Şrift:
Əli Həsənov: Bu gün Ermənistan 4 yerdən idarə olunur
10.04.2015 [09:49] - Gündəm, Siyasət
Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə uzun müddətdir müxtəlif istiqamətlərdə, o cümlədən terrorizmə, insan alverinə qarşı mübarizədə cəmiyyətin demokratikləşməsi, tolerantlıqla bağlı səmərəli əməkdaşlıq edir. Hesab edirik ki, bu əməkdaşlıq yüksək səviyyədədir. Bu fikir Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Link ilə görüşündə səsləndirilib.

Əli Həsənov bildirib ki, 24 il əvvəl müstəqilliyini bərpa edən Azərbaycanda hüquqi dövlət qurulub, demokratik prinsiplərə yiyələnmə, insan hüquqlarının qorunması prinsipləri üzərində ciddi işlər görülür: "Əvvəllər demokratikləşmə, korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahələrində bizə iradlar tutulurdu. Baxın, 20 il, 10 il əvvəl bu sahələrdə vəziyyət necə idi, indi necədir? Biz müstəqilliyimizi təzə bərpa etmişik. Onun da böyük hissəsini Ermənistanın işğalçılıq siyasəti ilə mübarizədə keçirmişik. Ölkəmiz müharibə şəraitindədir, ərazimizin 20 faizi işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bütün bunlara baxmayaraq Azərbaycan inkişaf yolundadır, beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə əməkdaşlıq edir".

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti ölkənin strateji inkişafının 5 istiqamətini müəyyənləşdirib. 2020-ci ilə qədər olan müddəti nəzərdə tutan strategiyaya əsasən ölkədə bir nəfər də olsun yoxsul insan qalmamalıdır. Əgər yoxsulluq həddi 10 il bundan əvvəl 49 faiz idisə, bu gün bu rəqəm 5 faizdir. Digər məqsəd isə bundan ibarətdir ki, 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Bu müddətdə neftdən asılılıq minimuma endirilməlidir. Bu gün artıq ümum daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Daha bir məqsəd odur ki, korrupsiyaya qarşı mübarizə beynəlxalq tələblərə cavab verməlidir. Son istiqamət insan hüquqlarının qorunmasının beynəlxalq standartlara cavab verməsi ilə bağlıdır.

Komitə sədri bu gün Azərbaycandakı tolerantlıq ənənələrinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu bildirib.

Azərbaycanda keçirilən prezident və parlament seçkilərini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyalarının rəhbərləri ilə görüşlər keçirdiyini xatırladan Baş nazirin müavini bildirib ki, seçki prosesi zamanı aparılan müşahidələr ədalətli olmalıdır. Müşahidənin nəticələri burada yazılmalıdır, hazır gətirilməməlidir. Yəni müşahidə aparan şəxslər gözləri ilə gördükləriniyazmalıdırlar. Bizim istəyimiz budur. 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı ATƏT/DTİHB-nin müşahidə missiyasının üzvləri də gördülər ki, artıq bu ədalətsizlikdən uzaqlaşmaq lazımdır. Nə qədər çalışsalar da ki ədalətli olsunlar, amma yenə də müəyyən qeyri-obyektivlik oldu.

Baş nazirin müavini bildirib ki, bugünkü dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır. Bu gün dünyada zorakılıqlar, ədalətsizliklər baş verir, əsassız münaqişələr yaradılır, hər gün minlərlə insan həlak olur. Təbii ki, bunlar insan hüquqlarının qorunmasına da, demokratik prinsiplərin həyata keçirilməsinə də böyük maneələr yaradır. Əgər bütün bunlar baş verirsə cəmiyyətdə necə demokratik prinsipləri şəffaf formada həyata keçirmək olar? Bu, dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir”.

Əli Həsənov hər il dünyada münaqişə zonalarının, qaçqınların sayının artdığını, güc baxımından zəif ölkələrə müdaxilələrin çoxaldığını qeyd edib. Əgər 30-40 il bundan əvvəl dünyada qaçqınların sayı 15-20 milyon idisə bu gün onların sayı 60 milyona yaxındır. Otuz il bundan əvvəl münaqişə zonaları 30 ölkəni əhatə edirdisə, bu gün bunların sayı 74-dür.

Komitə sədri qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi bu gün Azərbaycanın ən əsas problemidir. Baş nazirin müavini deyib: “Bu münaqişənin həlli məsələsi ilə əlaqədar mən hər zaman ATƏT-i və digər beynəlxalq təşkilatları tənqid edirəm. Amma tənqid edərkən də münaqişənin həll edilməməsinin sizdən asılı olmadığını da bildirirəm. Bu yaxınlarda Küveytdə Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan GiMun ilə görüşüm oldu. Həmin görüşdə də bildirdim ki, artıq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrin qəbul edilməsindən 22 il keçib, niyə bu qərarlar icra olunmur?

Baş nazirin müavini bildirib ki, bu gün Ermənistan 4 yerdən idarə olunur - Ermənistanın separatçı rejimi, Eçmiədzin kilsəsi, Amerikanın erməni icması və Rusiya siyasətçiləri tərəfindən. Ona görə də bu, artıq yalnız Ermənistanla Azərbaycanın deyil, bütün dünyanın problemidir. Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında bu problemi həll etsin. Bu, çox səhv fikirdir və mümkün deyil. Ermənistanın hazırkı rejimi Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəlib. Onlar özlərini “qəhrəman” kimi qələmə verdilər, bu gün də fəxrlə dünya ermənilərinə deyirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ona görə də onlar heç vaxt razılığa gəlməzlər.

Əli Həsənov bildirib ki, Azərbaycan münaqişənin həllini istəyir, müharibənin baş verməsini yox. Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını müharibə yolu ilə azad etməyə imkan verir. Əgər heç kim hec nə etmirsə Azərbaycan bu hüququndan da istifadə edə bilər. Ancaq Azərbaycan xalqı müharibə istəmir.

Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru kimi Azərbaycana ilk dəfə səfər etdiyini bildirən MixaelLink bu səfəri çərçivəsində qaçqın və məcburi köçkünlərin problemləri ilə maraqlanmaq istədiyini söyləyib. Çünki bu məsələ bir başa insan hüquqları ilə bağlıdır. Əgər yüz minlərlə insan öz doğma torpağında yaşaya bilmirsə, bu, insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu olaraq münaqişə nəticəsində meydana çıxmış problemlərin həllinə səy göstərə biləcəklərini də vurğulayıb və bu məsələlərdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Səfəri çərçivəsində bir sıra önəmli görüşlər keçirdiyini bildirən qonaq bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı ATƏT/DTİHB-nin müşahidə missiyasını şəffaf və qərəzsiz şəkilədə təşkil edəcəyinə əminliyini ifadə edib. Müxtəlif vaxtlarda Azərbaycanda olduğunu bildirən direktor səfərləri çərçivəsində ölkəmizdə sürətli inkişafı müşahidə etdiyini deyib.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed