Şrift:
Azərbaycanda reklamlarla bağlı qadağalar qəbul edildi
04.04.2015 [10:11] - Xəbərlər, Hüquq
Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəyə təqdim olunan mətnində birinci oxunuş zamanı millət vəkillərinin verdikləri təkliflər nəzərə alınıb.

V.Əhmədov bildirib ki, qanun layihəsində sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib.

Millət vəkili Sevinc Fətəliyeva sosial reklamın cəmiyyət həyatında oynadığı roldan söhbət açıb və qanun layihəsində sosial reklamla bağlı müddəaların olmasını yüksək qiymətləndirib.

Millət vəkili Zahid Oruc isə çıxışında şou verilişlərinin televiziyaların efir vaxtının çox hissəsini zəbt etməsini tənqid edib və problemdən çıxış yolu kimi “Televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb.

Z.Oruc gizli reklam məsələlərinə də iradını bildirib.

Sahibə Qafarova deyib ki, mərc oyunlarının reklamı zamanı vaxt məhdudiyyətləri qoyulmalıdır.

Millət vəkili Musa Quliyev isə alkoqollu içkilərin reklamının qadağan edilməsi təklifi ilə çıxış edib: “Mənim əlimdə səlahiyyət olsaydı, alkoqollu içkilərin reklamlarını qadağan edərdim”.

Digər millət vəkilləri də qanunla bağlı fikir və təkliflərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, qanun layihəsində bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır.

Bununla yanaşı, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağan edilir.

Eyni zamanda, Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir. Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.

Həmçinin yeni qanun layihəsinə əsasən, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.

Yeni qanun layihəsində Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması, sosial reklamların isə səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed