Şrift:
Sosial şəbəkələrdə siyasi savaş açılıb
11.01.2012 [15:49] - Gündəm
Deputatlarımıza kimlər hücum edir? Jurnalist Rüstəm MƏMMƏDOVUN yazısı

Sosial şəbəkələrdə siyasi savaş açılıb

Sosial şəbəkələrdə ayrı-ayrı millət vəkillərinə qarşı saxtakarlıqların edilməsi, onların adından yeni profillərin açılması halına ilk olaraq Milli Məclisin üzvu Qənirə Paşayevanın üzləşdiyi xoşagəlməz halla start verildi. Azərbaycan parlamentinin ən fəal qadın deputatının sosial şəbəkələrdəki profilinə əvvəlcə hücum etdilər, sonra isə onu dağıtdılar. Millət vəkili baş verənlərlə bağlı hətta hüquq-mühafizə orqanlarına müraciət etməli oldu. Qənirə Paşayeva analoji halla bir müddət sonra da üzləşdi. Amma bu dəfə kimlərsə xanım millət vəkilinin adından saxta profillər açmaqla, statuslar yaymaqla kifayətləndilər.

Ötən həftə isə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin sosial şəbəkədəki profilini bağlaması barədə məlumat yayıldı. Verilən xəbərlərə görə, deputat bu addımı onun adından bir neçə saxta səhifənin açılması, profilin yaradılması səbəbindən atıb. Bir sıra elektron kütləvi informasiya vasitələri bunu guya Fərəc Quliyevə ünvanlanan çoxsaylı etirazlar, şikayətlər, müraciətlərlə bağlı olması ilə əsaslandırdılar. Bildirdilər ki, Fərəc Quliyev seçicilərinin narazılığı, onlara verdiyi vədləri yerinə yetirməməsi, etimadı doğrultmaması səbəbindən sosial şəbəkədən uzaqlaşmalı olub. Lakin son anda söylənilənlərin jurnalist təxəyyülünün məhsulu olduğu üzə çıxdı. Maraqlıdır, deputatlarımızın asudə vaxtlarında müraciət etdikləri sosial şəbəklərdə onlara qarşı siyasi hücumlar təşkil edənlər kimlərdir? Bu qüvvələr hansı dairələrin maraqlarına qulluq göstərirlər? Ümumiyyətlə, sosial şəbəkələrdə hansı millət vəkillərinin profilləri, səhifələri var? Onlar statuslarında əsasən hansı məzmunlu yazılar yerləşdirirlər? "Gündəlik Bakı" qəzetinin "Araşdırma" qrupunun apardığı müşahidələr zamanı məlum oldu ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev sosial şəbəkələrin xidmətindən istifadə etmir. Onun müavinləri - Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlının tez-tez internet şəbəkələrində görünmələrinə baxmayaraq, Həsənquliyev buna lüzum görmür. İnternetdə bununla bağlı verdiyimiz axtarış sorğusuna "cavab tapılmadı" nəticəsi göstərildi. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Qüdrət Həsənluqiyevdən fərqli olaraq sosial şəbəkələrdə özü üçün səhifə yaradıb. VHP sədrinin hətta bu səhifələrdə indiyədək mətbuatda əks olunmayan şəkillərinin olması səhifənin Sabir Rüstəmxanlıya məxsus olduğunu göstərir.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP-ın ən fəal deputatlarından olan Aydın Mirzəzadə ilə bağlı axtarış sorğumuz onun sosial şəbəkdə özü üçün səhifə yaratması ilə bağlı məlumatlar, habelə adının qarşısında ictimai xadim sözünün yazılmasının üzə çıxmasıyla yekunlaşdı. Sosial şəbəkələrdə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın adaşı olan başqa bir şəxsin səhifəsi var. Amma qeyd etdiyimiz kimi, bu, Milli Məclisin deputatına məxsus səhifə deyil. Tanınmış iqtisadçı Əli Məsimli ilə bağlı axtarış sorğumuza iki Məsimlinin tapılması ilə cavab verildi. Lakin hər iki Əli Məsimli barəsində ətraflı məlumat olmadığından deputata məxsus olması, bu səhifələrin hansının millət vəkilinə məxsusluğunu müəyyənləşdirə bilmədik. Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Orucla bağlı hər hansı səhifə olmasa da, Zahid Orucov adlı şəxsin profili mövcuddur. Fəzail Ağamalının adının və soyadının oxşarı olan Fəzail Ağamalıyev isə öz profilinə "Qurdlar Vadisi" serialının əsas qəhrəmanlarından olan Mematinin şəklini qoyub. Digər deputat Fəzail İbrahimlinin isə sosial şəbəkələrdə profili, səhifəsi yoxdur. O ki qaldı millət vəkillərinə sosial şəbəklərdə kimlər tərəfindən siyasi hücumların edilməsi məsələsinə, mövzu ilə bağlı söhbətləşdiyimiz internet texnologiyaları üzrə ekspertlər bu cür xoşagəlməz halları parlamentin içində, deputatlar arasında olan gizli ziddiyyətlərin Milli Məclisdən çölə çıxması kimi səciyyələndirdilər. Ekspertlər hesab edirlər ki, bir sıra deputatların profillərinin, səhifələrinin dağıdılması xakerlər tərəfindən həyata keçirilir. Amma bu proses heç də təsadüfi xarakter daşımır. Xakerləri yönləndirən qüvvələr, dairələr var. Hər hansı şəxsin sosial şəbəkədəki profilinin dağıdılması, parolunun sındırılması isə 100 manata başa gəlir.

Rüstəm MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed