Şrift:
Vahid türk ordusu yaranır?!
31.03.2015 [10:39] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: «Türk dövlətlərinin iqtisadi və mədəni əlaqələri daha çox siyasi və hərbi müstəviyə keçməsinin zamanıdır»

Üzeyir Cəfərov: «Vahid türk ordusu olarsa, o, öz sözünü deyə, tələblərini irəli sürə bilər»

Xəbər verildiyi kimi, Misirin Şərm əş-Şeyx şəhərində keçirilən sammitdə ərəb ölkələrinin liderləri Yəmən və Liviya kimi yerlərdə münaqişələrin cilovlanması məqsədilə vahid ordu yaratmaq barədə razılığa gəliblər.
Misir prezidenti Abdül Fəttah al-Sisi tərəfindən irəli sürülümüş bu təklifin praktik əsaslarının işlənib hazırlanmasına müəyyən vaxt lazım gələcəyi bildirilir.
Təhlilçilər qeyd edirlər ki, ərəb dünyasında keçmişlərdə də buna bənzər təşəbbüslər olsa da, reallaşması mümkün olmayıb. Lakin indi vəziyyət dəyişir və təşəbbüs də reallaşır. Vahid ordunun müxtəlif münaqişələrə müdaxiləsində üzv ölkələrin iştirakı könüllü olacaq.
Bundan bir müddət əvvəl isə Avrokomissiyanın rəhbəri Jan-Klod Yunker də vahid Avropa ordusunun yaradılması haqqında təklif irəli sürmüşdü. Təklif Almaniyanın kansleri Angela Merkel tərəfindən dəstəklənib. Vahid Avropa ordusunun yaradılmasını dəstəkləyənlərin də sayı durmadan artır. Göründüyü kimi, son zamanlar mədəni, tarixi cəhətdən yaxın olan olan dövlətlərin vahid ordu yaratmaq təşəbbüsləri xeyli intensivləşib. Bu fonda çoxdandır ki, türk dünyasında müzakirə olunan vahid türk ordusunun yaradılması məsələsi də aktuallıq qazanır.

Parlamentin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü Fərəc Quliyev bu gün belə bir ordunun yaranmasına ehtiyac olduğunu düşünür: "Bu ideyanı 1998-ci ildə "Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabında qeyd etmişdim. Türk dövlətlərinin iqtisadi və mədəni əlaqələri daha çox siyasi və hərbi müstəviyə keçməsinin zamanıdır. Amma bu məsələdə gecikmişik. Artıq vahid ərəb ordusu yaranır. NATO olduğu halda Avropa da başqa vahid ordu haqqında düşünür. Biz də özümüzün ortaq ordumuzu yaratmalıyıq. Artıq ilkin cücərtilər var, addımlar atılıb. Bu ad altında bir formalaşma var. Amma bu, mahiyyətcə biz istədiyimiz deyil. Həmin ordu eyni komandanlıq altında idarə olunmalıdır. Təbii ki, komandanlıqda təmsil olunan dövlətlərin nümayəndələrinin bərabər əsaslarla iştirakı nəzərədə tutulur. Vahid qərargah olmaqla, vahid əməliyyatlar keçirməklə təhdid nöqtələrinin harada yaranmasından asılı olmayaraq, ordunun təyinatını ora yönəltmək mümkündür. Hərbi-sənaye kompleksini, xarici siyasəti birgə koordinasiya etmək lazımdır. Hərb sahəsini ayrıca götürmək olmaz. Həm də hərbi quruluş olaraq ordu formalaşdırmaq lazımdır. Birgə asayişi bərpa etmək üçün artıq xeyli dərəcədə problemlər var ki, bunların üzərinə getməyin vaxtıdır”.
Deputat düşünür ki, vahid türk ordusunun yaranması digər dövlətlərdə qıcıq hissi oyatmaz: "Çünki, biz təhdid edən tərəf deyilik. Məsələn, Ermənistan 4T düsturu ilə yeni torpaqlar iddiasındadır. Tanıma, tanıtma, təzminat və torpaq iddiasında Türkiyə ərazisindən pay istəyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) da təmsil olunur. Bu təşkilatda Rusiyanın özü də Ukraynanın bir hissəssini ilhaq etdi. Amma türk ordusu heç kəsdən ərazi almaq iddiasında deyil. Hər bir dövlətin özünü müdafiə etmək instikti, hüququ var. Hər bir dövlət də özünün müdafiəsi üçün mütəffiqlərinin imkanlarından istifadə etməlidir. Ona görə də kimin nə düşünməsindən asılı olayamayaraq, biz öz ordumuzu formalaşdırmalı və təhdidlərin qarşısında birgə dayanmalıyıq”.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov hesab edir ki, bu, çox gözəl ideyadır: "Amma nəzərə alaq ki, bu gün türk dövlətlərinin əksəriyyəti başqa müxtəlif hərbi birliklərin tərkibindədir. Məsələn, elə Türkiyənin özü NATO üzvüdür. Amma Azərbaycan bu məsələdə bir qədər dəqiq qərar verməyib. Orta Asiya ölkələrinin bəziləri KTMT-nin üzvüdür. Yəni, vahid türk ordusunun reallaşması bir qədər çətin olacaq. Düzdür, ola bilsin ki, illər keçəndən sonra bu fikrə gələk. Amma ona qədər xeyli problemlər mövcuddur”.
Ekspertin fikrincə, bu gün vahid türk ordusuna ehtiyac var: "Türk dünyasındakı təhlükələrin stabilləşdirməsi nöqteyi-nəzərindən belə ordunun yaranması yaxşı olardı. Amma yaddan çıxarmayaq ki, Azərbycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi şimal qonşumuzda nə qədər narazılıq yaratdı. Yəni, vahid türk ordusu olarsa, o, öz sözünü deyə, tələblərini irəli sürə bilər”.


Mübariz BAYRAMOV
Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed