Şrift:
Babək Çələbiyanlı: İrana qarşı sanksiyaların Güney Azərbaycana iqtisadi təsirləri daha böyük olub (video)
06.04.2015 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Babək Çələbiyanlının Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edir:


Dünya qüdrətləri və İran arasında İçveçrənin Lozanna şəhərində nüvə proqramına dair danışıqlarda ilkin razılığın əldə edilməsi İran vətəndaşları tərəfindən böyük nikbinliklə qarşılanıb. Çoxları sanksiyaların yüngülləşdirilməsinin adi insanların həyatına yenilik və müsbət dəyişikliklər gətirəcəyinə inanır. Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə İranda yaşayan azərbaycanlıların da İrana qarşı sanksiyaların yüngülləşdirilməsinin müsbət təsiri olacağını düşündüyünü bildirib. Lakin o, eyni zamanda xəbərdarlıq edib ki, İran nüvə proqramını inkişaf etdirməyə davam etsə, bu, region üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.
Babək Çələbiyanlı bildirib ki, İrana qarşı beynəlxalq sanksiyaların qaldırılmasının mümkünlüyü azərbaycanlılar tərəfindən müsbət inkişaf kimi qəbul edilir. O, son zamanlar sanksiyaların təsirindən əziyyət çəkən adi insanların iqtisadi durumunun pisləşdiyini qeyd edib. “İran xalqı, qeyri-fars millətlər məsələyə nikbinliklə baxır, çünki bu sanksiyaların zərbəsi və ziyanı dövlətdən daha çox adi insanlara dəyib. Dövlət bu sanksiyarlardan bir o qədər zərər görmür, amma sadə vətəndaşların iqtisadi və məişət durumuna onların böyük təsiri var. Xalq məsələnin bir yolla düzəlməsini, onların məişəti və rifah halının yaxşılaşmasını istəyir. Xalq arasında belə bir gözlənti var.”
Sanksiyaların İranın Azərbaycan vilayətləri və şəhərlərinə təsirindən danışan Babək Çələbiyanlı Azərbaycan bölgələrində onların təsirinin daha çox olduğunu qeyd edib: “Bilirsinizmi, Şərqi Azərbaycanda dövlət statistikasına görə, sərmayə yatırımlarının 97 faizi dövlət tərəfindən deyil, adi vətəndaşlar tərəfindən edilib. Qərbi Azərbaycanda, Ərdəbildə də vəziyyət eynidir. Yəni Azərbaycan bölgələrində dövlətdən çox xalq yatırımlar etdiyi üçün bu sanksiyaların təsiri başqa bölgələrdən daha çox olub. Fabriklərin çoxu, özlərinin dediyinə görə, təxminən 70 faizi iflasa uğrayıb. İşçilər yarım il, bir il, iki il maaşlarını ala bilmir. Onlar etiraz edirlər ki, şirkətlər maaşları verə bilmir. İnflasiya artıb, bahalıqdır. Ailələr var ki, bir kilo ət ala bilmir. İqtisadi durum insanların həyatına, gündəlik yaşamına çox böyük təsir göstərib.”
Babək Çələbiyanlı azərbaycanlı iş adamları və sahibkarların xarici ölkələrlə biznes və ticarət əlaqələrində çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, İran banklarına sanksiyalar tətbiq edildiyinə görə, həm xaricdən İrana, həm də ölkədən xaricə pul köçürmələri və maliyyə əməliyyatlarının aparılması qarşısında böyük çətinliklər yaranıb və bu, ilk növbədə iş adamları və tələbələrə təsir göstərir.
Babək Çələbiyanlı deyib ki, Qərb indiyə qədər diqqətini əsas etibarilə İranın nüvə proqramının qarşısının alınmasına yönəldib. “Mən inana bilmirəm ki, bu məsələdə anlaşma olsa, İran və Qərb, yaxud Amerika arasında yaxınlaşma olacaq. İranda insan haqları sahəsində problemlər var. Edamlar gün-gündən artır, həbslər artır, insanların söz və ifadə azadlığı pozulur, insanlar mədəni hüquqlardan məhrumdur.”
Babək Çələbiyanlı İran və dünya qüdrətləri arasında əldə edilən razılığın dünyanın diqqətini İranın daxili problemlərinə yönəldəcəyinə ümid bəslədiyini bildirib.
Müsahibənin videosuna aşağıdakı linkdən baxa bilərsiniz:

TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed