Şrift:
Prezident İlham Əliyev: İslam sülh və qardaşlıq dinidir
07.04.2015 [09:42] - Xəbərlər, İslam dini
Aprelin 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Prezident İlham Əliyevi salamladı.

Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibinin adından Prezident İlham Əliyevin şərəfinə nahar verildi.

Baş katib İyad bin Amin Mədəni çıxış edərək dedi:

- Cənab Prezident.

Dəvətimizi qəbul edib bizimlə görüşə gəldiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk və şərəf hissi duyuruq. Özünüzü öz evinizdəki kimi hiss etməyiniz üçün əlimizdən gələni etmişik. Bizim üçün böyük şərəfdir.

Biz Zati-alinizə, eləcə də ölkənizə - Azərbaycana böyük diqqətlə və böyük ümidlə yanaşırıq. Zati-aliləri, Sizin rəhbərlik keyfiyyətlərinizdə bir çox məqamları qeyd edirəm, necə ki, atanızın, - Allah ona rəhmət etsin, - timsalında gördüyüm kimi, güclü ölkəni qurmaq əzmkarlığını Sizdə də görürəm. Həmçinin rəhbərliyiniz altında Azərbaycanın irəli sürdüyü bir çox təşəbbüsləri də vurğulamaq istəyirəm.

Bakıya, Azərbaycana səfər edən hər kəs əvvəlki vəziyyəti indiki ilə müqayisə etdikdə ölkənizdəki tərəqqini, irəliləyişi dərhal görür. Bu işlər ölkənin mənafeyinə, tarixinə və özünəməxsusluğuna uyğun olaraq davam edir.

Eyni zamanda, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının istər siyasi, istər iqtisadi, istərsə də əlaqələrimizi möhkəmləndirdiyimiz digər sahələrdə dəstəklənməsində hər zaman tutduğu mövqeyinə görə olduqca minnətdarıq. Zati-aliləri, icazənizlə bir neçə misal gətirim. Tədbirlərə gəldikdə, Bakı bu yaxınlarda İƏT əmək nazirlərinin görüşünü təşkil etmişdir. Daha sonra, təşkilatımızın turizm nazirlərinin toplantısını qəbul etdi. Bundan əlavə, İƏT-ə üzv olan dövlətlərdə islam ənənələri və dəyərlərinə uyğun olaraq, qadınların oynadığı rolun daha da gücləndirilməsi mövzusunda mühüm görüş keçirilib.

Həmçinin Azərbaycan əsas məsələmizə, işimizə - fələstinli qardaşlarımızın dəstəklənməsinə sadiqliyini nümayiş etdirib. Burada həm siyasi dəstək, siyasi təsisatlara dəstək, həm Qüdsün, Qəzzanın və bütün işğal edilmiş ərazilərin əhalisinə göstərilən birbaşa yardım nəzərdə tutulur.

Zati-aliləri, həmçinin bilirik ki, ölkələrimizin əhalisinin əsas hissəsi gənclərdir. Bu sahədə Azərbaycanın irəli sürdüyü təşəbbüslər nümunəvidir və gənclərə hansı şəkildə yanaşmanın nümunəsi ola bilər. Zati-aliləri, gənclərdə gələcəyə ümidin, inamın olması çox mühüm məsələdir. Hər hansı mənfi, radikal ünsürlərə onların daxilində müqavimət olmalıdır.

Zati-aliləri, bütün bunları biz Azərbaycanın yanaşmasında, onun özünəməxsusluğunda görürük. Ölkəniz İslam dininin yayıldığı ölkədir. Ölkəniz, həmçinin bəşəriyyətin qədim beşiyi olub. Əldə edilmiş arxeoloji tapıntılar da buna dəlalət edir. Cənab Prezident, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür. Ölkəniz, həmçinin ən qədim vaxtlardan neft ilə zəngin ölkə olub. Bu səbəbdən, burada Siz özünüzü evinizdəki kimi hiss etməlisiniz.

Bir sözlə, Azərbaycanın bu cür özünəməxsusluğu, tutduğu qəti mövqeyi və cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatında dəyərləndirdiyimiz hər bir məsələyə şəxsi diqqətiniz bizim üçün fərəh mənbəyidir, arxalandığımız meyardır və hesab edirik ki, ümumi dəyərlərimizə doğru irəlilədiyimiz yolda bunları daim hiss edəcəyik.

Mən, həmçinin Sizi müşayiət edən bütün nümayəndə heyətini salamlayıram. BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi zamanı tutduğu mövqeyinə görə minnətdarıq. Burada, həmçinin işgüzar və bank dairələrinin nümayəndələri əyləşiblər. Ümid edirəm ki, bu səfər onların arasında fikir mübadiləsi üçün fürsət yaratdı.

Cənab Prezident, verdiyiniz töhfəyə görə İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər adından minnətdarlığımı bildirirəm. Üzv dövlətlər arasında sərmayələr artmalıdır. Bir sözlə, işləmək, fikir mübadiləsi aparmaq üçün imkanlar genişdir. İƏT-in üzvü olan dövlətlər arasında eyni layihələr və investorlarla rəqabətə girmək yox, əvəzləmə prinsipi əsasında çalışmalıyıq. Biz, həmçinin Əlahəzrət Şahzadəni burada salamlayırıq. Bizim üçün çox xoşdur ki, o, dəvətimizi qəbul edib, bu gün bizimlə buradadır. Bu, bir daha onu göstərir ki, Səudiyyə Ərəbistanı Azərbaycana xüsusi əhəmiyyət verir.

Bizə verdiyiniz şərəfə görə bir daha minnətdarıq. Biz Sizə, inşallah, səfərinizin uğurlu davam etməsini arzu edirik. Bu gün ziyafətə gəlmiş bütün qonaqlara təşəkkür edirəm. Sağ olun cənab Prezident.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Əlahəzrət Şahzadə.

Cənab baş katib.

Əziz dostlar.

Əvvəlcə, göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Səudiyyə Ərəbistanında yenidən olmağımdam çox şadam. Dünən gözəl ölkənizə rəsmi səfərim başlayıb. Əlahəzrət, Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi ilə ikitərəfli münasibətlərimizə dair bir çox məsələləri və regional prosesləri müzakirə etmək şərəfinə nail oldum.

Biz tərəfdaşlığımızın strateji xarakterini bir daha təsdiqlədik. Səudiyyə Ərəbistanı və Azərbaycan qardaş və dostdurlar. Bütün beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik.

Eyni zamanda, dünən ölkənizin nazirləri ilə görüşlər zamanı iqtisadi və siyasi əməkdaşlığa dair müxtəlif layihələri, qarşılıqlı ticarətin həcminin artırılması imkanlarını müzakirə etdik. İqtisadi tərəfdaşlığımızı siyasi əməkdaşlığımız səviyyəsinə qaldırmalıyıq. Gələn ay ölkəmizə səfər edəcək Səudiyyə Ərəbistanının iş adamlarından ibarət böyük nümayəndə heyəti və noyabr ayında Sizin ölkəyə yollanacaq bizim nümayəndə heyətimiz, fikrimcə, iqtisadi əməkdaşlıq üçün çox məhsuldar format yaradacaq. Başqa sözlə, əminəm ki, səfərim ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.

Bu gün, həmçinin Azərbaycanın fəal üzv olduğu İslam Əməkdaşlıq Təşkilatında olmaq mənim üçün böyük şərəfdir. Cənab baş katib, artıq qeyd etdiyiniz kimi, son bir neçə il ərzində Azərbaycanda nazirlər səviyyəsində müxtəlif görüşlər keçirilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi olduqca fəal rol oynamağa və dünyada İslam həmrəyliyi işinə töhfə verməyə çalışır. Cənab baş katib, düzgün qeyd etdiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğumuz zaman biz BMT ilə İƏT arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirirdik və beləliklə, təşkilatımızın fəaliyyətinə daha çox diqqətin cəlb edilməsinə nail olduq.

Fürsətdən istifadə edərək, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün Azərbaycanın namizədliyinə verdiyi güclü dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkürümü bildirmək istəyirəm. Həmin vaxt mən çox aydın şəkildə bəyan etdim ki, əgər seçilərsə, Azərbaycan nəinki özünü, eləcə də bütün müsəlman aləminin ölkələrini təmsil və müdafiə edəcək.

Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışacağıq. Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki Oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik.

Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər. Əlbəttə, Səudiyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir. Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik.

İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq.

İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq.

Mən göstərilən qonaqpərvərliyə görə bir daha Səudiyyə Ərəbistanının rəhbərliyinə və İslam Əməkdaşlıq Təşkilatına öz minnətdarlığımı bildirmək istəyirəm. Dünəndən etibarən burada özümü öz evimdəki kimi hiss edirəm. Bu, qardaşlığımızın təzahürüdür və əməkdaşlığımızın mahiyyətidir.

Bir daha çox sağ olun. Sizin hamınızı Azərbaycana səfərə dəvət edirəm.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü oldu.

Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirildi.

Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed