Şrift:
Dini siyasətə çevirənlər
08.04.2015 [16:51] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “İslamı yanlış təqdim edənlərin özləri tolerant dövlətlər deyil”

Adıgözəl Məmmədov: “İslamın məhz Azərbaycan modeli dünyaya nümunə olacaq”



"İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir”. Bu sözləri Ciddədə Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü zamanı bəyan edib. Prezident əlavə edib ki, dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq: "İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq”.
Siyasilər də hesab edirlər ki, hazırda xüsusən də Qərb dünyasında İslama qarşı məkrli kampaniyalar davam edir. Bunun arxasında isə xüsusi strategiya, məqsədlər dayanıb.
Millət vəkili Fərəc Quliyev bildirir ki, İslamı yanlış təqdim edənlərin özləri tolerant dövlətlər deyil: "Azərbaycan Prezidenti ortaya tolerant fikir qoydu. Çünki, Azərbaycanda bütün dinlərə qarşı münasibətlər bərabərdir. Amma İslama qarşı aqressiv münasibət bildirən dövlətlər belə məsələlərdə qətiyyən tolerant deyillər. Əslində, onlar heç öz dinlərinə də hörmət etmirlər. Onlar siyasi məqsədlər naminə İslamı gözdən salmaq üçün ilkin cücərtiləri səpiblər. Çünki, demoqrafik göstəricilər onu deyir ki, müsəlmanlar artmaqda davam edir. Son zamanlar dünyada İslamın pozitiv qəbulu başlayıb. Xüsusən Avropada xeyli sayda şəxs İslam dinini qəbul edib. Bu tendensiyadan qorxurlar. Ona görə də buna qarşı tədbirlər görürlər. Terror hadisələri törətdib, adını İslam qoyurlar. Amma biz heç vaxt bir xristian təşkilatının törətdiyi terroru xristian dininə yönəltmirik. Məsələn, ASALA-nın etmədiyi terror yoxdur. Ancaq biz onu xristianalığın günahı kimi yozmağa çalışmırıq. İslam dövlətlərinin əksəriyyəti İsanın mövludunu bayram kimi qeyd edir. Amma onlar Məhəmməd peyğəmbərə qarşı aqressiv mövqe nümayiş etdirirlər. Düzdür, təhdidləri ortaya qoyanlar həqiqəti bilirlər. Onlar İslamın dünyaya təhlükə olmadığını anlayırlar. Ancaq məqsədləri olduğu üçün bilərəkdən İslamı ləkəməyə çalışırlar”.
Deputat bildirdi ki, dünya mədəniyyətinin formalaşmasında İslam din kimi çox önəmli faydalar verib: "Hətta bu gün Avropanın bir çox yerlərində İslam mədəniyyəti özünün yaxşı təsirini saxlayıb. Azərbaycan da burada keçirilən beynəlxalq tədbirlərdə İslamın gerçək üzünü, xristian dövlətlərlə münasibətlərdə İslamın mahiyyətini ortaya qoymaqla İslami dəyərlərin qorunmasında əsas ölkələrdən biridir”.

Politoloq Adıgözəl Məmmədov bildirdi ki, İslam humanist dindir: "Ədalətin bərpasını istəyən bir mədəniyyətdir. Digər dinlərin peyğəmbələrin öz kitabında qardaş adlandırmış dindir. Bu cür din necə təhlükəli ola bilər ki?!
Bəzi dairələrin İslamı dünyaya təhlükə kimi görməsinin əsas səbəbi geopolitik və siyasi maraqlarıdır. Osmanlı İmperiyasını parçalayan qüvvələr, müsəlmanları xırda-xırda cərəyanlara bölən siyasi iradələr, Avropa aktorları müəyyən geopolitik və siyasi məqsədləri üçün bu gün də həmin fakorlardan istifadə edirlər”.
Politoloqun fikrincə həmin dairələrlə ən düzgün mübarizə üsulu keçmiş tariximizdən ibrət götüməkdir: "Tariximizdəki zəif nöqtələri dərk etmək lazımdır. İnkişaf üçün hətta düşmənin də müsbət cəhətlərini əxz etmək olar. Əsas daxildəki ziddiyyətləri aradan qaldırmalıyıq. Çünki, həmin mərkəzlər ziddiyyətlərdən istifadə edirlər”.
Adıgözəl Məmmədov bildirdi ki, həmin dairələrlə mübarizədə Azərbaycanın da böyük rolu var: "Çünki, bu gün Prezident İlham Əliyevin siyasətinin unikallığı ondadır ki, dünyəvi dövlət olmaqla dini dəyərlərimizi qoruyub saxlamışıq. Hazırda Azərbaycanda bu istiqamətdə yetərincə işlər aparılır. Əslində, Azərbaycandakı İslama yanaşma modeli İslam dünyasının 21-ci əsrin ikinci yarısı üçün keçid bir mərhələsi olacaq. Çünki, keçid mütləqdir, dünya dünyəviləşir. Bu fonda da İslamın məhz Azərbaycan modeli dünyaya nümunə olacaq”.


Mübariz BAYRAMOV
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed