalardır: “Yarışlar 17 Olimpiya idman növü üzrə keçiriləcək. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cü-do, taekvon-do, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 daxildir”. Daha sonra G. Qənbərli gənclərə Avropa Oyunlarında könüllülk əsasında fayda vermələri üçün tövsiyyələr edib: “ Siz olimpiya zamanı gələcək peşənizə uyğun təcrübə qazana bilərsiniz. Qonaqlara göstrədiyiniz xidmət həm də ölkəmizin gənclərinin yüksək səviyyəli peşə hazırlığını nümayiş etdirməklə, həm də təhsil aldığınız peşə məktəbinin də nüfüzunu artıracaq, ilk Avropa Oyunlarında öz töhfənizi verəcəksiniz. Eyni zamanda qonaqlara Qarabağ haqda həqiqətləri çatdıracaq, ölkəmizin təbliğatını aparacaqsınız”.
Tədbirin təşkilatçılarından Tofiq Əzizov isə çıxışında qeyd edib ki, I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyənləşdirilib: “Yarışların Heydər Əliyev adına İdman- Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8- ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulur. 2015- ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub”-,deyə o bildirib.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed