Şrift:
Səid Mətinpurun həyat yoldaşı: Planlı şəkildə siyasi məhbus və onun ailəsini işgəncəyə məruz qoyurlar
27.03.2015 [09:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məşhur azərbaycanlı siyasi məhbus, tanınmış jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpurun özü və ailəsinə təzyiqlər davam edir.
4 ay öncə məcburi şəkildə Tehranın Evin zindanından Zəncan həbsxanasına intiqal edilən azərbaycanlı siyasi məhbusun vəziyyəti daha da ağırlaşıb. Bu barədə onun həyat yoldaşı xanım Ətiyyə Tahiri yeni məlumat verib.

Məlumatda qısaca deyilir:

“Bir neçə ay öncə Səid Zəncan zindanına intiqal edildi. 2 ay öncə bizə bildirdilər ki, məzuniyyət və şərti azadlıqla bağlı ərizə yazaq. Biz də bir daha onlara inandıq və deyilənə əməl etdik. Lakin yenə də heç bir nəticə olmadı. Onlar bununla bir daha göstərdilər ki, yalnız siyasi məhbusları və onların ailəsini işgəncə etmək istəyirlər. Məlum oldu ki, bu iki ay müddətində bizim Novruz Bayramı gecəmizi pozmaq üçün plan hazırlayıblar.

Neçə ildir məsullardan bir dəfə də olsa doğru söz eşitmədik. Düşünürdük ki, bu il Novruz Bayramında Səid buraxılar, lakin bu da olmadı.

Zəncan zindanına intiqal edilən zaman onun azad ediləcəyi barədə şayiələr yayıldı. Lakin bütün bunlar onun həbs şəraitini ağırlışdırmaq üçün imiş! Səid Evin zindanının 350-ci bölümündə siyasi məhbuslarla birgə saxlanılırdı, ama bildiyimə görə o Zəncan zindanında təkcə siyasi məhbusdur və digər cinayətlərə görə həbs edilən məhbuslarla birgə saxlanılır. Onun həbs şəraiti getdikcə daha da pisləşir.

Səid 7 ildir məhbus həyatı yaşayır və bu müddətdə 9 ay təknəfərlik məhbəsdə saxlanılıb. Onun vəziyyəti gün keçdikcə biraz da pisləşir. Biz artıq bu nəticəyə yetişmişik ki, siyasi məhbus və onun ailəsinin işgəncə görməsi üçün hər an plan cızılır. Bir il, iki il deyil, 7 ildir vəziyyət belədir!”

S.Mətinpur 2007-ci il mayın 25-də Güney Azərbaycanın Zəncan şəhərində tutuqlanıb və Evin zindanının 209-cu bölümünə intiqal edilib. O müvəqqəti olaraq 278 gün saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Tehranın islamı inqilab məhkəməsinin 15-ci şöbəsi azərbaycanlı milli-mədəni fəalı xaricilərlə irtibatda olmaq ittihamı ilə 7 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, toplam olaraq 8 il həbsə məhkum edib. Qondarma ittihamlarla suçlanan fəal 2009-cu il iyulun 11-də həmin məhkəmə şöbəsinə çağırılıb. Məhkum məhkəməyə müraciət edincə təhlükəsizlik qüvvələri tərəfindən tutulub və Evin zindanına aparılıb.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed