Şrift:
Azərbaycanda kəşfiyyatçı kursları açıldı
11.01.2012 [15:29] - Hərb
Bu gün Azərbaycanda kəşfiyyatçı kurslarının açılışı olub.

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdində fəaliyyətə başlayan kursların davamlı olaraq keçirilməsi planlaşdırılır.

Əsasən yeniyetmələrdən təşkil olunmuş kursun məqsədi Silahlı Qüvvələr üçün kəşfiyyatçıların hazırlanmasıdır. Kursu bitirənlərə sertifikat veriləcək və onlar həqiqi hərbi xidmətə çağırılarkən orduda bu nəzərə alınacaq.

Açılış mərasimində iştirak edən KHVTİC sədri, general-mayor Novruzəli Orucov kurs iştirakçılarının təchizatı ilə maraqlanıb, onlara tövsiyələr verib. Öz növbəsində kursun iştirakçıları öz bacarıqlarını nümayiş etdiriblər.

«Kəşfiyyatçıların hazırlanmasında məqsəd Silahlı Qüvvələrə kömək göstərməkdir. Kurslar açılmazdan əvvəl yeniyetmələr arasında keçirdiyimiz sorğuda da onların böyük əksəriyyətinin orduda kəşfiyyatçı kimi xidmət etmək istəyində olduğunu gördük», - deyə general N. Orucov vurğulayıb.

N. Orucov onu da bildirib ki, kurslarda iştirak edənlər əsasən orta məktəblərdə təhsil alan yeniyetmələrdir. Kurslarda iştirak etmək üçün müraciət etmiş 70-dən çox gəncdən 20 nəfər ilk kurs üçün seçilib. Onların arasında qızlar da var.

KHVTİC sədri kurslarda iştirakçılara kəşfiyyatçılar üçün zəruri olan vərdişlərin aşılanacağını, müxtəlif atıcı silahlardan istifadə, maskalanma qaydaları, əlbəyaxa döyüş üsullarının öyrədiləcəyini qeyd edib. Generalın sözlərinə görə, bundan başqa, kurs iştirakçıları üçün arbalet silahlar da alınaraq ölkəyə gətirilib.
Bu xəbər oxucular tərəfindən 2085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed