Şrift:
Macarıstan-Azərbaycan Gənclər Birliyi təqdim edir: Budapeştdə 2 həftəlik yay məktəbi
07.04.2015 [10:15] - Gündəm, Gənclik
Macarıstan-Azərbaycan Gənclər Birliyindən bizə verilən məlumata görə təşkilat Budapeştdə yerləşən International Business School-da keçiriləcək yay məktəbi üçün iştirakçı qəbuluna başlayıb.
5-19 iyul arası keçiriləcək yay məktəbi hər biri 45 dəqiqə davam edən 50 ingilis dili dərsindən ibarətdir. Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir. Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq. Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək.
İki həftə ərzində 50 dərsdən ibarət ingilis dili kursu, gündə 3 dəfə yemək, lüks şəraitdə qalmaq, səyahət etmək, əyləncə (gəzinti, kino, oyunlar, muzeylər, rəqs və s.) üçün ali məktəbə cəmi 1000 avro ödəniş edilməlidir. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri göstərilən 1000 avroya daxil deyil və iştirakçı tərəfindən ödənməlidir. Kursda iştirak etmək istəyən ümumvətəndaşlıq pasportunun (xarici pasportun) əsas 2 səhifəsinin (foto və imza olan) surətini info@study-hungary.com ünvanına göndərməlidirlər. Hazırda xarici pasportu olmayanlar şəxsiyyət vəsiqələrini də göndərə bilərlər. Sənədləri göndərmək üçün son tarix 30 aprel 2015-ci ildir və yerlər məhduddur.
Xatırladaq ki, MAGB Macarıstanda yaşayan gənc azərbaycanlı və macar fəalların təşəbbüsü ilə 2012-ci ilin dekabrında yaradılıb. Təşkilatın məqsədi Macarıstanda bizim ölkəmizi, eləcə də Azərbaycanda Macarıstanı təbliğ edərək iki ölkənin gəncləri arasında inteqrasiyaya kömək etməkdir.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed