Şrift:
Keçmiş MKİ rəsmisi: İranın böyük strategiyası
11.04.2015 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Maykl Morel 2010-cu ildən 2013-cü ilə qədər Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun birinci müavini vəzifəsində çalışmış, bir müddət də idarənin rəhbər vəzifəsini icra etmişdir.
Beynəlxalq məsələlərin ən maraqlı cəhətlərindən biri odur ki, dövlət və qeyri-dövlət təşkilatları vaxtaşırı nə düşündüklərini, nə etdiklərini və planlarını açıq şəkildə bildirirlər. Onlar üçün casuslara və ya diplomatlara ehtiyac yoxdur, sadəcə qulaq asmaq lazımdır.

1990-cı illərin ortalarında Üsamə bin Laden ABŞ-ı baş düşməni və əsas hədəfi olaraq gördüyünü dəfələrlə bildirmiş, 1998-ci ilin avqustunda Şərqi Afrikada, 2000-ci ilin oktyabr ayında Yəməndə, 2001-ci ilin sentyabrında isə Nyu-York və Vaşinqtonda bu xəbərdarlıqları etmişdi.

1998-ci ilin əvvəlində olduqca gərgin keçən seçki kampaniyasında Hindistanın “Bharatiya Janata” Partiyası öz platformasındakı seçicilərə seçilərsə, açıq şəkildə nüvə silahlarından istifadə edəcəyini bildirmişdi. Analitiklər bunun sadəcə kampaniya üçün deyildiyini, ciddi bir şey olmadığını düşünürdülər, lakin 1998-ci ilin may ayında Hindistanın çox sayda yeraltı nüvə sınaqları keçirməsi ilə nüvə silahları olduğu elan edildi.

İran və güclü ölkələrin növbəti 10-15 il ərzində İranın nüvə proqramının həlli ilə bağlı razılıq əldə etmələrindən bir neçə həftə əvvəl bütün dünya belə bir açıq sözlülülüyün bir daha şahidi oldu. Belə ki, ötən ay İran Prezidenti Həsən Ruhaninin baş naziri Tehranda “İran, Millətçilik, Tarix və Mədəniyyət” haqqında konfransda çıxış edərkən açıq şəkildə bildirib ki, İranın ambisiyası regionda üstünlüyü ələ keçirməkdir.

Keçmiş prezident Məhəmməd Xətaminin dövründə kəşfiyyat rəhbəri olan müşavir Əli Yunesi konfrans iştirakçılarına bildirib ki, İranın qurulduğu gündən etibarən qlobal əhəmiyyəti olub, imperiya olaraq yaranıb. İranın liderləri, rəsmiləri və administratorları həmişə qlobal səviyyədə düşünüblər.

Yunesi “Böyük İran” adlandırdığı İran imperiyasının ərazilərinin Çin sərhədlərindən və Hindistan yarımadasından şimali və cənubi Qafqaza və İran körfəzinə qədər uzandığını, qədim Babil şəhərinə işarə edərək bu imperiyanın mərkəzinin İraq olduğunu bildirib.

“Biz regiondakı bütün insanların maraqlarını qoruyuruq, çünki onlar hamısı İran əhalisidir. Biz çalışmalıyıq ki, regionda İslam-İran birliyini və sülhünü bir daha yayaq. İran keçmişdə olduğu kimi bu məsuliyyəti yenidən götürməlidir.” – Yunesi deyib.

Yunesi onu da qeyd edib ki, İranın “Böyük İran”-dakı fəaliyyətində məqsədi ordakı insanların təhlükəsizliyini təmin etmək olub. Müşavir əlavə edib ki, Səudiyyə Ərəbistanı regionun əhalisini müdafiə edə bilmir deyə İranın fəaliyyətindən qorxacaq heç bir şeyi yoxdur. Yunesi İrana daxil olan hər şeyin iranlı olmaqla təkmilləşdiyini, xüsusilə də islamın özünün ərəbçiliyin bütün izlərindən qurtulduğuna görə İran-Şiə formasında saf islam olduğunu deyib.

Tək bir şəxsə məxsus olmayan bu fikirləri İranın bütün elitaları bölüşür. Bu fikirlər yeni də deyil. Bunlar on illərlə geriyə gedən və İran cəmiyyəti ilə fars mədəniyyətində dərin kökləri olan fikirlərdir.

Yunesinin çıxışı İranın böyük strategiyasını özündə əks etdirirdi. Ən önəmlisi isə, bu nitq İranın regiondakı fəaliyyətini - ərəb qonşularını, İsrail və ABŞ-ı, hegemonluq yolunda dayanan ölkələri sarsıtmaq üçün çoxu gizli olan əməliyyatlarını göstərir.

İran dövlətçilik vasitəsi kimi terrorizmdən istifadə edir və əsas etibarilə, öz qonşularına qarşı olmaqla dünyada bunu edən yeganə ölkələrdəndir. 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı İranın sui-qəsd cəhdi uğursuz olmuşdu.

İran 1983-cü ildə Beyrutda ABŞ səfirliyinə edilən və 258 nəfər amerikalının həlak olmasına səbəb olan hücuma başçılıq edən Hizbullah təşkilatı daxil olmaqla, beynəlxalq terrorist qrupları dəstəkləyir. Bu hücumlar ABŞ-a qarşı islam cihadının, eləcə də, sui-qəsd üçün sərnişin və yük maşınlarından istifadənin başlanğıcı hesab olunur.

Hizbullah öz məqsədinin İsraili məhv etmək olduğunu deyir. Bu, eyni zamanda İranın dövlət siyasətidir. İranın ən güclü siması olan ali lider Ayətullah Əli Xomeyni 2013-cü ilin sonunda Tehranda etdiyi bir çıxışda bildirmişdi: “Sionistlərə insan demək olmaz, onların hamısı heyvan kimidir. İsrail rejimi uğursuzluq və məhvə düçar olacaq.”

İran şiələrin rəhbərlik etdiyi dövlətləri möhkəmləndirmək və ya sünni ərəb rejimlərini devirmək məqsədilə regiondakı şiə qruplaşmaları da dəstəkləyir. Tehranın böyük dəstəyi nəticəsində Suriya prezidenti Bəşər əl-Əsəd 100 mindən çox Suriya vətəndaşını qətlə yetirə bilmiş, İranın İraq müharibəsində şiə silahlı dəstələrinə dəstəyi nəticəsində yüzlərlə ABŞ əsgəri həlak olmuşdur. İranın əlaltılarından biri husilər isə bu yaxınlarda Yəməndə xalq tərəfindən seçilən hökuməti deviriblər.

Əlbəttə ki, bu böyük strategiya ABŞ-ın maraqlarına uyğun gəlmir və İran da bunu bilir. Yunesi konfransda İranın Böyük İrandakı fəaliyyətinin sünni ekstremizmə, eləcə də, Səudiyyəli Vahabilərə, Türkiyəyə, dünyəvilik tərəfdarı olanlara, Qərb hakimiyyətinə və Sionizmə qarşı yönəldiyini bildirib.

Keçən həftə elan olunmuş nüvə razılaşması ABŞ üçün uğurlu bir razılaşmadır. İran tərəfindən tam həyata keçirilərsə, İranın silah istehsalı üçün lazım olan vaxtı bir neçə aydan bir ilə qədər uzadacaq. Ancaq eyni zamanda sanksiyalar qaldırıldıqdan sonra Yunesinin açıq şəkildə qeyd etdiyi böyük strategiyanı izləmək üçün İrana daha çox imkan verəcək. ABŞ və müttəfiqlərinin bu strategiyanın əleyhinə siyasət yürütməsi həmişə önəmli olub, indi isə bu, daha vacibdir.

Məqalənin müəllifi “The Washington Post” qəzetindən Maykl Moreldir və məqalə “NewsCred” tərəfindən qanuni şəkildə lisenziyalaşdırılmışdır.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed