Şrift:
Əli Rzayi Təbrizin ETTELAAT Şöbəsinə intiqal edilə bilər
11.04.2015 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şiva Dadaşzadə həyat yoldaşının durumundan nigarandır


Azərbaycanlı milli-mədəni fəal Əli Rzayi 2 aydan çoxdur qeyri- müəyyən vəziyyətdə saxlanılır. O Tehranın Mehrabad hava limanında yaxalanıb və Evin zindanına aparılıb. Son məlumata görə, Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları azərbaycanlı fəalı Təbrizin ETTELAAT şöbəsinə intiqal etdirmək istəyir.
Həyat yoldaşı barəsində məlumat yaydığına görə universitetdəki iş yerindən uzaqlaşdırılan Şiva Dadaşzadə yoldaşının saxlanma müddətinin bu qədər uzandığına və onun Təbrizin ETTELAAT şöbəsinə köçürmə ehtimalına görə nigaranlığını bildirib. O “Sürgündə fəalların sülh kampaniyası” ilə danışıqda qısaca bunları deyib:

“Şəhid Müqəddəs məhkəməsinin 6-cı şöbəsinin müstəntiqi həyat yoldaşımın azadlığa çıxması üçün vəsiqə qərarı çıxarmır. Həmçinin keçən iki ay müddətində Təbriz ETTELAAT idarəsinin məmurları Evin zindanının təknəfərlik məhbəsində həyat yoldaşımın dindirilmə prosesində iştirak ediblər. Lakin buna baxmayaraq Təbrizin ETTELAAT şöbəsi Əlinin Təbrizə intiqal edilməsini istəyir.

Təbrizin ETTELAAT şöbəsinin ağır təhlükəsizlik durumu və Əlinin Evin zindanının təknəfərlik məhbəsində müstəntiqlərin istədiklərinə etiraf etmədiyini nəzərə alanda məlum olur ki, Təbrizə intiqal edilmə məsələsi Əliyə qarşı əlavə təzyiqə görədir. Mənim həyat yoldaşım son 15 il müddətində Tehranda yaşayıb. O bu müddətdə ola bilsinki 3 dəfə Təbrizə getməyib. Ona görə də, Təbriz ETTELAAT Şöbəsinin onun intiqalı ilə bağlı israr etməsi şübhəlidir və bizdə xüsusi nigaranlıq yaradır.”

Ş.Dadaşzadə həyat yoldaşının qeyri-müəyyən vəziyyətdə saxlanması ilə bağlı bunları əlavə edib:

“Həyat yoldaşımın saxlandığı 65 gün ərzində bizə onun ittihamı və dosyesi ilə bağlı heç bir məlumat verilməyib. Bu müddətdə mənə və onun vəkilinə dosyesi ilə tanış olmaq imkanı verilməyib. Sadəcə bir çox müraciətlərdən sonra həyat yoldaşımın ittihamını şifahi olaraq elan ediblər. O sistemin əleyhinə təbliğ və sözləşmədə günahlandırılır, ama bu hansı əsaslara görədir...?! Bu barədə heç bir bilgi verilmir.

Bu müddətdə vəkil dəfələrlə dosyenin müstəntiqi ilə görüşmək istəyib, lakin onun istəyi rədd edilib. Onu hətta 6-cı şöbəyə belə buraxmırlar.”

Azərbaycanlı fəal Əli Rzayi fevralın 4-də (bəhmənin 15-də) Bəndər Abbasa iş ezamiyyətinə gedərkən Mehrabad hava limanında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. O üzərində axtarış aparıldıqdan sonra naməlum istiqamətə aparılıb. Sonralar onun Evin zindanına aparıldığı bəlli olub. Axtarış nəticəsində azərbaycanlı fəala aid bir sıra şəxsi əşya o cümlədən kitab, kompüter və hətta toy mərasimi filmi məmurlar tərəfindən zəbt olunub.

Xatırladaq ki, Həsən Ruhaninin aldadıcı vədlərinə baxmayaraq son zamanlar Güney Azərbaycanda milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Hazırda onlarla fəal qondarma ittihamlarla İran zindanlarında məhbus həyatı yaşayır.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed